O, Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub
Bu gün, mayın 20-də Lənkəran Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “Talış Milli Akademiyasının Xəbərləri” saytının baş redaktoru, etnik tədqiqatçı İqbal Əbilov 18 il müddətinə azadlıqdan məhrum edilib.
Mayın 2-də keçirilən məhkəmə iclasında dövlət ittihamçısı İqbal Əbilovun 19 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
İqbal Əbilova qarşı Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 281.3 (dövlət əleyhinə yönələn açıq çağırışlar – xarici təşkilatların və onların nümayəndələrinin tapşırığı ilə törədildikdə) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrilə ittiham irəli sürülüb.
İqbal Əbilov Ermənistan xüsusi xidmət orqanları ilə əməkdaşlıqda, razılaşdırılmış şəkildə Azərbaycanda milli zəmində nifrət yaratmaq cəhdində ittiham olunub.
O, bu ittihamları təkzib edir, elmi tədqiqatla məşğul olduğunu bildirir.
Müdafiə tərəfi də hesab edir ki, ittihamları təsdiq edən mötəbər sübutlar təqdim olunmayıb.
Belarusda yaşayan İqbal Əbilov 2024-cü il iyulun 22-də Azərbaycana qohumlarının yanına gəldiyi zaman saxlanılıb.
Özü də milliyətcə talış olan Əbilov “Talış Milli Akademiyasının Xəbərləri”nin baş redaktoru olub. Saytda talış folkloru, tarixə dair araşdırmalar və nadir sənədlər nəşr edilirdi.
Əbilov Belarus Dövlət Universitetinin Beynəlxalq əlaqələr ixtisası üzrə bakalavr (2012), magistr (2013) və aspirantura (2016) pillələrini bitirib.
Dünya ölkələrindən olan alimlər onun azad olunması tələbi ilə Azərbaycan rəhbərliyinə müraciət ediblər. Yerli və beynəlxalq huquq-müdafiə təşkilatları Əbilovu siyasi məhbus kimi tanıyıb.