close

“Tərtər işi”nə bənzər cinayət işi: “Beş ildir ki, qardaşımın cavan canını çürüdürlər…”

Mənbə: Konkret.az

Hərbi xidmətdən 10 il sonra həbs edilən və dövlətə xəyanətdə ittiham olunan Masallı sakininin işi təkrar araşdırılır

Masallı rayonunun Xallıcallı kənd sakini Cəbrayıl Şükürov deyir ki, kiçik qardaşı heç bir əsaslı sübut-dəlil olmadan həbsdədir. Onun sözlərinə görə, 2017-ci ilin mayında başlayan “Tərtər hadisələri”ndən bir müddət sonra – 2018-ci ilin yanvarında qardaşı Sədayılı da həbs ediblər.

“Tərtər işi”ndə adı hallananlar bu işdə də keçir.

1988-ci il təvəllüdlü Sədayıl Şükürov konkret “Tərtər işi” üzrə təqsirləndirilməsə də, həmin işdəki ittihamlara bənzər əməllərdə günahlandırılıb. İddia olunub ki, 10 il əvvəl – 2007-2008-ci illərdə hərbi xidmətdə olarkən özü də erməni tərəfinə casusluq edib, manqa komandiri kimi, tabeliyində olan bir əsgəri qarşı tərəfin postuna aparıb və s.


Bu işlə bağlı ittiham və başqa sənədlərdə imzası olan səlahiyyət sahibləri də “Tərtər işi”ndə adları hallanan şəxslərdir – Hərbi prokurorun müavini Şəfahət İmranov, müstəntiq Mehman Qasımlı və s.
2018-ci ilin avqsutunda Gəncə Hərbi Məhkəməsinin hökmüylə Sədayıl Şükürova 11 il həbs cəzası kəsilib. O, dövlətə xəyanət, tabeliyindəki hərbi qulluqçunu döymə, döyüş növbəsi qaydalarını pozma kimi əməllərdə təqsirli bilinib.

Sədayil Şükürov. Ailə albomundan


Gəncə Apelyasiya Məhkəməsi bu hökmü qüvvədə saxlayıb. Lakin Ali Məhkəmə apelyasiya instansiyasının gəldiyi nəticəni əsaslı saymayıb. Ona görə də qərarı ləğv edib, bu işin təkrar araşdırılması üçün Gəncə Apelyasiya Məhkəməsinə qaytarıb. Altı aydır ki, Sədayıl Şükürovun işi yenidən bu məhkəmədə araşdırılır.
Qardaşı deyir ki, Sədayıl Şükürova dövlətə xəyanət kimi ağır ittiham veriblər, amma bunu təsdiqləyən mötəbər sübutlar ortaya qoymayıblar. Onun sözlərinə görə, bir qərəzli ifadədən başqa heç bir sübut yoxdur.

“O adamın öz ifadələri onun yalan danışdığını sübut edir”

“Birincisi, 2007-2008-ci illərdə belə bir ağır hadisə baş vermişdisə, niyə 10 il sonra tədbir görürdülər? 10 il kifayət qədər uzun müddətdir. Qardaşım hərbi xidmətdən qayıdandan sonra onu Milli Təhlükəsizlik Nazirliyinin Masallı şöbəsinə çağırmışdılar, iki gün dindirib buraxmışdılar. İkincisi, qardaşımla ədavəti olan şəxsin ifadəsindən başqa heç nə yoxdur. Başqa şahidlərin dedikləri, əlavə sübutlar da onun ifadəsinin gerçək olmadığını göstərir. O adamın öz ifadələri belə, yalan danışdığını sübut edir. Təsəvvür edin, eyni hadisə ilə bağlı müxtəlif vaxtlarda ifadə verib. Hər ifadədə də bir cür danışıb. Əgər doğrunu deyirsə, nə vaxt soruşsalar, eyni cür danışmalıdır. Həqiqət bir olur axı. Amma bu adamın ifadələri arasında o qədər ziddiyyətlər var…”

“Aralarındakı ədavət avtomatın qundağının sınmasına görə yaranıb”

Cinayət işinin materiallarında iddia olunur ki, Sədayıl Şükürov tabeliyində olan Elşən adlı əsgəri zorla erməni postuna aparıb. Orada onu Azərbaycan bayrağını təhqir etməyə məcbur edib, videosunu çəkiblər. Həmin video ilə də şantaj edib, xidmət etdiyi Azərbaycan postu, hərbi hissə ilə bağlı məlumatları ötürməsini tələb ediblər.
Sədayıl Şükürov bu ittihamın uydurma olduğunu deyir. Onun sözlərinə görə, bu ittiham istintaqçıların fantaziyasının məhsuludur. Sözügedən əsgərin ona qarşı qərəzli olmasından istifadə edib, özlərinə lazım olan ifadəni verməsinə nail olublar.

Həmin əsgərlə Sədayıl Şükürov arasında ədavətin səbəbinə gəlincə, qardaşı danışır ki, avtomatın qundağının sınmasından sonra olub:


“Qardaşım etiraf edir ki, onu vurub, amma erməni söhbəti-filan yalandır. Bu əsgər postda olarkən avtomatı qayaya çırpıb, qundağı sınıb. Qardaşım da onu buna görə vurub. O vaxtdan kin saxlayıb qardaşıma. Buna görə cəza düşürsə, bunu versinlər, yoxsa ermənilərə işləmək uydurması nədir?”

Neytral ərazi minalanmış olub?

Cəbrayıl Şükürovun dediyinə görə, başqa şahidlərin məhkəmədəki ifadələri zərərçəkmişin dediklərini təkzib edir. Məsələn, zərərçəkmiş bildirib ki, Sədayıl onu Azərbaycan və erməni postları arasındakı neytral əraziyə aparıb. Amma məhkəmədə dindirilən şahidlər bildiriblər ki, həmin ərazi minalanmışdı:


“Bir şahid gəlib məhkəmədə dedi ki, o ərazi hələ 1995-2000-ci illərdə minalanmışdı. Digər şahidlər də bunu təsdiqlədilər. Həmin ərazinin minalanmış olması haqda sənəd, xəritəni də müstəntiqə təqdim ediblər. Vəkilimiz vəsatət verdi ki, məhkəmə o sənədi alsın, araşdırsın. İstintaqda şahidlərin ifadələri qəsdən saxtalaşdırılıb. Məsələn, gəlib məhkəmədə o ərazinin minalandığını deyən şahidin istintaqdakı ifadəsində yazılıb ki, guya ora minalanmış ərazi olmayıb. Gəlib məhkəmədə dindiriləndə vəkil ona sual verib. O da deyib ki, belə bir söz deməyib. Çünki oranın minalanması haqda xəbərdarlıq lövhəsi də vardı. Yaxud da başqa bir şahidin istintaqa ifadəsində var ki, guya neytral ərazidən daşlar atıldığını görüb və həmin daşların xeyli uzaqda olan düşmən postindan atılması qeyri-mümkün idi. Amma o şahid məhkəmədə dedi ki, ümumiyyətlə, daşlar atılmasının şahidi olmayıb”.

“Bir insana nə qədər zülm eləmək olar?”

Cəbrayıl Şükürov ümid edir ki, bu dəfə Gəncə Apelyasiya Məhkəməsi qardaşının işinə ədalətli baxacaq. O vurğulayıb ki, qardaşının iki azyaşlı övladı var, kənd yerində, işsizlik şəraitində onların saxlanması çox ağırdır:
“Əgər əsas olmasaydı, Ali Məhkəmə kimi bir qurum qardaşımın işi üzrə aşağı məhkəmənin qərarını ləğv eləyib, təkrar araşdırmaya göndərməzdi. Deməli, Ali Məhkəmə başa düşür ki, bu adamı haqsız cəzalandırıblar. Artıq beş ildir ki, cavan canını çürüdürlər. Uşaqlar atasız qalıb. O vaxt hökm çıxarılanda yazılmışdı ki, cəzasının 4 ilini həbsxana rejimində çəksin. Bu adamı dörd il Qobustan həbsxanasında qapalı saxladılar. Bir insana nə qədər zülm eləmək olar?”


Meydan TV-nin Gəncə Apelyasiya Məhkəməsindən əldə etdiyi məlumata görə, Sədayıl Şükürovun işi üzrə məhkəmə prosesi davam edir. Məhkəmə işdə bəhs olunan ərazinin minalanmış olub-olmamasıyla bağlı məsələni də araşdırır.

Ana səhifəUncategorized @az“Tərtər işi”nə bənzər cinayət işi: “Beş ildir ki, qardaşımın cavan canını çürüdürlər…”