Oqtay Gülalıyev, hüquq müdafiəçisi
Bir neçə il bundan öncə həbsdən yenicə çıxmış yaxın bir tanışım (qeyri-siyasi idi) bildirdi ki, ona və digər dustaqlara işgəncə vermək üçün onları çarmıxa çəkib günlərlə ac- susuz saxlayıb döyürmüşlər. Doğruluğuna inansam da, digər dustaqlardan da bu məlumatı dəqiqləşdirib ictimailəşdirdim. Dərhal Penitensiar Xidmət məlumatı təkzib edərək məni adı çəkilən quruma böhtan atdığıma görə məhkəməyə verəcəklərini bildirdi. Sonradan fikirlərindən vaz keçdilər…
Budur, üstündən bir neçə il keçmiş dürüstülüynə, obyektivliyinə əmin olduğumuz digər siyasi məhbuslar- ilahiyyətçi Taleh Bağırzadə, Abbas Hüseyn, Cabbar Cabbarov və digərləri ailələrinə və vəkillərinə bildiriblər ki, Qobustan Qapalı Həbsxanasında onları çarmıxa çəkərək, əli qandallı şəkildə saatlarla döyüblər. Ac- susuz, qızmar günün altında saxlayıblar. Onlara qarşı insanlığa yaraşmayan hərəkətlərə yol veriblər…
Mən onlara verilən işgəncələr barədə oxuduqca dəhşətə gəldim. Təkcə ona görə yox ki, müdafiəsiz insanlara qarşı qəddarlıq edilmişdi. Təbii ki, yox. Sadəcə əksər hallarda məhbuslara işgəncələr polis bölmələrində verilir və məqsəd etirafedici ifadələrin alınmasına yönəlir. Amma insana haqsız yerə 19- 20 il iş verib ardinca Qobustan Qapalı həbsxanasına göndərib ona manyakcasına əzab vermək, 40- 45 dərəcə istinin altında dirəyə bağlamaq, çarmıxa çəkmək, qolu qandallı vəziyyətə ölümünə döymək təkcə qəddarlıq, vəhşilik deyil. Azərbaycan insanına qarşı açıq düşmənçilikdir, qisasçılıqdır. Nifrətin, kinin, qudurğanlığın kulminasiya nöqtəsidir. Görəsən xalqımızın ləyaqətli oğullarına qarşı bu vandalizmi, düşmənçiliyi həyata keçirənləri hardan tapıb gətirib vəzifə başına qoyublar? Belə insanları vəzifə verib insanlara qənim kəsdirməklə nə demək istəyirlər? Görəsən bu şəxslərin milliyəti nədir?
İnsanı çarmıxa çəkmək orta əsrlərin işgəncə üsullarından olub. Azərbaycan hakimiyyəti öz oppenentlərinə, tənqidçi və müqavimətçi insanlara qarşı artıq orta əsr işgəncə üsullarından istifadə edir. Bəs bunlar deyirdi axı Azərbaycanda anoloqu olmayan inkişaf var? Bəlkə insanlara zülm, əzab verməyin orta əsr variantını yenidən gündəmə gətirməyi bunlar anoloqu olmayan inkişaf hesab edirlər?
Taleh Bağırzadəyə, Abbas Hüseynə və digər dindar siyasi məhbuslara qarşı həyata keçirilən vəhşilik, qisasçı düşmən münasibətinin iştirakçıları məsuliyyətə cəlb olunmalıdır. Onlara nəninki Azərbaycan insanının, heyvanat aləminin, təbiətin- ağacların deyil, heç quru stol- stulun da taleyini etibar etmək olmaz.
Qobustan Qapalı Həbsxanasında dindar siyasi məhbuslara qarşı həyata keçirilən işgəncələrlə bağlı bu gün Beynəlxalq Qırmızı Xaç Komitəsi başda olmaqla insan hüquqlarını müdafiə edən beynəlxalq şəbəkəyə müraciət etdim. Məsələni araşdırıb gərəkən addımlar atacaqlarını bildirdilər. Amma mən fürsətdən istifadə edib bir daha yerli və beynəlxalq təşkilatlara, mətbuat orqanlarına, xaricdə yaşayan soydaşlarımıza müraciət edirəm; Gözümüzün qarşısında insanlara orta əsr işgəncəsi verərək onları fiziki cəhətdən məhv edirlər. İnsanlar və insanlıq ayaqlar altına atılıb. Bu vəhşiliyə, qəddarlığa göz yummayın. Unutmayaq bir şəxsin insanlığına qarşı edilmiş cinayət bütün bəşəriyyətə qarşı edilmiş cinayətdir. Cinayətə göz yummayın!!!
Oxunub: 612