Cəmiyyəti canlandırmaq üçün müxalifət payızda hansı addımları atmalıdır?
Bəzi mətbuat orqanları tərəfindən mənə ünvanlanan bu suala verdiyim cavabı sosial şəbəkə istifadəçilərinin də müzakirəsinə təqdim edirəm.
Siyasi fəaliyyət fasiləsiz və ardıcıl prosesdir. Xüsusilə də siyasi azadlıqların tamamilə boğulduğu mühitdə siyasi fəaliyyətin fəsillərə görə planlaşdırılması olduqca yanlış yanaşmadır. Aydın və real məqsədləri olan təşkilatlar ilin 365 gününün konkret və hesabatlı planını hazırlamalıdır. Səssiz-səmirsiz əhali ilə intensiv iş aparmalı, vizual və virtual fəaliyyətlə işini bitmiş saymamalıdır.
Siyasi fəaliyyətin belə bir özəlliyi var ki, qarşıya qoyulmuş məqsədlərə, hədəflərə doğru aydın proqramla hərəkət etmədikdə, mütləq başqalarının addımlarını təqib edirsən. Öz məqsədlərini həyata keçirmək əvəzinə rəqiblərinin addımlarına cavab verməklə onların müstəvisində məşğul olursan. Belə fəaliyyət siyasi partiyaları məqsədindən yayındırır və cəmiyyətin fəal kəsimi də tədricən bu qurumlara ciddi maraq göstərmir. Təəssüf ki hələlik biz bu halları daha çox müşahidə edirik.
Hazırda ölkəmizdə siyasi fəaliyyətin müstəvisinin hakimiyyət tərəfindən daraldılması partiyaların əl-qolunu bağlayıb. İstər qanunvericilik, istərsə də praktik baxımdan tam bir məhdudiyyət hökm sürür. Müxalifəti qismən sosial şəbəkələrdə, sosial mediada, həmçinin çox böyük itkilər hesabına başa gələn dinc mitinqlərdə və siyasi məhbusların məhkəmə proseslərinin keçirildiyi zalların qarşısında görmək mümkündür. Yalnız belə fəaliyyətlə kifayətlənən iddialı siyasi qurumların nəinki böyük uğura nail olması, hətta cəmiyyəti azacıq fəallaşdırması da çox imkansız görünür.
Partiyaların sayı çox olsa da cəmiyyətin fəal kəsiminin əksəriyyətinin gözləntiləri yalnız bir-iki siyasi qurumdandır. Siyasi təfəkkürü olan fəal insanlar müxalifətin sıralarına qoşulmağa tərəddüd etsələr də, kənardan rəğbətlə izləyirlər. Durum elədir ki, bu basqıçı şəraitdə nə siyasi müxalifətdən konkret müsbət addımlar tələb etmək olur, nə də müxalifət indiki strategiya ilə nə zamansa məhsuldar nəticə ortaya qoya biləcəkdir. Odur ki hələ bir müddət də hər kəs öz yerində sabit duracaq.
Əsas müxalifət qüvvələri antidemokratik mühitdə aparılması qəbul edilən mübarizə metodları ilə antidemokratik mühitin özü ilə aparılan mübarizə arasındakı ciddi fərqi nəzərə alaraq çalışsalar daha yaxşı nəticə ala bilərlər. Hökumətin müəyyən etdiyi antidemokratik çərçivə ilə barışmayıb mübarizə aparan müxalif qüvvələrə qarşı ən amansız təqib metodları tətbiq edilsə də, onlar ruhdan düşmür və nə isə etməyə çalışırlar. Hökumətin təklif etdiyi məhdud çərçivəni qəbul edən siyasi qurumlara isə ciddi basqı olmadığından onlar bu fürsətdən maksimum yararlana və cəmiyyətə yeni qüvvə kimi təqdim oluna bilərlər.
Böyük canlanma üçün ən azı üç mühüm istiqamətdə düşünmək olar:
Birincisi, əksəriyyətin qəbul edəcəyi vahid ideyanı müxalifət düşərgəsinə mənimsətməkdir. Yəni, siyasi təşkilatların məhdud maraqlarının hüdudlarını aşan cəlbedici sosial-siyasi ideyanın dominantlığına nail olmaqdır. “Yeni ideya” təbliğatı cəmiyyəti fəal müzakirəyə qoşa bilər.
İkincisi, əsas və real müxalif təşkilatlardan birinin lokomotivliyi ilə bu ideya ətrafında təşkilatlanmaqdır. Ya mövcud olan müxalifət birliyini genişləndirmək, ya da yeni siyasi birlik təşkil etmək mümkündür.
Üçüncüsü isə əhali arasında yeni metodlarla və ən əsası da çox səs-küy salmadan təşkilatlanmaqdır. Sosial şəbəkələrdə və digər açıq müstəvilərdə təşkilatlanmanın təfərrüatlarını qətiyyən reklam etmədən, resursları qapalı saxlayaraq və bu barədə çox az danışaraq hazırlıq aparılması önəmlidir. Qapalı təşkilatlanma adətən daha çox maraq yaradır, nəinki hamıya asan çatan təşkilatlanma.
Mənim subyektiv qənaətimə görə, dinc və kütləvi prosesləri canlandırmaq üçün müxalifətdən asılı olanlar təqribən bunlardır. Əlbətdəki hansısa kənar amilləri, fors-major situasiyanı da heç vaxt istisna etmək olmaz. Dəyişiklik arzulayanlar təəssüf ki uzun illərdir daha çox kənar təsirlərə və fors-major situasiyalara ümid bağlayıb. Özlərindən asılı olanları sistemli edənlər qısa müddət sonra əsas alternativ ola bilər.
Son olaraq, heç də belə fikir yaranmasın ki müxalifətə kənardan nə isə öyrətmək lazımdır. Müxalifət sıralarında təbliğati-təşkilati işləri çox yaxşı bilən, habelə sosoloji-politoloji bilgiləri yetərli olan xeyli cəsarətli kadrlar var və onlara bizim nəyisə təklif etməyimiz artıq olar. Onların çıxışlarından da görünür ki, ölkəmizdə irimiqyaslı dinc və kütləvi siyasi proseslər üçün hazırda olduqca münbit şəraitin yetişdiyinin fərqindədirlər.
Nəsimi Məmmədli
Oxunub: 524