Məşhur Rusiyalı siyasətçi Navalnı “Rosneft” şirkətinin rəhbər heyətinin yemək zamanı istifadə etməsi üçün alınmış bəzi predmetlərin qiymətini elan edib. Eynilə Azərbaycanda olduğu kimi Rusiyada da belə mallar olduqca yüksək qiymətə alınır.
Rusiyada 19 milyon insanın ayda 9691 rubldan (170 dollar) az gəlirlə yoxsulluq səviyyəsindən aşağı yaşadığını xatırladan Navalnı “Rosneft”in aldıqlarının qiymətini sadalayır. Onların içində salfet qabı – bir ədədi 32 min rubl (560 dollar), qənddoğrayan – biri 29 min (510 dollar), boz rəngli böyük şal – 124 min rubl (2175 dollar), kürü qabları – hər biri 83 min rubl (1455 dollar), çay qaşıqları – biri 14 min rubla (245 dollar) alınıb.
“Rosneft”in mətbuat xidmətinin rəhbəri Mixail Leontyev məlumata münasibət bildirərkən, qiymətlərin münasib olduğunu deyib.
Navalnı isə “Rosneft”in dövlətə külli miqdarda borcu olduğu halda belə bahalı xərcləmələr etdiyini vurğulayır. “Bizdə əla dövlət neft şirkəti var – “Rosneft”. Onun sədri İqor Seçin arvadına 8.6 milyard rubla (152 milyon 220 min dollar) yaxta alır və 3.8 milyard rubla (67 milyon 260 min dollar) ev tikdirir. Çox da ki, “Rosneft”in 5 trilyon (88 milyard 500 milyon dollar) rubldan artıq borcu var”, deyə Navalnı sarkazmla qeyd edir (məbləğlərin dollarla ifadəsi redaksiyaya məxsusdu).
Fizzə
Oxunub: 1240