Ruben Rubinyan: “Ümid edirəm ki, razılaşmalar çox tez həyata keçiriləcək”
Türkiyə-Ermənistan sərhədində minaların təmizlənməsinə başlanılıb.
Bu barədə Türkiyənin “gazetekars.com” saytı məlumat yayıb.
Bildirilir ki, Türkiyə ilə Ermənistan arasında Qarabağ müharibəsindən sonra başlayan normallaşma prosesinin ardından konkret addımlar atılır.
“Gazetekars.com”un yazdığına görə, iki ölkə nümayəndələrinin görüşünün ardınca ilk növbədə iqtisadi maraqlar ön plana çıxıb.
“Qars vətəndaşları “Doğuqapı” sərhəd qapılarının açılmasını gözləyərkən İsrail şirkətinin Türkiyə-Ermənistan sərhədini minalardan təmizlədiyi barədə xəbər yayılıb” yazan sayt əlavə edib ki, Qarsın Akyaka rayonunun İbiş kəndi çöl ərazisində mina təmizləmə işləri təxminən iyirmi gündür ki, davam edir.
Rəsmi mənbələr bu barədə hələ sussa da, Ermənistanın Türkiyə ilə danışıqlarda xüsusi nümayəndəsi, parlamentin vitse-spikeri Ruben Rubinyanın “AzadlıqRadiosu”nun erməni xidmətinə müsahibəsində müsbət notlar sezilir.
O deyib ki, Ermənistan-Türkiyə dialoqu kimi mürəkkəb proseslərdə ilk razılaşmaların sürətlə həyata keçirilməsi vacibdir.
Rubinyanın fikrincə, əgər razılaşmalar sürətlə həyata keçirilərsə, bu, böyük ölçüdə inam yaratmağa kömək edəcək. Əks təqdirdə, etimad sarsılır:
“Mən ümid edirəm ki, bu razılaşmalar çox tez həyata keçiriləcək”.
Erməni Vəqfləri İttifaqının (ERVAP) və “Surp Pirqiç erməni xəstəxanası” Fondunun prezidenti Bedros Şirinoğlu Ərdoğanla Paşinyan arasında telefon danışığının erməni icmasında məmnunluq və sevinclə qarşılandığını deyib.
Onun yaydığı bəyanatda vurğulanır ki, iki ölkə arasında mövcud münasibətlərin normallaşması prosesi keçmişin yaralarının sağalması və ortaq gələcəyə aparan yolda yeni ab-havanın yaradılması baxımından böyük əhəmiyyət kəsb edir.
“İlk gündən atılan bu addımlar Türkiyədə erməni icmasının bütün təbəqələrinin dəstəyinin və həvəsinin əsasını qoyub. İki lider arasında dəyişən münasibətlərin və onlar arasındakı bu ilk birbaşa əlaqənin iki qonşu ölkə və iki qədim dost xalq üçün yeni üfüqlər aça biləcək”,- deyə Bedros Şirinoğlu bildirib.
Bedros Şirinoğlu. Mənbə: “aa.com.tr”
Bedros Şirinoğlu daha sonra qeyd edib ki, bölgədə lider ölkə olan Türkiyənin atdığı addımlar həm Cənubi Qafqazın taleyini dəyişə bilər, həm də beynəlxalq balansların dəyişməsinə qapı aça bilər:
“Bu çətin məqamda biz hər iki ölkədə sülhə və dostluğa inanan bütün ehtiyatlı qüvvələri cənab Ərdoğan və cənab Paşinyanın göstərdiyi baxışı qəbul etməyə və dəstəkləməyə çağırırıq. Bununla belə, mövcud nailiyyətlərin qorunub saxlanılması gələcəkdə daha ciddi addımlar atmaq istəyini təmin edə bilər. Türkiyənin erməni icması da bu tarixi dönüşdə üzərinə düşən məsuliyyəti dərk edərək töhfə verməyə hazırdır”.
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bir neçə ay əvvəl Azərbaycanın Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasını dəstəklədiyini bildirmişdi.
“Mən optimist yox, realist olmağa çalışıram. İnanıram ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşmasını istəyəcək”, – deyə nazir demişdi.
Eləcə də Rusiyanın xarici işlər naziri Sergey Lavrov da Moskvanın Türkiyə-Ermənistan ikitərəfli münasibətlərinin normallaşması kursunu alqışladığını qeyd etmişdi:
“Öz tərəfimizdən Cənubi Qafqaz ölkələri arasında münasibətləri dərinləşdirəcək bütün istiqamətlərdəki birgə işə hazır olacağıq”.
1993-cü ilin 3 aprelində, Ermənistanın Kəlbəcəri işğal etməsindən sonra Ankara Yerevanla bütün sərhədləri bağladığını, dəmir yolu və hava əlaqələrini, tranzit ticarət xətlərini kəsdiyini elan etdi.