Məhkəmə maddi ziyanla bağlı tələbləri rədd edib
2017-ci ilin may-iyun aylarında Tərtərdə əsgər və zabitlərə qarşı kütləvi işgəncələr nəticəsində həyatını itirən hərbçilərin ailə üzvləri onlara dəymiş maddi və mənəvi zərərə görə təzminat almaq üçün məhkəmədə iddialar qaldırıblar. Bu məhkəmə proseslərindən bir qismi artıq başa çatıb.
Tərtərdə işgəncələr nəticəsində ölənlərdən biri də N saylı hərbi hissənin maddi-texniki təminat tağımının sürücüsü, hərbi qulluqçu Elçin Quliyev olub. Onun anası Validə Əhmədova oğlunun ölümünə görə ona dəymiş maddi və mənəvi ziyanın əvəzinin ödənilməsi tələbilə məhkəmədə iddia qaldırıb.
İddia ərizəsində göstərib ki, oğlu heç bir cinayət törətmədiyi halda, 2017-ci il mayın 3-dən 6-na qədər “dövlətə xəyanət” adı altında işgəncələrə məruz qalıb. İşgəncələr nəticəsində mayın 6-da həyatını itirib. Bu azmış kimi, övladını Müdafiə Nazirliyinin bir neçə işçisi yaşadıqları kəndə gətirib, “vətən xaini” damğası ilə basdırıb:
“Mən övladımın vətən xaini olduğuna heç vaxt inanmamışam. Oğlumun heç bir günahı olmadan vəhşicəsinə öldürülməsinin əzabını çəkmişəm. Onun üstündəki “vətən xaini” ləkəsini təmizləmək üçün mübarizəyə başlamışam. Sübut eləməliydim ki, əksinə, mənim övladım vətənini sevən bir oğul idi. Mən evdar bir qadın idim. Öhdəmdə anadangəlmə xəstə, yatağa məhkum başqa bir qızım vardı. Kənddə yaşayan, daim ev işi, təsərrüfatla məşğul olan bir qadın idim, heç yeri tanımırdım. Belə bir vəziyyətdə övladımın üstündəki ləkəni götürmək üçün mübarizəyə başlamaq bilirsinizmi nə qədər çətin idi? Bu yolda dözülməz məhrumiyyətlər oldu. 21 il baxdığım xəstə qızıma əvvəlki kimi diqqət ayıra bilmədim. Bir müddət sonra o övladım da vəfat etdi. Bundan başqa, qardaşının ölümünü qəbul edə bilməyən, Azərbaycan Dövlət İqtisad Universitetini bitirmiş digər oğlum da ağır psixoloji xəstəliyə tutuldu. Bu günə qədər də həmin xəstəliklə yaşayır. Həmin oğluma da mən baxıram. Bütün müalicəsini, həkim, dərman xərclərini özüm ödəyirəm. Nəyin bahasına olursa-olsun, oğlum müalicəsini davam etdirmək məcburiyyətindədir. Xəstəliyin daha da ağırlaşmaması üçün hər il ən azı, iki dəfə olmaqla müalicə davam etməlidir”.
Validə Əhmədova oğlunun ölümü ilə əlaqədar mənəvi ziyana görə 5 milyon, maddi ziyana görə isə 639 min 922 manat təzminat tələb edib. Bu tələblə də məhkəmədə iddia qaldırıb. Ərizədə göstərib ki, bu hadisə nəticəsində ona dəymiş ziyanı heç bir pul qarşılığında kompensasiya etmək mümkün deyil. Bu hadisədən sonra ev-eşiyini, ailəsini belə itirib:
“Yurd-yuvamdan, evimdən, təsərrüfatımdan ayrı düşdüm. İşsiz, gəlirsiz qaldım. Günüm yollarda, qəbullarda, teleqram göndərməklə, məktub yazmaq, şikayət göndərmək, sübutlar toplamaqla keçdi. Tərtər, Gəncə, Şəki və Bakı şəhərlərində illərlə gedən məhkəmələrdə iştirak etdim. Bütün bunlar üçün nə qədər borca düşdüm. Mənə “vətən xaininin anası” kimi baxırdılar. Elçin işləyəndə aylıq 850 manat maaş alırdı. Öldürülməsəydi, ötən 85 ay ərzində təkcə maaşı 72 min manatdan çox eləyərdi”.
Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Xəlilov maddi ziyanla bağlı hissədə iddianı ümumiyyətlə, təmin etməyib. Mənəvi ziyana gəlincə, Elçin Quliyevin işgəncə nəticəsində öldürülməsinə görə anasına cəmi 10 min manat təzminat təyin edib.
“Məhkəmə qeyd edir ki, mənəvi zərərin kompensasiya edilməsinin məqsədinin zərərçəkmiş şəxsi zənginləşdirmək deyil, məhz onu mənəvi cəhətdən rahatlaşdırmaq olması nəzərə alınmalıdır”, – hakim Ramin Xəlilov övladını itirmiş anaya mənəvi ziyana görə 10 min manat təzminat təyin etməsini belə əsaslandırıb.
Validə Əhmədovanın fikrincə, bu qərar ona qarşı şəxsi qərəzin nəticəsidir. O, hesab edir ki, oğlunun ölümündə rolu olanların cəzalandırılması üçün bu gün də mübarizə apardığına görə belə üsullarla qisas alırlar.
Elçin Quliyevin ölümünə baxmayaraq, onun haqqında cinayət işi başlanıb. O, Cinayət Məcəlləsinin 274 (dövlətə xəyanət), 338 (döyüş növbəsi çəkmə qaydalarını pozma) və 341-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) maddələrilə ittiham olunub.
Validə Əhmədova oğluna qarşı irəli sürülmüş ittihamların əsassız olduğunu sübut etmək üçün illərlə müxtəlif dövlət orqanlarına şikayətlər göndərib, müxtəlif vəzifəli şəxslərin qəbulunda olub, etiraz aksiyaları keçirib. Tərtər hadisələri zamanı işgəncə nəticəsində həyatını itirən, dövlətə xəyanət ittihamı ilə həbs olunan şəxslərin yaxınları da etiraz aksiyalarında ona qoşulmuşdu.
2021-ci ilin dekabrında Tərtər hadisələrilə bağlı cinayət işi üzrə icraat təzələnmiş, Elçin Quliyev və daha bir neçə nəfərə bəraət verilmiş, həmçinin dövlətə xəyanət ittihamıyla həbsdə olan 19 nəfər azadlığa buraxılmışdı.
Bundan başqa, Tərtərdə hərbçilərə işgəncə verməkdə ittiham olunan bir sıra şəxslər həbs olunmuş, 500-ə yaxın şəxs zərərçəkmiş qismində tanınmışdı. Zərərçəkmişlər yenə də istintaqın nəticəsindən narazı qaldı. Onlar hesab edir ki, əsas sifarişçilər bu dəfə də cinayət məsuliyyətindən kənarda saxlandı, kiçik fiqurlar cəzalandırıldı. Elə həbs olunanlar da belə deyir. Onlar məhkəmələrdə də bildirirlər ki, verilən əmri icra ediblər.
“Bu yolla öz aləmlərində məndən qisas alırlar. Mənə vurulan zərəri heç bir məbləğlə kompensasiya ödəmək mümkün deyil. Nə qədər nəfəsim gəlir, övladımın haqqı uğrunda mübarizə aparacağam. Övladımın adı, şərəfi mənim üçün hər şeydən ucadır. Bu, onların cılızlığıdır ki, hər şeyi pulla ölçürlər. Bu hərəkət məni, övladımı yox, onların özünü ucuzlaşdırır. Çünki onlar insana belə qiymət verirlər”, – Validə Əhmədova bildirib.
Tərtərdə işgəncə ilə öldürülən gizirin həyat yoldaşı: “Nə qədər təhdid, şantaj gördüm”
İşgəncə nəticəsində ölənlərdən daha biri – gizir Ruslan Ocaqverdiyevin həyat yoldaşı Rəvanə Ocaqverdiyeva da Nəsimi Rayon Məhkəməsində təzminat tələbi ilə iddia qaldırıb. O, mənəvi ziyana görə 3 milyon, maddi ziyana görə 340 min manat kompensasiya tələb edir.
O da bildirir ki, həyat yoldaşı heç bir cinayət törətmədiyi halda, işgəncə ilə öldürülüb. Üstəlik, “vətən xaini” adıyla damğalanaraq, nalayiq formada basdırılıb. İllərlə həm özü, həm də övladları “vətən xaininin ailə üzvləri” kimi yaşadıqları kənddə qınaqlarla üzləşiblər. Nəticədə kəndi tərk etməyə məcbur olublar. Bütün bu yaşananlar azyaşlı uşaqlarının psixoloji durumuna zərbə vurub.
Rəvanə Ocaqverdiyeva deyir ki, 2017-ci ildə başına bu hadisələr gələndə cəmi 29 yaşı vardı:
“Ev xanımı idim, iki azyaşlı uşaqla, heç yerdə də işləmirəm… Ailənin maddi yükü yoldaşımın üzərində idi. Birdən-birə həyatım darmadağın oldu. Uşaqlar məktəbə gedə bilmirdilər. Atalarına “xain” deyirdilər. Özümü öldürmək həddinə çatmışdım. Uşaqlarımı düşündüm. Elə uşaqlarımı, yoldaşımın bəraət haqqını nəzərə alıb, mübarizə aparmalı olduğumu düşündüm. Bu yolda nə qədər təhdid, şantaj gördüm…”.
Nəsimi Rayon Məhkəməsinin hakimi Günay Abidova maddi ziyan hissəsində iddianı ümumiyyətlə, təmin etməyib. Mənəvi ziyana görə isə Rəvanə Ocaqverdiyevaya 40 min manat təzminat təyin edib.