Yalçın İmanov: “Mövsüm Səmədova münasibətdə ardıcıl qanunsuzluqlar davam edir”
Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova qarşı qanunsuzluqlarla bağlı onun vəkili Yalçın İmanov dünən açıqlama yaymışdı. O, müdafiə etdiyi şəxsə qarşı sistemli şəkildə qanunsuzluqların baş verdiyini ictimailəşdirmişdi. Vəkil Y.İmanov bu gün bəyanatb yayaraq yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını, hüquq müdafiəçilərini Mövsüm Səmədovun işinə həssas yanaşmağa və onun hüquqlarının pozuntusunun aradan qaldırılmasında səy göstərməyə çağırıb. Bəyanatı təqdim edirik:
2011-ci ildə saxta ittihamlarla tutulub, sonradan məhkəmənin hökmüylə 12 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilən Azərbaycan İslam Partiyasının lideri Mövsüm Səmədova münasibətdə sistemli qanunsuzluqlar davam edir. 26 noyabr 2016-cı ildə Qobustan həbsxanasından 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülündən bugünədək Səmədov 4 dəfə cərimə təcridxanasına salınıb, ona 2 dəfə töhmət, 1 dəfə xəbərdarlıq elan edilib, 1 dəfə isə 2 ay müddətinə kamera tipli otağa salınıb. Həmin inzibati tənbeh tədbirlərinin nə qədər absurd və əsassız olduğunu sübut etmək üçün çox da dəlil axtarmağa ehtiyac yoxdur. Bununla bağlı qəbul edilmiş qərarlardan çıxarışlara baxmaq yetərlidir:
1. 26.11.2016. 15 gün cərimə təxridxanası (karser). “…müəssisəyə qəbul olunması ilə bağlı ona (məhkuma) hüquq və vəzifələri izah olunarkən baş geyimini çıxarmaqdan, özünü məhkum kimi təqdim etməkdən imtina etməyə cəhd edərək özünü intizamsız aparmış, irad tutulduqda, hədə-qorxu gələrək əməkdaşlara qarşı kobudluq etdiyi üçün 15 gün cərimə təcridxanasına keçirilmişdir”.
2. 20.12.2016-cı il. 7 gün cərimə təcridxanası (karser). Qərarda yazılır: “Saxlandığı karantin briqadasında aparılan səliqə-səhman və təmizlik işlərində iştirak etməkdən qəti olaraq imtina etdiyi üçün 07 gün cərimə təcridxanasına keçirilmişdir”.
3. 24.12.2016-cı il. Töhmət. Qərardan: “Səhər yoxlaması zamanı ona verilən yataq dəstini yerə atdığı aşkar olunmuş, izahedici söhbətlər aparılmasına baxmayaraq, əməkdaşlara qarşı kobudluq etdiyi üçün töhmət elan edilmişdir”.
4. 28.12.2016-cı il. Töhmət. “Saat 12:00 radələrində kamerada yataq dəstini yerə atdığı aşkar olunduğu və saat 13:30 radələrində digər kamerada saxlanılan məhkumlarla danışıq əlaqəsi yaratmağa cəhd göstərdiyi üçün töhmət elan edilmişdir”.
5. 29.12.2016-cı il. Xəbərdarlıq. Qərardan: “Saat 10:00 radələrində müəssisənin abadlıq işlərində iştirak etməkdən imtina etmiş, səs-küy salaraq digər məhkumların nəzər diqqətini özünə cəlb etdiyi üçün xəbərdarlıq elan edilmişdir”.
6. 06.03.2017-ci il. 5 gün cərimə təcridxanası (karser). “Yataqxanada natəmizlik, antisanitariya qaydalarına riayət etməməyi ilə bağlı müəssisə rəhbərliyinin qəbulunda olan zaman onunla aparılan izahedici və profilaktik söhbətlərdən heç bir nəticə çıxarmamış, əksinə, məhkumların yataqxanada kütləvi şəkildə dini ayinlərlə məşğul olmalarına əməkdaşlar tərəfindən maneə yaradılmaması kimi qeyri-qanuni tələblər irəli sürdüyü və kobudluq etdiyi üçün 05 gün cərimə təcridxanasına keçirilmişdir”.
7. 18.03.2017-ci il. 3 gün cərimə təcridxanası (karser). “Yataqxanaya baxış zamanı saat 04:30 radələrində yatmamış, digər məhkumların normal istirahətinə mane olaraq qeydiyyatda olduğu yataqxanada dini ayinlə (namaz qılmaqla) məşğul olması əməkdaşlar tərəfindən müəyyən edildiyi üçün 03 gün cərimə təcridxanasına keçirilmişdir”.
8. 20.03.2017-ci il. 2 ay kamera tipli otaq. “Cərimə təcridxanasına səhər təhvil-təslim zamanı üzərinə axtarış-baxış keçirilməsinə maneçilik törətməyə cəhd etmiş, bununla bağlı əməkdaşlar tərəfindən ona haqlı və qanuni irad bildirildikdə, o, səs-küy salıb digər məhkumların diqqət və nəzərini özünə cəb etməyə çalışıraq əməkdaşlara hədə-qorxu gəlib intizamsızlıq edərək kobudluq etdiyi üçün 02 ay kamera tipli otağa salınmışdır”.
9. 22.05.2017-ci il. 30 gün müddətinə təhlükəsiz yerə köçürülmə. (Cəzaların İcrası Məcəlləsinin 12-ci maddəsi). Məhkumun həyatına, sağlamlığına, yaxud şəxsiyyətinə qarşı digər məhkumlar və ya başqa şəxslər tərəfindən təhlükə yarandıqda, məhkumun təhlükəsizliyini təmin etmək üçün o, cəzaçəkmə müəssisəsinin ərazisində yerləşən xüsusi ayrılmış, təcrid olunmuş və mühafizə edilən otağa keçirilir. Bununla bağlı qərar bizə təqdim edilməsə də, müəssisə rəhbərliyi Mövsüm Səmədov barədə bu qərarın qəbuluna 2 əsasın səbəb olduğunu iddia edir:
a) Müəssisədə onun həyatına təhlükə var;
b) Qərəzli olaraq müəssisədaxili intizam qaydalarını pozur.
Əvvəla, M.Səmədovun həyatına ehtimal edilən təhlükənin nədən ibarət olması, bu təhlükənin hansı məhkumlar və ya şəxslərdən gəlməsi və bunu təsdiqləyən hansı mötəbər məlumatların olması məlum deyil. Müəssisə rəhbərliyi əməliyyat aparatından daxil olmuş hansısa məlumatın olduğuna istinad edir. İkincisi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 2011-ci il 29 dekabr tarixli 7-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları”nın 16.1-ci bəndinə görə, təhlükəsiz yerə köçürülmə məhkumun cəzaçəkmə müəssisəsinin müdiriyyətinə yazılı və ya şifahi müraciəti əsasında həyata keçirilir. Məsələ bundadır ki, M.Səmədovun bununla bağlı nə yazılı, nə də şifahi müraciəti var. Qaydalara görə, məhkumun təhlükəsiz yerdə saxlanılma müddəti 30 gündən artıq ola bilməz (Qaydaların 16.5-ci bəndi). Əgər bu müddət ərzində təhlükə aradan qalxmayıbsa, cəzaçəkmə müəssisəsinin müdiriyyəti məhkumun təhlükəsizliyini təmin etmək məqsədi ilə digər real tədbirlər görməyə borcludur. Belə tədbirlərdən biri də məhkumun eyni rejimli bir cəzaçəkmə müəssisəsindən digərinə keçirilməsi ola bilər. Bu məsələdə üçüncü qanunsuzluq ondan ibarətdir ki, onun barəsində təhlükəsiz yerə köçürülmə qərarı verilməklə paralel həbsxanaya köçürülməsi ilə bağlı da Qaradağ rayon Məhkəməsinə təqdimatla müraciət edilib. Yəni Qaydalarda nəzərdə tutulan 30 günlük müddət gözlənilməyib. Dördüncüsü isə, hətta müəssisədaxili nizam-intizam qaydalarını pozma halı varsa belə, bu, şəxsi təhlükəsizliklə bağlı qərarın qəbuluna əsas ola bilməzdi.
Göründüyü kimi, M.Səmədova münasibətdə ardıcıl qanunsuzluqlar davam edir. Təkcə bunu xatırlamaq yetərlidir ki, Səmədov 12 saylı müəssisədə olduğu 6 ay müddətin (mayın 26-da 6 ay tamam olur) 3 aydan çoxunu karser və kamera tipli otaqda keçirib, heç bir əsas olmadan müxtəlif aşkar bəhanələrlə, Cəzaların İcrası Məcəlləsi, Cəzaçəkmə müəssisələrinin Daxili İntizam Qaydaları və Avropa Penitensiar Qaydalarına tamamilə zidd olaraq haqqında inzibati tənbeh tədbirləri görülüb və o, hazırda da digər məhkumlardan təcrid olunmuş vəziyyətdə saxlanılır.
M.Səmədov bir sıra ağrılardan, o sıradan varikoz (damar genişlənməsi) xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyin müalicəsi üçün tövsiyələrdən biri də daima açıq havada gəzinmək, aktiv fəaliyyətdir. Belə görünür ki, ən müxtəlif bəhanələrlə Səmədovu cəzaçəkmə müəssisələrinə buraxmamaqla yanaşı, onun səhhətinin mümkün qədər pisləşdirilməsi və qapalı rejimdə saxlanılması niyyəti güdülür.
M.Səmədov buvaxtadək ona münasibətdə baş vermiş qanunsuzluqların çox cüzi hissəsini ictimailəşdirib. Bu isə onun həm təmkinli xarakterindən, həm də bütün problemlərə mətin və səbrlə yanaşmasından irəli gəlir. Amma bu o demək deyil ki, onun hüqüqlarının total pozuntusuna sakitliklə yanaşılmalıdır.
Bütün yerli və beynəlxalq hüquq müdafiə təşkilatlarını, hüquq müdafiəçilərini Mövsüm Səmədovun işinə həssaslıqla yanaşmağa və onun hüquqlarının pozuntusunun aradan qaldırılmasında səy göstərməyə çağırıram.
Yalçın İmanov
24 may 2017
Oxunub: 142