close

Toivo Klaar: “Ermənistandan keçən kommunikasiya xətləri Yerevanın nəzarətində olmalıdır”

Toivo Klaar. Foto: “commonspace.eu”

Diplomat bunu Avropa İttifaqının aydın mövqeyi kimi ifadə edib

Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə xüsusi nümayəndəsi Toivo Klaar Cənubi Qafqazda kommunikasiyaların bloklanmasından danışıb.

O bildirib ki, Ermənistandan keçən istənilən avtomobil yolu, dəmir yolu xətti tamamilə bu ölkənin nəzarətində olmalıdır.

Bu barədə Toivo Klaar noyabrın 20-də “Armenpress”ə  müsahibəsində deyib.

Diplomat may ayında Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə Moskvada keçirilən görüşə də toxunub.

Həmin görüşdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan da iştitrak etdi. Putin görüşdə çox aydın şəkildə bildirdi ki, kommunikasiyaların “dəhliz” adlandırılması ekstraterritoriallıq demək deyil. Bəli, bildiyiniz kimi, biz də Avropada mövcud olan və heç vaxt ekstraterritoriallığı ehtiva etməyən müxtəlif dəhlizləri, sadəcə, “nəqliyyat dəhlizləri” adlandırırıq”, – deyə Klaar bildirib.

Klaar Yerevanın nəqliyyat xətlərinə nəzarətini tam məntiqli sayır:

“Bizim mövqeyimizə görə, Ermənistan ərazisindən keçən istənilən avtomobil və dəmir yolunun Yerevanın nəzarətində olması tamamilə məntiqlidir. Yaxud Azərbaycan ərazisindən keçən və ya Almaniyanın ərazisindən keçən hər hansı avtomobil və ya dəmir yolu bu ölkənin nəzarətində olmalıdır. Bu, tamamilə yeganə məntiqi tənzimləmədir”.

Belə olan halda Azərbaycan öz vətəndaşlarının və Ermənistan ərazisindən keçən yüklərinin təhlükəsizliyinə təminat əldə etmək istəyir. Bu da tamamilə məntiqli və normaldır. Amma bunun necə ediləcəyi Ermənistan hakimiyyətinin məsuliyyətidir”, – deyə Klaar əlavə edib.

Diplomat Qarabağ ermənilərinin geri qayıtması ilə bağlı suala cavabında bildirib ki, onların bu hüququnun təmin olunması vacibdir:

“Biz çox aydın şəkildə bildirmişik ki, bütün köçkünlər, əgər istəyirlərsə, təhlükəsiz şəkildə ilkin yaşayış yerlərinə qayıtmaq imkanına malik olmalıdırlar. Hesab edirik ki, bu, həll edilməli olan çox mühüm məsələdir. Amma təbii ki, insanlar istəməsə, heç kəs geri qayıtmağa məcbur edilə bilməz. Yox, geri qayıtmaq istəyənlər varsa, o zaman bütün səylər göstərilməlidir ki, onlara şərait yaradılsın”.

Sülh müqaviləsi ilə bağlı suala gəlincə, Toivo Klaar düşünür ki, hər şey Ermənistan və Azərbaycanın son nəticədə necə qərar verəcəyindən, müqavilənin mətnini necə tərtib etməsindən asılıdır:

Yekun sülh sazişinin imzalanması və ondan sonra gələcək şərtlərin yerinə yetirilməsi də eyni dərəcədə vacibdir. Burada, əlbəttə ki, kommunikasiyaların açılmasından, sərhədlərin demarkasiyasından danışmalıyıq. Sərhəd boyunca qüvvələr arasında məsafəni və həm də sakinlərə real təhlükəsizlik hissini təmin etmək də çox vacibdir. Sonra, əlbəttə ki, səfirliklərin açılması, birbaşa hava əlaqəsinin təmin edilməsi, insanların irəli-geri səyahətinə icazə vermək”.

Ritorikaya gəldikdə, 30 ildən artıq davam edən münaqişədən sonra söhbət təkcə Azərbaycanın deyil, həm də Ermənistanın ritorikasından gedir. Fərqli aktorlar tərəfindən, müxtəlif kontekstlərdə bəyanatlar oldu. Bütün kontekst Ermənistan və Azərbaycan əhalisinə real hisslərin aşılanması baxımından dəyişdirilməlidir ki, biz, həqiqətən də, başqa bir dünyada, Cənubi Qafqazın öz rolunu, həqiqətən, yerinə yetirə bildiyi bir vəziyyətdəyik”, – deyə o əlavə edib.

Avropa İttifaqının (Aİ) vasitəçiliyi ilə bağlı suala cavabında Klaar deyib ki, bu kontekstdə Aİ-nin mütləq kiminsə tərəfində olması lazım deyil:

“Biz, xüsusən də Prezident Mişel öz dostluq xidmətlərimizi təklif etdik. Əsas marağımız Ermənistanla Azərbaycan arasında razılığa gəlməkdir. Müqavilənin harada imzalanacağı da bizim üçün Ermənistanla Azərbaycan arasında münasibətlərin real nizamlanması faktından daha az əhəmiyyət kəsb edir. Prezident Əliyevin Qranadaya gəlməmək qərarına gəlincə, biz məyus olduq, düşündük ki, bu, güclü siqnallar göndərmək üçün əla fürsət və çox vacib forumdur. Prezident Mişel hələ də hazırdır və mümkün qədər tez Brüsseldə liderlərin görüşünü təşkil etmək istəyir. Tarixlər, əlbəttə ki, vacibdir. Amma ən əsası əslində irəli getməkdir və biz diqqətimizi məhz buna yönəldirik, münasibətlərin real nizamlanması istiqamətində irəliləyişi stimullaşdırmağa çalışırıq”.

Onun qənaətincə, normallaşma prosesində ciddi irəliləyişin əldə olunmaması üçün hər hansı real səbəb yoxdur:

“Çünki həllini tapmamış çox az sayda məsələ qalıb və onlar artıq bir neçə dəfə müzakirə olunub. Buna görə də Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində sürətli irəliləyiş əldə olunmaması üçün heç bir səbəb görünmür”.

2020-ci ilin sentyabrında Azərbaycan və Ermənistan silahlı qüvvələri arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda anti-terror əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb. O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Tərəflər arasında sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətToivo Klaar: “Ermənistandan keçən kommunikasiya xətləri Yerevanın nəzarətində olmalıdır”