close

Trampın nümayəndəsinin səfəri ərəfəsində Moskvaya onlarla dron hücumu olub

Dron hücumu zamanı Moskva vilayətində binaya dəyən ziyan, 11 mart 2025-ci il, Andrey Vorobyov / Telegram

Rusiya ölən və yaralananlar barədə məlumat verir

Martın 11-nə keçən gecə pilotsuz uçuş aparatları Rusiyanın paytaxtına və Moskva vilayətinə hücum edib.

Moskva vilayətinin qubernatoru Andrey Vorobyov bildirib ki, kütləvi hücum səhər saat 4-də başlayıb. Moskva meri Sergey Sobyanin səhər saat 6-ya qədər Ukraynaya məxsus 69 PUA-nın vurulduğunu bildirib.

Qubernatorun bildirdiyinə görə, hazırda Leninski vilayətində (Vidnoye şəhəri) və Domodedovoda (Yam kəndi) bir nəfərin öldüyü, üç nəfərin yaralandığı məlum olub.

Vorobyovun sözlərinə görə, pilotsuz PUA-nın qalıqları Ramenskoyedəki yaşayış binasının üstünə düşüb, orada Severnoye şossedəki binanın 19-cu mərtəbəsindən 22-ci mərtəbəsinə qədər ən azı 7 mənzilə ziyan dəyib.

Yerli mətbuat Domodedovo stansiyası yaxınlığındakı dəmir yolu relslərinin zədələndiyini, həmçinin yerli müəssisənin dayanacağında yanğının baş verdiyini bildiriblər. Vilayətdə aeroportların fəaliyyəti dayandırılıb.

Rusiya Müdafiə Nazirliyi bir gecədə ümumilikdə 337 Ukrayna pilotsuz aparatının, o cümlədən 91 PUA-nın Moskva vilayəti ərazisi üzərində, 126 PUA-nın isə Kursk vilayəti ərazisi üzərində məhv edildiyini bildirir.

Bryansk, Belqorod, Kaluqa, Lipetsk, Oryol, Voronej və Nijni Novqorod vilayətləri üzərində də pilotsuz aparatların vurulması barədə məlumatlar var.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova hesab edir ki, dron hücumu ATƏT-in baş katibi də daxil olmaqla yüksək vəzifəli xarici nümayəndə heyətinin Moskvaya səfəri ilə bağlıdır. Eyni zamanda “Bloomberg” də Prezident Donald Trampın Yaxın Şərq üzrə nümayəndəsi Stiv Vitkoffun Vladimir Putinlə görüşmək üçün Moskvaya səfər etmək planları barədə məlumat yaymışdı.

Ana səhifəXəbərlərTrampın nümayəndəsinin səfəri ərəfəsində Moskvaya onlarla dron hücumu olub