Məhəmməd Talıblı
Yenə hesab vaxtı və durum dəyərləndirməsi zamanı gəldi. Mətbuatımızın 143 ili ilə bağlı yenə də azad mediadan, plüralizmdən dən vuranlar tapılır. Zərdabinin heykəlini ziyarət edib bir şəkil çəkdirdilər. Sonra qapalı bir salona toplanıb onun adı ilə barter edilərək alınan sertifikatları alıb vicdanlarını rahatlatmağa çalışdılar. Bu Zərdabi ruhunu bizlərə xatırlatmır. Onun yolunu bizlərə inandırmır. Çünki, Zərdabinin qələminin nurlatdığı tunelləri indi günəş altında qızıl suyuna batırılmış qələmlər də əvəz edə bilmir. Qələmin gücü yalanları doğru kimi əsaslandırmaqdırsa, o zaman hiyləgər bilik köməyə çatır. Yox əgər, həqiqəti ifadə edən cəsarətə istedad yardımçı olursa və bu zaman onun şöləsi ətrafı büsbütün nura boyayır.
Cumhuriyyətçi babalarımızın danılmaz dühalarından olan Əli bəy Hüseynzadənin belə bir şeri yadıma düşdü:
Ucundadır dilimin, həqiqətin böyüyü,
Nə qoydular deyəyim, nə kəsdilər dilimi.
Bilirmisən cühəla, nə etdilər Vətənə?!
Nə qoydular uyuya, nə qoydular oyana.
Ədu qırır qapıyı, biz evdə bixəbəriz,
Nə başqa-başqalarız, nə ittihad edəriz.
Oyatmadı qələmim, bu türk ilə əcəmi,
Nə qoydular yazayım, nə qırdılar qələmi
Qələm doğru sözü demək, azad mətbuat isə doğru fikirlərə meydan vermək üçündür. Çünki, böyüklərimiz qələmi xalqa xidmət vasitəsi sayırdı. İndiki bəzi media əhli qələmi ailəsinə çörək ağacı kimi dərk etməyə başlayıblar. Zərdabı adına mükafat alanlar var. Onlardan Zərdabi əqidəsini ummuruq. Çünki Zərdabi yolunun fədakarlıq nümunəsini təkcə qələmindən yox, həm də xarakterindən tanıyırıq. Özünün mənzilini satıb qəzet nəşri üçün xərcləmək örənəyini də onun həyatından öyrənmişik. Heç ağlının ucundan belə keçməmişdi ki, hansısa rəhbərə köşə yazısı yazıb qəzetinə maddi yardım alsın.
Zərdabi zəmanəsinin eybəcərliklərini qamçılayırdı. Bunun üçün çoxlu sayda yad düşmənlər qazanırdı. Amma özünə yaraşdırmırdı ki, uzun illər həqiqətdən yana olan bir qələm əhli indi həqiqətdən başqa hər şeydən yana olsun. Halbuki, qələmin həqiqətə xidmət vasitəsindən çıxarıb, onu anlamağa çalışacaq qədər səhv qənaətə gələnlər olub. Bunu tarixdən gələn çoxlu sayda cavabları var.
Məşhur yazıçı Mixail Bulqakovun SSRİ hökumətinə 1930-cu ildə yazdığı məktub bu baxımdan ibrətamizdir. O, SSRİ hökumətinə aşağıdakı məktubla müraciət etməyə məcbur olmuşdu: “Əsərlərimə qadağan qoyulduqdan sonra yazıçılıq fəaliyyətimlə tanış olan xeyli sayda vətəndaş mənə eyni bir məsləhəti verməyə başladı: “Kommunistsayağı pyes” yazmalı, eləcə də SSRİ hökumətinə tövbə məktubu ilə müraciət edib bəddi əsələrimdə dilə gətirdiyim əvvəlki baxışlarımdan imtina etməli və bundan sonra kommunizm ideyasına sadiq poputçik-yazıçı kimi işləyəcəyimə təminat verməliyəm. Məqsədi tam aydın idi: təqiblərimdən, kasıblıqdan və bunun nəticəsində qazılmaz ölümdən yaxa qurtarmaqdır. Sonrakı illərdə qəzetlərdən kəsdiyim parçalardan ibarət albomumu gözdən keçirərkən, 10 il müddətində SSRİ mətbuatında əsərlərim haqqında 301 rəy saydım. Onlardan cəmi 3-2 müsbət idi, yerdə qalan 298-i isə nifrət və təhqirlə dolu idi. Həmin 298 rəy mənim yazıçı həyatımın bu dəqiq nə halda olduğunu göstərir. Bunu sonradan anlayan Bulqakov obyektiv oxucu rəyinin nə olduğunu dərk etmiş oldu. Onda isə artıq gec idi. Sonralar isə Bulqokov özü etiraf edərək yazırdı ki, yazıçılıqdan məhrum edilmək mənim üçün diri-diri basdırılmağa bərabər idi.
İstər o zaman, istərsə də indi yolunu dəyişən yaradıcı insanlardan soruşsan ki, bu düzxətli inkişaf yolunu qoyub, əyrixətli dolanbac yollara cığır salmağın nə ilə bağlı idi? Xorla deyəcəklər: “Bir mənimlə nə olacaqdı?! Bir baharla yaz olar?!”. Amma mətbuatımızın babası hətta təkbaşına israrla edilən davamlı cəhdlərin belə mütləq və mütləq bir xeyir verəcəyini açıq yazmışdı. Bu da Həsən bəy Zərdabinin bir əsrdən sonra bizlərə veriləcək cavab məktubu kimi bir yana yazın: “Damcı bir yerə damcıldamaqla, ya oranı düşər, ya da göl əmələ gətirər.” Damcı olmağı bacarmayanların göl olacağına iddiaları isə çox gülünc görünür. Gölün yalanı olmaqdansa, damcının həqiqəti olmaq yaxşı deyilmi?
22.07.2018