close

Qəzaya düşmüş qadın imkansızlıqdan müalicə oluna bilmədiyini deyir

Ceyhunə Həsənova. Foto: Meydan TV

Ceyhunə Həsənova: “Martda DİN-də qəbulda olanda bilmişəm ki, işimi mənə xəbər vermədən dekabrda bağlayıblar”

Saatlı rayonunun Yeni Novruzlu kənd sakini Ceyhunə Həsənova 8 ay öncə qəzaya düşüb. Üstündən xeyli vaxt keçməsinə baxmayaraq, hələ də sağlamlığında ciddi problemlər var. Deyir ki, qoltuq ağacı olmadan hərəkət edə, ağız nahiyəsindəki xəsarətlərə görə normal şəkildə qidalana bilmir. Onun sözlərinə görə, maddi imkansızlıq ucbatından müalicə oluna da bilmir.

O, istintaqdan da narazıdır. İddia edir ki, Sabirabad Rayon Polis Şöbəsində qəza ilə bağlı aparılmış araşdırmalar obyektiv və hərtərəfli olmayıb.

“İndi də quru yemək yeyə bilmirəm”

39 yaşlı Ceyhunə Həsənova Meydan TV-yə danışır ki, qəza noyabrın 20-də axşan saatlarında mübahisəli ərazidə baş verib. Bu üzdən bir müddət araşdırma aparılıb ki, hadisə yeri Sabirabad rayonunun ərazisinə düşür, yoxsa Saatlının. Araşdırmalardan sonra qəzanın Sabirabad rayonunun Qasımbəyli kəndində baş verdiyi qənaətinə gəliblər.

Ceyhunə Həsənova qəzanın necə baş verdiyini xatırlamır. Yadında olan budur ki, hava qaranlıq idi, çörək almaq üçün mağazaya gedirdi. Deyir ki, gözünü açanda xəstəxanada olduğunu görüb:

9 yaşım olanda hamamda qaz partlayışından bədənimin 35 faizi yanıb. Sonra ailə həyatım ağır oldu. İllərdir ki, təkbaşına iki məktəbli uşağımı böyüdürəm. Sabirabad rayonunun Həşimxanlı kəndində parnikdə işləyib, ailəmi dolandırırdım. Həmin gün axşam 6-7 radələrində işdən gəldim, gördüm ki, çörək yoxdur. Elə ev paltarında, telefonumu da götürmədən getmişdim. Hava qaranlıq idi. Xəstəxanada ayılanda bilmişəm ki, məni “QAZ-31” markalı maşın vurub. Maşında üç nəfər olublar. Məni xəstəxanaya gətirəndə deyiblər ki, guya yolun kənarında tapıblar”.

Foto: Meydan TV

Ceyhunə Həsənovanın sözlərinə görə, qəza vaxtı çənəsi avtomobilin ön hissəsinə dəydiyinə görə təkcə dodaqlarına 18 tikiş qoyulub. Üç ay yalnız şirə çöpü vasitəsilə duru yeməklərlə qidalanıb:

İndinin özündə də quru yemək yeyə bilmirəm. İmkansızlıqdan normal müalicə olunmadığıma görə tikişlərin yerləri birləşməyib. Ona görə ağzım yaman gündədir. Normal insanlar kimi stəkandan su içəndə ağzımdan axıb tökülür. 9 aydır işləmirəm, xirtdəyə qədər borcun içindəyəm. Fevral ayında həyətimdə mal-heyvan, toyuq-cücə nə varsa, hamısını satıb həkimə getdim. Mənə dedilər ki, sənin ayaq sümüyün hələ bitişməyib. Ayağımda qan və su yığıntısı vardı. Əl ağacları olmasa, hərəkət eləyə bilmirəm”.

“Müalicəmə kömək eləsinlər, ayağa qalxım, uşaqlarımı dolandıra bilim”

Saatlı sakini şikayətlənir ki, onun xəbəri olmadan Sabirabad Rayon Polis Şöbəsində bu qəza ilə bağlı işə xitam veriblər. Daha doğrusu, cinayət işinin başlanması rədd edilib. Bu qərardan o, 3 ay sonra – Daxili İşlər Nazirliyində qəbulda olanda xəbər tutub. Çoxsaylı şikayətlərindən sonra apreldə cinayət işi başlanıb və bir müddət sonra Sabirabadın Qasımbəyli kənd sakini Ziyadxan Əliyev cinayət məsuliyyətinə cəlb olunub. Ona qarşı Cinayət Məcəlləsinin 263.1 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma – ehtiyatsızlıqdan zərərçəkmişin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda) maddəsilə ittiham irəli sürülüb.

Ceyhunə Həsənova isə zərərçəkmiş qismində tanınıb:

Ceyhunə Həsənova. Foto: Meydan TV

Hadisənin səhəri gün xəstəxanaya bir nəfər gəldi ki, “səni biz vurmuşuq”. Sonra valideyni, qohumları gəldi, dedilər ki, müalicəyə köməklik göstərəcəklər. Üç gün sonra müstəntiq yanıma gələndə ağzım sarıqlı idi, suallara başımla cavab verirdim. Düşündüm ki, qəzadır, hər adamın başına gələ bilər. Sadəcə, müalicəmə kömək eləsinlər, ayağa qalxım, uşaqlarımı dolandıra bilim. Sonra bir müddət bunlardan xəbər çıxmadı. Tikişlər 10 günə sökülməlidir, mənim ağzımda iki ay qaldı. Evdən çıxmağa pulum yox idi. Bunlara zəng eləyəndə anası məni acıladı. Dedi ki, “biz işimizi həll eləmişik, nə bilirsən, elə”. Heç bilmirdim bu işə polis şöbəsində hansı müstəntiq baxır. Yanvarın 17-dən fevralın 2-nə qədər 20-30 ərizə yazdım, Baş Prokurorluğa, Daxili İşlər Nazirliyinə də məktublar göndərdim. Martın 29-da Daxili İşlər Nazirliyində Namiq müəllimin qəbulunda olanda bilmişəm ki, sən demə, işi dekabrda bağlayıblar. Mənim də xəbərim olmayıb. Azər müəllim vardı, göstəriş verdi ki, bu işə yenidən baxılsın. Ondan sonra cinayət işi başladılar”.

Bir müddət əvvəl istintaq yekunlaşıb və cinayət işinə hazırda Sabirabad Rayon Məhkəməsində baxılır.

“Məndən 2500 manat pul tələb elədi, vermədim deyə…”

27 yaşlı Ziyadxan Əliyev ifadəsində hadisəni törətdiyini etiraf edib, özünü təqsirli bildiyini deyib. Onu da etiraf edib ki, qəzadan sonra zərərçəkmişi xəstəxanaya aparanda həkimlərə onu yoldan tapdığını deyib. Ziyadxan Əliyevin sözlərinə görə, Ceyhunə Həsənova özü ona kömək eləmək məqsədilə belə deməyi təklif edib:

Həm zərərçəkən özü belə dedi, həm də mən qorxdum deyə, yoldan tapdığımı dedim”.

Amma bir gün sonra hadisəni törətməsi barədə özü məlumat verib.

Ziyadxan Əliyev iddia edir ki, Ceyhunə Həsənova ondan 2500 manat pul tələb edib. Ona verməyə bu qədər pulu olmadığına görə sonradan şikayətçi olub.

Foto: Meydan TV

Zərərçəkmiş ittiham aktında yazılanların bir çoxunun yalan olduğunu deyir. O gileylənir ki, hazırda müdafiəsiz qalıb. Məhkəmədə ona dövlət hesabına vəkil verilməsini istəyib. Lakin hakim deyib ki, yalnız təqsirləndirilən şəxs üçün dövlət hesabına vəkil nəzərdə tutulub, zərərçəkmişin belə bir hüququ yoxdur. Əgər vəkil istəyirsə, öz hesabına müqavilə bağlamalıdır.

DİN nə deyir?

Daxili İşlər Nazirliyi sözügedən qəza ilə bağlı Sabirabad Rayon Polis Şöbəsində obyektiv araşdırma aparılmaması haqda zərərçəkmişin dediklərini qəbul etmir. Nazirliyin Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru Nizam Həmidov Ceyhunə Həsənovanın iddiaları ilə bağlı Meydan TV-nin sorğusunu cavablandırıb.

“Ötən il noyabrın 20-də saat 20 radələrində Sabirabad rayonunun Qasımbəyli kənd sakini Ziyadxan Əliyev idarə etdiyi “Qaz 3110” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman ötmə əməliyyatı etmək üçün əks hərəkət zolağına çıxıb və nəticədə piyada Ceyhunə Həsənovanı vurub. Sonuncu aldığı müxtəlif bədən xəsarətlərindən xəstəxanaya yerləşdirilib. Baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı Sabirabad Rayon Polis Şöbəsinin İstintaq Bölməsində müvafiq araşdırmalar aparılıb, tərəflərin izahatları alınıb və müvafiq ekspertizalar təyin edilib. Ekspertizanın rəyinə əsasən, Ceyhunə Həsənova hadisə nəticəsində dərəcəsinə görə sağlamlığının uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurma xəsarətləri alıb. Mayın 20-də sürücü Ziyadxan Əliyev barəsində Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə başlanılan cinayət işinin istintaqı yekunlaşıb və hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib”.

Ana səhifəBölgəQəzaya düşmüş qadın imkansızlıqdan müalicə oluna bilmədiyini deyir