close

Qazi: “Artıq qohumların himayəsində yaşamaqdan utanıram”

Foto: Edqar Şükürovun şəxsi arxivindən

Cəlilabad sakini torpaq sahəsi istəyir

“Beş övladım var, biri lap körpədir. Dörd uşağımı qoyub Qarabağa, müharibəyə getmişdim. Cəbhədə yaralandım, kontuzyam var. İndi ağır işlərdə çalışa bilmirəm. Heç olmasa torpaq sahəsi ayırmırlar ki, özümə ev tikim, artıq qohumların himayəsində yaşamaqdan utanıram”.

Bunu Meydan TV-yə Cəlilabad rayonu, Üçtəpə kənd sakini, Qarabağ müharibəsi veteranı Edqar Xıdır oğlu Şükürov bildirib.

Onun sözlərinə görə, torpaq üçün rüsum da ödəyib:

“2010-cu ildən ayrı təsərrüfatam, imkanım da yoxdur ki, pulla torpaq alıb ev tikəm. Hələ də ata himayəsində yaşayıram”.

Qarabağ qazisi söyləyib ki, Cəlilabad Rayon İcra Hakimiyyətində onu qəbul ediblər. Bildiriblər ki, torpaq ayrılması üçün aidiyyatı orqanlar tərəfindən razılıq verilməlidir. Kənddə bələdiyyənin boş torpaq sahəsi mövcuddur, əmr verilərsə, torpaq ayrıla bilər:

“Beş uşaq və ağır xəsarətlə ata himayəsində nə qədər yaşaya bilərəm? Təqaüd alıram, amma bu, dolanmağıma güclə yetir. Mən heç kimdən pul istəmirəm, sahə ayrılsın, ev tikim, ailəmi başıma yığıb dolanım. Ancaq boş sahəni də mənə çox görürlər”.

Üçtəpə kənd Bələdiyyəsinin sədri Əmrah Quliyev Meydan TV-yə deyib ki, Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən sənəd verilib. Yaxın bir neçə gün ərzində Qarabağ qazisinə torpaq sahəsi ayrılacaq:

“Kənddə bir şəhid ailəsi və iki qazi var, onların hər birinə torpaq sahəsi ayrılacaq. Üstəlik, heç biri rüsum ödəməyəcəklər. Sadəcə olaraq, məsələ bir qədər yubanmışdı”.

Ana səhifəBölgəQazi: “Artıq qohumların himayəsində yaşamaqdan utanıram”