“Bu, Azərbaycan hakimiyyətinin Azər Qasımlının ailəsinə təzyiqidir”
Siyasi psixoloq, RLC (REDLİNE.TV) “Youtube” kanalının rəhbəri Samirə Qasımlının ölkədən buraxılmadığı bildirilir.
Bakı Hava Limanında sərhədçilər ona ölkədən çıxışına qadağa qoyulduğunu deyiblər.
Bu barədə Meydan TV-yə Samirə Qasımlı özü məlumat verib.
O deyib ki, Gürcüstana konfransa gedirmiş, amma ölkədən buraxılmayıb.
Samirə Qasımlı qərarı siyasi sifariş sayır:
“Bu, Azər Qasımlının ailəsinə qarşı Azərbaycan hakimiyyətinin münasibəti və təzyiqidir. Mən özüm də ictimai şəxsəm, amma hesab edirəm ki, bu, Azər Qasımlının ölkədən çıxışına qoyulan qadağanın davamıdır və siyasi qərardır”.
Samirə Qasımlı qanunsuz qadağa ilə bağlı məhkəməyə müraciət edəcəyini deyib.
Siyasi Menecment İnstitutunun (SMİ) direktoru Azər Qasımlı da məsələyə münasibət bildirib.
O istər Samirə Qasımlının, istərsə də özünün ölkədən çıxışına qoyulan qadağanı siyasi qərar sayır.
“Samirə Qasımlı Gürcüstana konfransa getməli idi. Hava limanında pasport nəzarətində dedilər ki, ölkədən çıxışına qadağa qoyulub. Hakimiyyət artıq elə edir ki, sonucda Azərbaycan xalqının, bizim hamımızın qollarımızda olan zəncirdən başqa itirəcəyimiz heç nə qalmayacaq”, – deyə Azər Qasımlı bildirib.
Noyabrın 22-də səfərə getmək istəyən SMİ direktoru, siyasət elmləri üzrə fəlsəfə doktoru Azər Qasımlı ölkədən buraxılmayıb.
O, noyabrın 25-də saat 16:00-da Bakı Şəhər Baş Polis İdarəsinə çağırılıb və şahid qismində dindirilib.
Dediyinə görə, qadağa ona aidiyyəti olmayan bir cinayət işi ilə bağlı qoyulub, amma daha çox SMİ-nin fəaliyyəti ilə bağlı suallar verilib.
Hər iki şəxsə qadağanı Daxili İşlər Nazirliyi (DİN) qoyub.
Daxili İşlər Nazirliyindən Meydan TV-yə bildirilib ki, hazırda məsələ araşdırılır.