Öncədən deyim ki, Rəcəb Təyyub Ərdoğanı sevmək və onun yenidən prezident olmasına sevinmək özlüyündə hər kəsin təməl haqqıdır, amma Azərbaycanın oğru və quldur rejimini hər saxta seçkidən sonra seçki bitməmiş təbrik edən bu adamı sevən azərbaycanlı ya açıq, ya dolayısı ilə, ya şüurca, ya da altşüurca Əliyevlər rejiminə bağlıdır, rəğbətlidir, yaxud da qarşı deyil. Yumşaq desək, ürəkdən ürəyə yollar görünür.
Keçək seçkilərin sonucuna. Türkiyədəki prosesləri, AKP və Ərdoğan təzahürünü bir amili nəzərə almadan düzgün qiymətləndirmək mümkün deyil.
Nədir bu ciddi amil?
Atatürk Türkiyəni siyasi olaraq dünyəvi ölkə, cümhuriyyət edə bilmişdi, amma əhalinin əksəriyyətinin düşüncəsində buna nail olmamışdı. Çox-çox sonralar mərhum Ecevit bir mitinqdə şapka qanunundan danışanda reaksiyaları görüb söyləmişdi: “Biz adamların başının üstünü dəyişmişik, içini yox”.
Dünyəviliyi və cümhuriyyəti qəbul etməyənlər arxaya çəkilmişdi, gizlində idilər. Hətta sakit durmurdular, şəbəkələşir, varlanır, güclənirdilər. Zaman-zaman boy qaldrırdılar, amma nəhayət Ərdoğanla yönətimə sahib oldular.
Onların birdən-birə, asalnlıqla gedəcəyini gözləmək məyusluq yaradar.
Bu, böyük mübarizə tələb edir və göründüyü kimi, uzun çəkir. Burada söhbət təkcə bacarığı da xəfifə alınmayacaq birisi olan Ərdoğanla mübarizədən getmir. Keçmişlə, keçmişə dərin köklərlə bağları və ciddi əhatəsi olan bir düşüncə ilə mübarizdən söhbət gedir. Kiçik qüvvə deyil.
Amma Ərdoğan istəmədən də Türkiyəyə xidmət etdi. Öz timsalında gizlində toplanmış bu qüvvəni leqallaşdırdı, sakrallığını, təmizliyini, müqəddəslik libasını ləkələdi. Bu qüvvə parçalandı, bir-birinə əl qaldırdı. İndi parlamentdə Atatürkçü marginal qüvvənin (MHP) dəstəyi ilə çoxluq ola bilər.
Üstəlik, ortada dolmuş, coşmuş meydanlar var. Ümidlənmiş milyonlar var. O misilsiz mənzərə məğlub ola bilməz. Ərdoğan özünün toparlaya bilmədiyi insan selini qarşısında gördü. İzmir marşı ölkənin yeni istiqlal marşına çevrilir.
Nəhayət, bu yönətim iqtisadi böhranla üzə-üzə. Deməli, qeyri-bərabər şərtlərlə, ədalətli olmayan ortamla udulan bu yönətimlik xalqla, gələcəklə doğrudan da üz-üzədir. Xalq gördü ki, dinə istinad edən siyasət uğur yox, bəladır.
Yazı müəllifin Facebook səhifəsindən götürülüb.