close

Türkiyədə tutulan 70 kiloqram qızılla bağlı detallar: Dubaydan necə gəlib, hava limanından kim keçirib…

Dövlət Təhlükəsizliyi Xidməti. Foto: DTX

DTX Qəhrəman Məmmədovun həbsilə bağlı detalları açıqlayıb

Azərbaycanın ABŞ-dəki hərbi attaşesinin baş köməkçisi, polkovnik-leytenant Qəhrəman Məmmədovun Türkiyədə 70 kiloqram qızıl külçələrlə tutulması ilə bağlı Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) istintaq aparılır.

DTX qızıl külçələrin haradan və necə gətirilməsi, Qəhrəman Məmmədovun diplomatik statusdan istifadə edib, onu hava limanında bəyan etmədən keçirməsi və başqa detalları açıqlayıb.

DTX-nın məlumatına görə, Qəhrəman Məmmədov noyabrın 22-də ABŞ-dən Türkiyəyə gəlib. Elə həmin gün də onunla əlbirlikdə ittiham edilən Anar Qasımov Birləşmiş Ərəb Əmirliklərindən qızıl külçələri İstanbula gətirib. İçərisində külçələr olan çantanı hava limanında gömrük nəzarətindən kənarda yerləşən saxlanc yerinə qoyub. ABŞ-dən eyni hava limanına düşən Qəhrəman Məmmədov öncədən razılaşdıqları yerdən külçələri götürüb, diplomatik pasportundan və bu pasportun verdiyi imtiyazdan istifadə edərək, hava limanında qızıl külçələri gömrüyə bəyan etmədən çıxarıb.

İddia olunur ki, Qəhrəman Məmmədov qızıl külçələri Anar Qasımova təhvil vermək üçün taksi ilə İstanbuldakı hotellərdən birinə gedərkən Türkiyə hüquq-mühafizə orqanlarının əməkdaşları onu saxlayıb. Çantaya baxış keçiriləndə 70 kiloqramlıq külçələr tapılıb. Külçələrin dəyərinin 10 milyon 220 min 900 manat dəyərləndirildiyi bildirilir.

Bundan başqa, hava limanındakı saxlanc yerində içərisində 14 kiloqram qızıl külçələrin olduğu və gömrük sərhədindən keçməmiş daha bir çanta da aşkar edilib.

Qəhrəman Məmmədovla əlbirlikdə ittiham olunan Anar Qasımov da Türkiyədə saxlanılaraq, cinayət məsuliyyətinə cəlb olunub.

Qəhraman Məmmədova qarşı Cinayət Məcəlləsinin 12.1, 206.3.2, 12.1-1, 206.3.3 (Azərbaycan vətəndaşı tərəfindən ölkədən kənarda qabaqcadan əlbir olan bir qrup şəxs halında, qulluq mövqeyindən istifadə edilməklə qaçaqmalçılıq) və 12.1-1, 341.1-ci (Azərbaycan vətəndaşı tərəfindən ölkə hüdudlarından kənarda vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb. Bakı Hərbi Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, Qəhrəman Məmmədov özünü təqsirli bilmir.
Polkovnik-leytenant Qəhrəman Məmmədovun Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin sabiq rəisi, hazırda təqaüddə olan polis general-mayoru Cavanşir Məmmədovun qardaşı oğlu olduğu bildirilir.

Ana səhifəSiyasətTürkiyədə tutulan 70 kiloqram qızılla bağlı detallar: Dubaydan necə gəlib, hava limanından kim keçirib…