
Bu da “ən uzun bayraq dirəyi” avantürasının kədərli sonu. 7 il öncə təntənə ilə qaldırılmış bayraq dirəyi sökülür. Bakı küləyinin gücünü düz hesablamayıblar. Gәrәk dirəyin diametri daha böyük, bünövrəsi daha möhkəm olaymış, hesablaya bilməyiblər.
Arada fikirləşirəm ki, heç o yarıya qədər sökülmüş bayraq dirəyini daha sökməsinlər. Korrupsiya və israfçılığın məhv etdiyi sərvətlərimizə baş daşı kimi eləcə də qalsın. Dünyanın ən uzun bayraq dirəyi avantürası da neft erasının digər layihələri kimi korrupsiya və israfçılıq layihəsi idi. Heç ən uzun bayraq dirəyi də ola bilmədi. Tacikistan dərhal bizdən də 3 metr hündür (165 metr) bayraq dirəyi tikdi. Bir yarışda ki bizi Tacikistan keçəcəkdi, olmaz olsun elə yarış. Siz heç dünyaya hökm edən böyük dövlətlərin belə “uşaq oyuncaqlarına” pul xərclədiyini görmüsünüz? Bu adamlar hələ də başa düşməyiblər ki, bayrağı hörmətli edən onun dirəyinin hündürlüyü deyil. O bayrağı başının üstündə qaldıra bilməkdən ötrü azadlığından, canından keçmiş insanlara divan tutacaqsınız, onları həbslərdə çürüdəcəksiniz, o bayrağı başının üstündə qaldırıb, düşmən üzərinə yeriyib, şəhid olmuş igid hәrbçilәrimizin ailələrinin 24 il “qan pulunu” verməyəcəksiniz, o şəhid ataları, anaları ehtiyac içində dünyasını dəyişəcək, Qarabağ qazisini çörəyə möhtac edəcəksiniz, sonra da böyük pullar bahasına bir əsən bayraq dirəyi tikib, vətənpər olacaqsınız? Olmaz belə şey!
İndi sökülən o bayraq dirəyi bilirsiniz, bizə neçəyə başa gəlmişdi? Təkcə Prezidentin Ehtiyat Fondundan 2009-2010-cu illərdə Bayraq Meydanı Kompleksi üçün 20 milyon manat və ya 25 milyon dollar (indiki kursla 43 milyon manat) ayrılmışdı. O vaxtdan da Bayraq Meydanının aylıq xərci 1 milyon manatdan davam edib. Bu da elədi 120 milyon manat. Bəli, bu 120 milyon manatla 11 min nəfər şəhid ailəsinin 11 min manatlıq “qan pulunu” vermək olardı. Bu 120 milyonla pul üzündən universitetlərdən xaric edilmiş 17 min tələbənin bütün təhsil haqqını ödəmək olardı. Həmin pulla ehtiyacı olanlara minlərlə sosial mənzil, yüzlərlə yeni istehsal kompleksləri, 10 minlərlə insan üçün gerçək iş yerləri açmaq olardı. Amma yox, etməzlər. Çünki məqsəd xalqa xidmət yox, görüntü yaratmaqdır, şöhrətpərəstlikdir. İndi də hazırlaşın, cərimələri, vergiləri bir az da artırarlar. Axı yeni dirək daha böyük diametrli olacaq, deməli, daha çox pul aparacaq.
Bizim bayrağımız dünyanın ən gözəl bayrağıdır. Xalqımız bayrağımızı çox sevir. Bizə bayrağımızın ən hündür dirəkdə yox, işğal olunmuş ərazilərimizdə dalğalanması lazımdır!
Oxunub: 1722





































