İran prezidenti Həsən Ruhani tamamilə kişilərdən ibarət olan kabinetinə görə tənqidlərdən sonra 12 vitse-prezident postlarından üçünə qadınları təyin edib. Onlardan biri vətəndaş hüquqları məsələləri üzrə vitse-prezident vəzifəsidir.
İranın 12 vitse-prezidenti prezident aparatının idarə etdiyi təşkilatlara rəhbərlik edirlər. 1979-cu il İran İslam İnqilabından indiyədək İranda yalnız bir qadın kabinet üzvü olub. Parlamentin hələ təsdiq etmədiyi kabinetdə ölkə əhalisinin 10 faizini təşkil edən sünni bir şəxs də yoxdur.
Məsumə Ebtekar ailə və qadınlar məsələləri üzrə, Laya Coneydi hüquqi məsələlər üzrə və Şəhindoxt Movlaverdi vətəndaş hüquqları üzrə vitse-prezident vəzifələrinə təyin edilib.
Şəhindoxt Movlaverdivə xanım Ebtekar cənab Ruhaninin əvvəlki administrasiyasında da vitse-prezident vəzifələrinə təyin edilmişdilər.
İslahatçılar yeni kabinetdə müxtəlifliyin az olmasının cənab Ruhaninin İranın mühafizəkar dini qurumlarına boyun əyməsinin göstəricisi olduğunu düşünürlər.
Millət vəkillərinin kabinetə təyinatlarına qarşı mübarizə aparmayacaqları ehtimal edilir, çünki adətən mühüm vəzifələrə təyinatlar barədə qərarlar ayətullah Əli Xameneinin təsdiqi ilə verilir.
May ayında cənab Ruhani mühafizəkar düşərgəsindən əsas rəqibi İbrahim Rəisi məğlub edərək bir daha prezident seçilib.
Seçki zamanı o, Qərblə əlaqələri təkmilləşdirəcəyini və vətəndaş hüquqlarının inkişafına səy göstərəcəyini vəd etmişdi.
Fevral ayında o, qadınlarla bağlı bir konfransda siyasət və mədniyyət sahələrində qadınların iştirakının artmasına çağırış edib.
1979-cu ildən indiyədək İranda yalnız bir qadın kabinet vəzifəsinə təyin edilib. Mahmud Əhmədinejadın 2009-2013-ci il kabinetində, Mərziyə Dəstcerdi səhiyyə naziri vəzifəsində işləyib.
BBC Azərbaycanca
Oxunub: 222