Avqustun 1-dən etibarən Tarif Şurasının qərarı ilə metro və avtobuslarda gediş haqqı 50% artırıldı. Artıq sərnişinlər hər gediş üçün 30 qəpik ödəyir. Şəhərətrafı kənd və qəsəbələrdə yaşayanlar isə məsafədən asılı olaraq 30-90 qəpik arası yol pulu verməli olacaq. Bu qiymət qonşu Gürcüstanla demək olar ki, eynidir, amma bəzi fərqlər var. Gürcüstanın paytaxtı Tiflisdə yaşayan video-blogger Qurban Məmmədlidən xahiş etdik ki, bizə bu fərqləri yazsın.
Tiflisdə marşrut xətti üzrə üç cür avtobus var; ikisi – üç qapılı və iki qapılı olmaqla, biri də mini avtobuslardır. İki və üç qapılı avtobuslarda gediş haqqı 50 tetri (35 qəpik), mini avtobuslarda isə 80 tetridir (55 qəpik). Hər üç növ avtobusda kartla ödəniş edən sərnişinlər nəzərə alınıb. Mini avtobuslarda yalnız qapının yanında bunun üçün kiçik aparat var. Nisbətən daha böyük, iki qapılı avtobuslarda isə hər qapının yanında kart üçün aparat var ki, onlar həm də qəbz verir. Üç qapılı yeni istifadəyə verilmiş avtobuslarda da hər qapıda aparatlar – ön və arxa qapılarda kart üçün sensorlu balaca aparatlar, orta qapıda isə qəbz çıxaran balaca aparatlar var. Bu kartlardan həm metro, həm avtobuslarda istifadə etmək olur.
Bu kartın hansı üstünlükləri var?
Turist və gürcü vətəndaşları 50 tetrilik kartdan istifadə edərkən, 90 dəqiqə ərzində 10 dəqiqə fasilə ilə maksimum 9 dəfə ictimai nəqliyyatdan pulsuz istifadə edə bilər.
Məktəb şagirdləri üçün xüsusi kartlarda gediş haqqı pulsuz, universitet tələbələri üçün 20 tetri (15 qəpik), təqaüdçülər, fiziki məhdudiyyəti olan şəxslər, Abxaziya və Şimali Osetiya qaçqınları üçün gediş haqqı 10 tetri (7 qəpik) nəzərdə tutulub. İmtiyazlı şəxslər də öz kartlarından 90 dəqiqə ərzində 10 dəqiqə fasilə ilə maksimum 9 dəfə pulsuz istifadə edə bilər.
Bununla yanaşı avtobuslarda kartsız ödəmə etmək istəyən sərnişinlər üçün də imkan var.
Azərbaycanda isə heç kimin ictimai nəqliyyatda daha ucuz gediş-gəlişdən yararlanmaq imtiyazı yoxdur. Ancaq dövlət müəssisələrində işləyən məmurlar metro və avtobusdan istifadə edərkən, xüsusi sənədlərini göstərir, pul ödəmirlər. Bu imtiyazlı şəxslərə nə həkim, nə müəllim, nə, tələbə, nə yaşlı, nə fiziki məhdudiyyəti olan vətəndaşlar, nə də əsgər daxil deyil.
(mikroskopmedia.com)