Proses avqustun 7-də Bakı Ağır Cinayətlər Nəhkəməsində keçiriləcək
Turan tv-nin əməkdaşı, “Xəbər var” proqramının aparıcısı Türkel Azərtürkün 2017-ci ilin noyabrında həbs olunmuş bacanağı Emin Saqiyevin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hazırlıq iclası avqustun 7-də hakim Eldar Mikayılovun sədrliyi ilə keçiriləcək. Bu barədə Türkel Azərtürk xəbər verib.
Emin Saqiyevin həbsi Hollandiyada mühacirətdə olan bacanağı Türkel Azərtürkün müxalif mövqeyinə görədir. Belə ki, mühacirətə gedəndən sonra “Turan TV”-də çalışması, həftədə 3 dəfə Turan TV-də yayımlanan “Xəbər var” verilişinin müəllifi və aparıcısı olması hakimiyyətdə qıcıq yaradıb və qisası onun Azərbaycandakı bacanağından alıblar.
Emin Saqiyev 2017- ci ilin noyabrın 14- də Bakıxanov qəsəbəsində avtomobilinə ehtiyat hissəsi almağa gedərkən, orada DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları onu həbs edib. Ona qarşı CM-nin 234.4.3-cü maddəsi (Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham irəli sürülüb və barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib. Həbs müddəti bir neçə dəfə artırılıb, demək olar, istintaq hərəkəti aparılmayıb.
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar Mikayılov “Azadlıq” qəzetinin baş redaktoru, Turan TV-nin rəhbəri Qənimət Zahidin şərlənərək həbs olunmuş qohumlarının işində də prosesə sədrlik edib.
azadliq.info