close
>

Zelenski: “Rusiya rəsmən terrorçu dövlət kimi tanınmalıdır” (yenilənib)

Volodimir Zelenski. Foto: Dmytro Larin/shutterstock

Rusiya “Zabitlər evi”ni vurduğunu deyir

Rusiyanın Müdafiə Nazirliyi iyulun 14-də Vinnitsa şəhərini raket atəşinə tutması barədə açıqlama yayıb.

Nazirlik “Kalibr” dəniz bazalı raketləri ilə Vinnitsa şəhərindəki “Zabitlər evi”ni vurduğunu bildirib.

Rusiya Müdafiə Nazirliyi, Foto: https://militaryarms.ru/

“Həmin gün xarici silah tədarükçülərinin nümayəndələri ilə Ukrayna Silahlı Qüvvələrinə aviasiya və silahların növbəti partiyasının təhvil verilməsi ilə bağlı görüşü keçirilib. Zərbə nəticəsində toplantı iştirakçıları məhv edilib”, – deyə açıqlamada bildirilir.


“Heç bir dövlət gündəlik dinc şəhərləri dağıtmır, sadə insanları öldürmür”

Ukrayna Prezidenti Volodimir Zelenski demokratik ölkələri Rusiyaya qarşı yeni tədbirlər görməyə və mülki insanları öldürən Moskvanı cəzalandırmağa çağırıb.

O, Rusiya ordusunun iyulunun 14-də Vinnitsa şəhərini raket atəşinə tutmasını əsas gətirərək bu barədə danışıb:

“Bugünkü raket hücumu bir daha sübut etdi ki, Rusiya rəsmi olaraq terrorçu dövlət kimi tanınmalıdır. Dünyanın heç bir ölkəsində Rusiya qədər terror təhlükəsi yoxdur. Həmçinin heç bir dövlət gündəlik olaraq qanadlı raketlər və raket artilleriyası ilə dinc şəhərləri dağıtmır və sadə insanları öldürmür”.

BMT-nin Baş katibi Antonio Quterreş də Vinnitsa şəhərinin 3-ü uşaq olmaqla azı 23 nəfərin ölümünə səbəb olan raket hücumunu pisləyib.

Dünən Rusiya ordusunun Vinnitsaya raket hücumu nəticəsində 3 uşaq olmaqla 23 nəfər ölüb, 71 nəfər xəstəxanaya yerləşdirilib.

Məlumatı vilayətin hərbi administrasiyasınən rəhbəri Sergey Borzov yayıb.

29 nəfərin hələ axtarışda olduğu bildirilir.

Xatırlatma

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın şərqindəki separatçı qurumları tanıdığını bəyan etdikdən 2 gün sonra, fevralın 24-də Ukraynaya qarşı müharibəyə başlayıb.

Dünyanın əksər ölkəsi Rusiyanın hücumunu pisləyib. Bundan sonra Avropa Birliyi ölkələri, eləcə də ABŞ Rusiyaya qarşı sanksiyalar tətbiq edib.

600-dən çox rusiyalı oliqarx, yüksək rütbəli hərbçilər, şirkət sahibləri, biznesmenlərlə yanaşı, Rusiya Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrov sanksiyalara məruz qalıblar. Rusiyada təşkil olunacaq yarışlar təxirə salınıb, bu ölkənin adı mühüm tədbirlərdən və təşkilatlardan çıxarılıb.

Aprelin 7-də isə BMT Baş Assambleyası Rusiyanın təşkilatın İnsan Hüquqları Şurasından çıxarılması ilə bağlı qətnamə qəbul edib.

Rusiya isə Avropa Şurası üzvlüyündən çıxıb.

Rusiya ordusunun Buça və digər Ukrayna şəhərlərində kütləvi qətliamlar və müharibə cinayətləri törətdiyi iddia olunur.

İyunun 25-də Avropa İttifaqının 12 ölkəsi Rusiya qazının tədarükündən tamamilə və ya qismən imtina edib.

Ana səhifəDünyaZelenski: “Rusiya rəsmən terrorçu dövlət kimi tanınmalıdır” (yenilənib)