close

Rusiyalı müğənnilərə də sanksiya qoyulub

Rusiyaya qarşı sanksiyalar. Foto: Anton Petrus/shutterstock

Qazmanov və Rastorquyev Aİ-nin səkkizinci sanksiyalar paketinə düşüb

Avropa İttifaqı Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə görə ona qarşı səkkizinci sanksiyalar paketini təsdiqləyib.

Sənədə əsasən, daha 30 fiziki və 7 hüquqi şəxs “qara siyahı”ya salınıb.

Rusiya Federasiyası Mərkəzi İcraiyyə Komitəsinin rəhbəri Ella Pamfilova, politoloq Aleksandr Duqin, Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin rəhbəri Dmitri Şuqayev, FSB sərhəd xidmətinin rəhbəri Vladimir Kulışov, “Techmash” şirkətinin baş direktoru Aleksandr Koçkin , “Kalaşnikov” konserninin prezidenti Alan Luşnikov, eləcə də müğənnilər Oleq Qazmanov, “Lyube” (“Любэ”) qrupunun lideri, musiqiçi Nikolay Rastorquyev və Yuliya Çiçerinaya sanksiya tətbiq edilib.

Budəfəki sanksiyalarda Avropa İttifaqı şirkətlərə rusların kriptopul kisələrinə xidmət göstərməyi, Avropa vətəndaşlarına isə Rusiya dövlət şirkətlərində rəhbər vəzifə tutmağı qadağan edib.

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, 2022-ci il fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Ana səhifəDünyaRusiyalı müğənnilərə də sanksiya qoyulub