close

Rusiya “Rus Evi”nin Azərbaycanda fəaliyyətinin davam etdirilməsini istəyir

Mariya Zaxarova. Foto: Meydan TV

Mariya Zaxarova bildirib ki, rəsmi Moskva məsələnin müsbət həll olunacağını gözləyir

Rusiya “Rus Evi”nin Azərbaycanda fəaliyyətinin davam etdirilməsini istəyir.

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova “Rus Evi”nin Azərbaycandakı nümayəndəliyinin bağlanması məsələsini şərh edərkən bu haqda danışıb.

O, jurnalistlərə bildirib ki, rəsmi Moskva Bakıdakı “Rus Evi”nin binasının qeydiyyatı ilə əlaqədar problemdən dolayı Azərbaycanın bildirişini alıb məsələnin müsbət həll olunacağını gözləyir.

“Bakıdakı “Rus Evi”nə qarşı atılan casusluq ittihamı absurddur. Moskva “Rusiya Evi”nin qeydiyyatını bərpa etmək üçün lazımi addımları atmağa hazırdır”, – Zaxarova deyib.

Azərbaycan isə ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ardınca
“Rus Evi”nin fəaliyyətinin dayandırılmasında israrlıdır.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib ki, “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatı yoxdur və təşkilat Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozub. Bununla bağlı da Rusiya tərəfinə artıq nota verilib.

“Bununla, Azərbaycan tərəfinin ölkəmizdə “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə qərarından irəli gələrək, Rusiya tərəfindən bu istiqamətdə müvafiq tədbirlər həyata keçirilməsi gözlənilir”, – Azərbaycan XİN sözçüsü deyib.

Fevralın 6-da “Rus Evi”nin rəhbəri Yevgeni Primakov “Rossiya-24” telekanalına bildirib ki, Azərbaycan mərkəzin ölkə ərazisində fəaliyyətinə xitam verilməsi barədə Rusiyaya rəsmi bildiriş göndərib.

“Orada deyilir ki, bizim nümayəndəliyimiz, xalq arasında “Rus Evi” kimi tanınan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi yerli qanunvericiliyə əsasən hüquqi şəxs kimi qeydiyyatdan keçməlidir”, – Primakov bildirib.

Primakovun sözlərinə görə, Bakıdakı “Rus Evi” icarəyə götürdüyü binanı ay yarım ərzində boşaltmalıdır.

“Çünki sahibi binanı təcili satmaq niyyətində olduğunu deyib”, – Primakov əlavə edib.

Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi (“Rossotrudniçestvo”) Rusiyanın aparıcı agentliyidir.

Agentliyin saytında deyilir ki, əsas missiyası Rusiyanın dünyada humanitar təsirini gücləndirmək olan təşkilat dünyanın 71 ölkəsində 87 xarici nümayəndəlik ilə təmsil olunub.

Rusiya Federasiyası humanitar əlaqələr üzrə Dövlət Agentliyi 2021-ci ildən “Rus Evi” qeyri-rəsmi adını alıb.

2025-ci il yanvarın 24-də hakimiyyətyönlü “Baku TV” peyk telekanalında Bakıdakı “Rus Evi” ilə bağlı reportaj verilib.

“Rus Evi, yoxsa daha çox rus kəşfiyyatı evi” adlı süjetdə bu qurumun fəaliyyəti ilə bağlı bir sıra iddialar səsləndirilib.

Reportajdan bir neçə gün sonra, yanvarın 27-də Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Görüş zamanı Rusiyanın xarici işlər nazirinin müavini Mixail Qaluzin Rəhman Mustafayevə Azərbaycan mətbuatında son vaxtlar Rusiya əleyhinə olan silsilə yazılar, eləcə də Bakıda “Rus Evi”nə qarşı aparılan dezinformasiya kampaniyası ilə bağlı təəccüb ifadə edib.

Bir gün sonra isə, yanvarın 28-də Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə dəvət olunub. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş zamanı, Rusiya mətbuatında, eləcə də Rusiyanın bəzi rəsmi dairələri tərəfindən dezinformasiya xarakterli və Azərbaycanı hədəf alan yazıların dərc olunması və reportajların yayımlanmasının anlaşılmazlıq yaratdığı, bunun Azərbaycan və Rusiya arasında Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin məzmun və ruhuna zidd olduğu diqqətə çatdırılıb.

Yanvarın 29-da “Rus Evi”nin rəhbəri Yevgeni Primakov “Telegram” kanalında “Baku TV”-ni məhkəmə ilə hədələyib.

Ana səhifəXəbərlərRusiya “Rus Evi”nin Azərbaycanda fəaliyyətinin davam etdirilməsini istəyir