close

Rusiyanın 52 şəhərində səfərbərliyə etiraz aksiyaları keçirilib

Foto: “Новой газеты. Европа”.

21 hərbi komissarlıq və inzibati binanın yandırıldığı bildirilir

Rusiyada sentyabrın 21-də elan edilən qismən səfərbərliyə qarşı etiraz dalğası davam edir.

Yerli medianın və müstəqil hüquq müdafiəçilərinin məlumatına görə, Primorsk diyarından Kalininqrad vilayətinə qədər bütün ölkədə hərbi komissarlıq və inzibati binalar yandırılır:

“Ən azı 21 yanğın hadisəsi baş verib. 52 şəhərdə isə səfərbərliyə və müharibəyə qarşı etirazlar keçirilib”.

“Polis 2333 nəfəri saxlayıb. 952 nəfəri Moskvada, 644 nəfəri Sankt-Peterburqda, 101 nəfəri Mahaçqalada saxlanılıb”, – deyə məlumatda qeyd olunub.

Rusiya Prezidenti Vladimir Putin sentyabrın 21-dən etibarən qismən səfərbərlik elan edib.

V.Putin yalnız ehtiyatda olan rusların hərbi xidmətə çağırılacağını vurğulayıb.

Rusiyanın müdafiə naziri Sergey Şoyqu isə bildirib ki, qismən səfərbərlik zamanı 300 min ehtiyatda olan hərbçi orduya çağırılacaq.

Səfərbərlik elan olunandan sonra isə 261 min nəfərin Rusiyanı tərk etdiyi bildirilir.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib.

Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar.

Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaRusiyanın 52 şəhərində səfərbərliyə etiraz aksiyaları keçirilib