AND Hərəkatı Azərbaycan hakimiyyətinin “ölüm statistikası” ilə bağlı bəyanat yaydı:
Son həftələr ərzində Azərbaycan hakimiyyəti repressiyaları şiddətləndirərək olduqca sərt və insanların həyatı bahasına başa gələn tədbirləri həyata keçirib. Bu tədbirləri, əslində «inzibati terror » adlandırmamaq da mümkün deyil. İyul ayından indiyə qədərki bir ay müddətində inzibati terror elementi kimi qiymətləndiriləcək ən azı 3 belə hadisə baş verib.
2015- ci ilin noyabr ayında keçirilən qanlı Nardaran əməliyyatı zamanı onurğasından güllə ilə vurulduğu üçün hərəkət qabiliyyətini itirən və yataq xəstəsinə çevrilən Əbülfəz Bünyadov 2018- ci il, iyulun 11-də məhkəmə zalında həbs edilərək xərəkdə həbsxanaya aparıldı. 15 il həbs cəzası verilən Əbülfəz Bünyadovun yaxın illər ərzində, bəlkə də daha tez həbsxanada öləcəyi şübhəsizdir. Ən azı, ona görə ki, Azərbaycan həbsxanalarında belə ağır durumu olan dustağın saxlanılması üçün yer və şərait yoxdur.
2018- ci ilin avqust ayının 6-da həbsdə olan, şərlənərək həbs edilmiş bloqçu Mehman Hüseynovun anası Firəngiz Hüseynova vəfat etdi. Bir oğlu uydurma ittihamlarla həbs edilən, daha bir oğlu- Emin Hüseynov isə ictimai fəaliyyətinə görə hələ 3 il əvvəl vətəndaşlıqdan məhrum edilərək ölkədən çıxarılan Firəngiz Hüseynova həbsdə olan oğluna davamlı baş çəkmək, onun üçün ərzaq tədarük etmək kimi yaşına və səhhətinə uyğun olmayan işə görə ağır duruma düşdü, yataq xəstəsi oldu və qısa müddət ərzində də vəfat etdi. Bu ölüm, psixoloji basqı da nəzərə alınmaqla, birmənalı şəkildə, «provoke edilmiş ölüm» sayıla bilər, üstəlik, onu da nəzərə almaq lazımdır ki, yaxınlarının dediyinə görə xəstəxanada Firəngiz Hüseynovun vəfat etməsi üçün «gərəkli olan » tədbirlər də görülüb.
2018- ci ilin avqust ayının 9-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının gənc üzvü Elnur Fərəcov vəfat etdi. Elnur Fərəcov 2016- cı ilin sentyabrında yaşadığı Neftçala rayonunda polisə çağırılıb və ordaca qanunsuz, əsassız ittihamla həbs edilib. Onu narkotika ilə balı cinayətdə ittiham edərək həbs etmişdilər, amma həbsin gerçək səbəbi onun siyasi fəaliyyəti, Bakıda müxalifətin keçirdiyi aksiyalarda fəal iştirakı idi. Həbsdə olduğu müddətdə onda xərçəng xəstəliyi aşkar edildi, buna baxmayaraq onu nə azadlığa buraxdılar, nə də həbsxanada effektiv müalicə üçün hansısa tədbirlər görüldü. Bu, ümumiyyətlə mümkün də deyildi, çünki Azərbaycan şəraitində həbsxana belə bir müalicə almaq imkanları yoxdur. İctimai təzyiqlərə görə Elnur Fərəcov may ayında azad edildi, amma artıq gec idi, xərçəng şiddətlənmişdi.
Buna görə də, uydurma ittihamla həbs edilən və avqustun 9-da vəfat edən Elnur Fərəcovun ölümü də siyasi səbəbli qətllərdən biri kimi nəzərdən keçirilməlidir.