Noyabr ayının 8-i Azərbaycan Prezidenti İlham Əliyev 2003-cü ildən bəri ilk dəfə Slovakiyaya səfər edib. Səfər zamanı müdafiə sənayesində daha da əməkdaşlıq da daxil olmaqla bir sıra sənədlər imzalanıb.
OC Media yazır ki, noyabr ayının 9-u isə Əliyev Slovakiya Milli Şurasının sədri Riçard Raşi və Baş nazir Robert Fiko ilə danışıqlar aparıb.
Fiko ilə görüşü zamanı xarici işlər, mədəniyyət, müdafiə, qida təhlükəsizliyi və ticarət-sənaye sahələrində Anlaşma Memorandumu və əməkdaşlıq sənədləri imzalanıb.
Həmin gün Əliyev həmçinin həmkarı Peter Pelleqrini ilə görüşüb və tərəflər ictimaiyyətə açıqlamalar veriblər.
Azərbaycan Prezidentinin rəsmi saytına görə, Pelleqrini çıxışında bildirib ki, Avropa İttifaqının Rusiyadan Slovakiyaya qaz idxalını tam qadağan etmək qərarından sonra ölkənin enerji təchizatında ciddi bir problem yaranıb.
“Dövr çox qısadır”, — Pelleqrini bildirib və görünür, Aİ-nin idxalı dayandırmasına qədər qalan müddətə işarə edib.
“O şirkət rəhbərləri də buradadır. Sizin SOCAR prezidentini nümayəndə heyətinə daxil etmənizə çox şadam. Biz çox konkret danışıq apara bilərik”.
Oktyabr ayında demək olar ki, bütün Aİ üzv dövlətlərinin enerji nazirləri Rusiyadan boru kəməri və mayeləşdirilmiş təbii qaz (LNG) idxalını dayandıracaq bir tənzimləmə layihəsini dəstəkləyiblər. Təklifə görə, 2026-cı ilin yanvarından etibarən yeni Rusiya qazı müqavilələri qadağan ediləcək, qısamüddətli müqavilələr həmin ilin iyununa qədər mərhələli şəkildə dayandırılacaq və uzunmüddətli müqavilələr 2028-ci ilin yanvarında tamamilə bitəcək.
Pelleqrini Aİ-nin qərarının Slovakiyanın enerji vəziyyətini daha da pisləşdirdiyini vurğulayıb və ölkənin hazırda “boru kəmərinin sonunda” yerləşdiyini qeyd edib.
Bu arada Slovakiya mediasının yaydığı məlumata əsasən, Pelleqrini izah edib ki, hər iki ölkənin ekspert qrupları Azərbaycanın enerji sektorundakı potensialından istifadə imkanlarını müzakirə etməyə davam edəcək. Öz növbəsində Əliyev bəyan edib ki, Azərbaycan zərurət yaranarsa Slovakiyaya istənilən həcmdə qazı istənilən vaxt tədarük etməyə hazırdır.
Pelleqrini çıxışında həmçinin Slovakiyanın müdafiə sənayesindən və müxtəlif sursatların istehsalının artımından danışaraq bunun Azərbaycanla gələcək əməkdaşlıq sahəsi olduğunu qeyd edib.
“Biz öz texnologiyamız çərçivəsində, Azərbaycanın maliyyələşdirməsi ilə işləmək, istehsalın bir hissəsini birbaşa Azərbaycana transfer etmək və bu məhsulların bazarda satışı üçün ortaq şəkildə təklif vermək istəyirik”, — Pelleqrini vurğulayıb.
Azərbaycan və Slovakiya 2023-cü ildə birgə silah istehsalı barədə ilk razılığa gəliblər.
Pelleqrini həmçinin bildirib ki, bir İT şirkəti Azərbaycanda “ağıllı kənd” layihəsində iştirak edir və bunun digər şirkətlər üçün də mümkün əməkdaşlıq sahəsi ola biləcəyini əlavə edib.
“Elə hazırda inşa olunan ağıllı kənd Slovakiyanın azad olunmuş ərazilərdəki uğurunun rəmzinə çevriləcək”, — Əliyev deyib və Qarabağa işarə edib.
Slovakiya şirkəti tərəfindən pilot ağıllı kənd layihəsinin tikintisinə 2024-cü ilin yazında start verilib.
Azərbaycan hökumətyönlü media orqanı Caliber yazıb ki, Slovakiya şirkəti Baş Qərvənd kəndində 851 evin inşasında iştirak edir, lakin şirkətin adını açıqlamayıb.
Pelleqrini həmçinin Bakı ilə Bratislava arasında birbaşa aviareysin yaradılması imkanlarından danışıb.
Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.