close

Yaponiya Rusiyaya kimyəvi silahla bağlı məhsulların ixracını qadağan edir

Rusiya-Yaponiya. Foto: motioncenter/shutterstock

Rusiyanın 20 şirkətinə sansksiya qoyulub

Yaponiya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.

Sanksiyalar kimyəvi silah istehsalı ilə bağlı məhsulları ixracını qadağan edir.

Məlumatı Yaponiya İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi yayıb.

Eyni zamanda, Rusiyanın 20 şirkəti və onların rəhbərləri də “qara siyahı”ya əlavə edilib:

“Onların arasında “Moselelektronproekt” ASC (“Russia Electronics” ASC-nin törəmə müəssisəsi), NPO Etalon, “Informakustika” ASC (Rostec-in bir hissəsi), A.I. Əlixanov adına Milli Elmi-Tədqiqat Mərkəzi “Kurçatov İnstitutu” (İTEF), “Salyut” zavodu da var”.

Sanksiyalar oktyabrın 3-dən qüvvəyə minir.

Nyu-Yorkda keçirilən “G7” toplantısında xarici işlər naziri Yoşimasa Hayaşi hərbi və müdafiə sahəsi ilə bağlı Rusiya şirkətlərinin yeni sanksiyalara məruz qalacağı barədə xəbərdarlıq etmişdi.

Bu qərar Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş ərazilərində, həmçinin “LDNR”də Rusiyanın tərkibinə daxil olmaq üçün keçirilən “referendumlar” fonunda qəbul edilib.

Bundan əvvəl Yaponiya Rusiyadan kömür, avtomobil, araq, bəzi ağac növləri və “sənaye infrastrukturunu gücləndirməyə kömək edən” məhsulların idxalına qadağa qoyub.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaYaponiya Rusiyaya kimyəvi silahla bağlı məhsulların ixracını qadağan edir