close

Qəbələnin iki kəndində qaz, su, işıq, yol problemi

Fotolar: Meydan TV

“Hər iki kəndin xəstələri ən aşağı tibbi xidmət almaq üçün də rayon mərkəzinə getməlidir”

“Qaz, yol, məktəb, uşaq bağçası, tibb məntəqəsi, ictimai nəqliyyat yoxdur, işıq dirəkləri aşır, əsasən yayda su qıtlığı hökm sürür”.

Qəbələnin Bəyli və Quşlar kəndlərinin sakinləri Meydan TV-yə kənddəki sosial problemlərdən danışıblar.

Onlar bildiriblər ki, hər iki kənddə yaşayış üçün vacib şərtlər olmadığından, insanların güzəranı olduqca ağır keçir. Bəylidə 75, Quşlarda da təqribən o civarda ailə yaşayır. Sakinlərin sözlərinə görə, Sovet vaxtı Qəbələnin kəndlərində, o cümlədən, Bəyli və Quşlarda mavi yanacaq olub. 1990-cı illərin əvvəllərində kəndlərə mavi yanacağın verilişi dayandırılıb. Mavi yanacağın verilməsi son illərdə başqa kəndlərdə bərpa olunsa da, bu iki kənddə hələ də adamlar qaz xətlərinə baxıb, köks ötürürlər.

Bəyli sakini İntiqam Quliyev danışır:

“Sovet vaxtı Ağdaş istiqamətindən gələn qaz borusu ilk bu kənddən keçib, bizdən Quşlara, oradansa başqa kəndlərə gedib. İndi də qaz xətləri yerindədir, bir az qırıq yerlərin təmir-bərpasına ehtiyac var. Ancaq qaz verilmir. Qaz qonşuluqdakı Savalan kəndinədək gəlir, ordan bu tərəfə xətt bağlıdır, verilmir. Məsələn, Quşlardan sonrakı kəndlərdə qaz var, o kəndlərə başqa istiqamətdən gəlir. Bir sözlə, ətraf kəndlərin hamısında qaz var, iki kənd qalıb ortada…”.

Bəyli və Quşlarda qış sərt keçir. Ancaq bir neçə ildir ki, kəndlilər evlərini isitmək üçün meşədən çör-çöp də yığa bilmirlər. Nəticədə baha qiymətə odun almalı olurlar. Odunun qiyməti ilbəil artır ki, bu da büdcəsi olmayan kəndliyə uyğun deyil.

Hər iki kəndin enerji təminatı bərbaddır. Qəzalı vəziyyətdə olan naqilləri saxlayan 30-40 ilin çürümüş taxta dirəklər aşmasın deyə, kəndlilər onların dibinə əlavə dirəklər basdırıblar. Qışda isinmək üçün qızdırıcılardan istifadə olunduğuna görə, naqillərdə qısaqapanmalar olur, köhnə ötürücü şitlər sıradan çıxır, nəticədə bu iki kənd tez-tez işıqsız qalır.

Təhsil məsələsi də hər iki kənddə problemlidir. Bəyli kəndinin uşaqları 2-3 kilometr qol qət edərək Quşlardakı məktəbə gedir. Halbuki, heç bu məktəb də istifadəyə yararlı deyil. Bina köhnədir, dərs ləvazimatları, avadanlıqlar yararsızdır.

Bəylidə tibb məntəqəsi yoxdur, Quşlardasa tibb məntəqəsi adına Sovetdənqalma bir tikili var – dağılmış, qapısı qıfıllı…

Sakin İlhamə Səfərova danışır:

“Əvvəllər Bəyli ilə Quşlar eyni sovetlikdə idi, indi ayırıblar. Tibb məntəqəsi Quşlarda olub, Bəyli kəndinin sakinləri də həmin tibb məntəqəsindən istifadə edib. Uzun illərdir ki, tibb məntəqəsindən geriyə uçuq-sökük bir daxma qalıb. Hər iki kəndin xəstələri ən aşağı tibbi xidmət almaq üçün də rayon mərkəzinə getməlidir. Hər dəfə sistem qoşdurmaq üçün 10 manat o başa, 10 manat bu başa xərcləməlisən. Çoxu xəstələnir, imkansızlıqdan tibbi xidmət ala bilmir, dünyasını dəyişir”.

Bu kəndlərdə yol da bərbaddır. Yağış yağanda palçıq dizə qalxır, uşaqlar məktəbə gedəndə ayaqlarına sellofan bağlayır.

Kəndliləri narahat edən məsələlərdən biri də işsizlikdir. Bəyli və Quşlarla rayon mərkəzi arasında 30 kilometr yol var. Ancaq sakinlərin mərkəzə gedib-gəlmələri üçün ictimai nəqliyyat yoxdur. Taksiylə gedib-gəlmək təxminən 20 manata başa gəlir:

“Kəndlərdə iş yoxdur, məşğuliyyətimiz maldarlıqdır, əkindir, ancaq bu işlərlə məşğul olmağa şərait, su yoxdur. Əkinçilik aşağı səviyyədədir, baha başa gəldiyi üçün kəndlilər əkin işinə girişmir. Qalır bircə heyvandarlıq, o da orta səviyyədədir. İş yalnız rayonun özündə tapmaq mümkündür, ancaq ictimai nəqliyyat olmadığından, adamlar kənddən kənara çıxa bilmir”.

Məsələn, Bəylidə yalnız bir üzümçülük təsərrüfatı var, kəndlilərin bir qismi orada işləyir, o da mövsümi işdir. Üstəlik, bu iş bütün ailələri əhatə etmir.

Hər iki kəndin sakinləri uzun illərdir ki, sadalanan problemlərin həll olunması üçün aidiyyəti qurumlara yazır, ayaq döyür. Hər dəfə də eyni sözləri eşidirlər – növbəti ildən hər şey yaxşı olacaq:

“Deyirlər, gələn ay yol çəkiləcək, o biri ay qaz veriləcək… Artıq bu boş vədlərdən boğaza yığılmışıq”.

Qəbələ Rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, qurumun nümayəndələri tez-tez həmin kəndlərdə olur, problemləri qeydə alır. İcra hakimiyyəti problemlərin aradan qaldırılması üçün digər aidiyyəti qurumlara rəsmi müraciətlər edir. Kəndlərdə ilk növbədə qaz və yol problemlərinin həlli nəzərdə tutulub.

Ana səhifəBölgəQəbələnin iki kəndində qaz, su, işıq, yol problemi