“Mülki əhali arasında itkiləri minimuma endirmək istəyirik”
“Ukraynada xüsusi hərbi əməliyyat zamanı hücumun sürətinin səngiməsi mülki əhali arasında itkiləri minimuma endirmək istəyindən irəli gələn şüurlu qərardır”.
Bunu Rusiyanın müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, xüsusi əməliyyat zamanı Rusiya hakimiyyət orqanları humanitar hüquq normalarına ciddi əməl edirlər:
“Ordumuz yalnız Ukrayna Silahlı Qüvvələrinin (AFU) hərbi infrastrukturuna – komanda məntəqələrinə, aerodromlara, anbarlara, möhkəmləndirilmiş hərbi hissələrə zərbələr endirir”.
“Nəzarət altına alınan ərazilərdə Rusiya hərbçiləri humanitar yardım göstərir, həmçinin infrastruktur və həyatı təmin edən sistemləri bərpa edir”, – deyə Şoyqu əlavə edib.
Ukrayna mediasının məlumatına görə, avqustun 23-də gecə Rusiya hərbçiləri Zaporojye, Xarkov və Dnepropetrovsk vilayətini atəşə tutublar.
Sonuncunun bombalanması nəticəsində iki mülki şəxs yaralanıb.
“Hücumun sürətinə gəlincə, Rusiya Donbasda ağır itkilər bahasına minimal irəliləyiş əldə edir və qoşunları ruhdan düşüb. Eyni zamanda, iki həftə əvvəl Pentaqon ruslar arasında itkilərin təxminən iki dəfə çox olduğunu açıqlamışdı”, – deyə media yazır.
Xatırlatma
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.
Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.
600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.
Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.
Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.
Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.
İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.