Güləş üzrə Azərbaycan yığma komandalarının üzvlərinə son 14 ay ərzində maaşların verilmədiyi barədə xəbər vermişdik.
Güləşçilərin etiraz aksiyasından sonra Azərbaycan Güləş Federasiyasında yığma üzvləriylə görüş keçirilib. İdmançı və məşqçi heyətinin 2017-ci ildən hesablanan 7 aylıq məvacibi ödənilib. İdmançılara bundan sonra da lazımi şəraitin yaradılacağı barədə söz verilib.
Qeyd edək ki, ümumilikdə güləşçilər 14 ay ərzində məvacib almadıqlarını bildirmişdi. 2017-ci ilin bütün borclarını ödəyən AGF yaxın zamanlarda ötən ildən qalan məvacibləri də idmançılara verəcəyini bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Azərbaycan Güləş Federasiyası məsələ ilə bağlı bəyanat yaymışdı
Bəyanatda federasiyanın yığmaya cəlb edilən idmançılara maaş vermək öhdəliyinin olmadığı vurğulanmaqla yanaşı, onların müxtəlif yarışlardakı nailiyyətlərə görə mükafatlandırıldığı da bildirilmişdi: “İctimai birlik olaraq Azərbaycan Güləş Federasiyasının idmançılara maaş vermək kimi bir öhdəliyi yoxdu. Sponsorlar tərəfindən maliyyə ayrıldığı zaman federasiya rəhbərliyinin təşəbbüsü ilə idmançıların əldə etdiyi nəticələrə uyğun olaraq yığma komandanın üzvlərinə maddi yardımlar verilib. Belə yardımların verilməsi idmançıların ailə, məişət problemlərinin həllində onlara dəstək vermək məqsədi daşıyıb. Eyni zamanda bildiririk ki, yığma komandanın üzvləri Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında əldə etdikləri nəticələrə görə ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyevin imzaladığı sərəncamlara uyğun olaraq həm Milli Olimpiya Komitəsi, həm də Gənclər və İdman Nazirliyi tərəfindən mükafatlandırılır. Eyni zamanda məlumat üçün bildirmək istəyirik ki, Rio-de-Janeyro Yay Olimpiya Oyunları və paytaxtımızda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qazanılan nailiyyətlərə görə mükafatlar da hər bir idmançıya ödənilib”.
Oxunub: 136