Dağıntıların altında 34 nəfərin qaldığı deyilir
İyulun 9-da Rusiya ordusunun raket zərbələri nəticəsində Donetsk vilayətinin Çasovoy Yar bölgəsində 5 mərtəbəli binanın dağıldığı bildirilir.
Binanın dağıntıları altından 6 ölü və 5 yaralı çıxarılıb, axtarışlar hələ də davam edir.
Bu barədə Donetsk rəhbəri Pavel Kirilenko “Telegram” kanalında məlumat yayıb.
Kirilenko qeyd edib ki, dağıntılar altında 34 nəfər, o cümlədən 9 yaşlı uşaq ola bilər.
Ukrayna Baş Prokurorluğu müharibə başlayandan bəri 347 ukraynalı uşağın öldürüldüyü, 648-dən çoxunun yaralandığını açıqlayıb.
“Rusiyanın dövlətimizə genişmiqyaslı silahlı təcavüzü nəticəsində Ukraynada 995-dən çox uşaq zərər çəkib. 10 iyul səhər saatlarına olan məlumata görə, gündəlik qurbanların rəsmi sayı dəyişməyib: 347. Xəsarət alanların sayı artıb – 648-dən çox”, – deyə məlumatda deyilir.
Prokurorluq bu rəqəmlərin yekun olmadığını bildirib.
Xatırlatma
Rusiya fevralın 24-də Ukraynada hərbi əməliyyatlara başlayıb.
Ondan 2 gün öncə isə Rusiya Prezidenti Vladimir Putin açıqlama verərək Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan edib.
Ukrayna, Qərb liderləri hərbi əməliyyatları pisləyib, Putinin buna görə cavab verəcəyini bildirib.
Bundan sonra Avropa Birliyi ölkələrindən, eləcə də ABŞ-dan Rusiyaya qarşı sanksiyalar gəlməyə başlayıb.
Sanksiya tətbiq edilən 600-dən çox şəxsin içində oliqarxlar, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov da var.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib