Yəqin ki, xatırlayırsınız 11 aprel seçki məzhəkəsi ərəfəsində İlham Əliyev ucdantutma əmək haqqı və pensiyaları 10 faiz artırmaq haqqında sərəncamlar imzalayırdı. Halbuki, mövcud qanunvericiliyə görə infilyasiya ikirəqəmli həddə çatanda hökumət avtomatik indeksləşdirmə keçirməli idi. İnfilyasiyanın səviyyəsi 11-13 faiz həcmində etiraf edilsə də indeksləşdirmə keçirilmədi və xalqın halal haqqı ona sədəqə kimi verildi. Ölkədə orta aylıq əmək haqqının həcmi 308 dollar gösərilsə də (Gürcüstandan iki dəfə az) əhalinin 70 faizindən çoxunun əmək haqqı və pensiyası 200 – 250 manatın aşağısındada olduğundan bu 10 faiz artımlardan adamların əlinə 5-6 manat gəldi çatdı. Amma bu qəpik-quruş artım bir tərəfdən bazarın bahalaşması tərəfindən uduldu, digər tərəfdən heç seçkidən 3 ay keçməmiş hökumət yeni qiymət artımına, rüsum və cərimlərin həcminin artırılmasına start verdi. Avqustun 1-dən avtobus və metroda gediş haqqı 50 faiz qaldırıldı. Deməli 3 ay əvvəl pensiyası 5 manat 60 qəpik, əmək haqqı 6 manat 22 qəpik artmış vətəndaş bu artımın üzərinə hər ay 10 – 12 manat da qoyub nəqliyyatdakı qiymət artımını kompensasiya etməlidir. Əgər hər ailədən hər gün 3-4 nəfər şəhərə çıxırsa nəqliyyatda qiymət artımı həmin ailə büdcəsinə hər ay 40-50 manat ziyan vurmuş olur. Digər tərəfdən 10 faiz əmək haqqı və pensiya artıran hökumət rüsumların həcmin 30 dəfə, bəzi cərimə növlərini 50 -100 dəfə, bəzi cərimələr isə hətta 300 dəfə artıb. Dünən unun kisəsi 22 manatdan 24 manata qalxdı. İndi də dövlətin nəzarətində olan televiziyalarda yanacağın, enerjinin qiymətlərini qaldırmağın təbliğatını aparırlar. Bu artan qiymətləri, cərimələri kim ödəməlidir? Saxta inkişaf konsepsiyası əhalini taqətdən salıb. Tarif Şurasının qiymət artımı qərarları iqtisadi məzmun daşımır, sırf inzibatı xarakter daşıyır. Deirlər nəqliyyat Gürcüstanda 35 qəpikdir, axı orta əmək haqqı da Gürcüstanda Azərbaycandan iki dəfə artıqdır. Əgər müqayisə edirsinizsə bəs bunu niyə nəzərə almırsınız, nəzərə almırsınız ki, Estoniyada ümumiyyətlə şəhər nəqliyyatı pulsuzdur. Gediş haqlarının qaldırılmasından büdcənin qazancı aşağı-yuxarı 20 milyon manatdır. Dövlət üçün bu elə də böyük vəsait deyil. Amma xalqın hökumətə etimadının itirilməsinin qiyməti bundan çox bahadır. Aparılan yarıtmaz, soyğunçu siyasət hökumətin başı ilə xalqın cibini eyniləşdirib. Növbəti qiymət artımı ərəfəsində ikisi də böşdur.