Başlıqdakı rəqəmin Paşinyanın 100 yaşının deyil, rəsmən hakimiyyətdə olmasının yüz gününə işarə edildiyini yəqin diqqətli oxucu bildi. Hakimiyyətdə olmasının 100 günü ərzində Paşinyanın nəyə nail olub olmadığını şərh etmək məqsədimiz deyil, hərçənd düşmən də olsa qeyd etməliyik ki, öz xalqı, dövləti üçün inqilabçı baş nazir yüz gündə xeyli strateji əhəmiyyətli işlər görüb, ən əsası cəmiyyətinə ümid verib. Bu başqa məsələdir, bizim isə bir işimiz, bir məsələmiz var – Qarabağ. Bu mənada Paşinyanın bu yüz gündə Qarabağla əlaqədar dedikləri, yönəltdiyi siyasət birbaşa bizim üçün daha çox maraq kəsb edir, nəinki ölkəsinin daxilinə yönəlik siyasəti. Paşinyanın Qarabağ konflikti ilə bağlı ilk bəyanatı bu oldu ki, Azərbaycanla danışıqlar aparacaq, amma Qarabağın iştirakı ilə. Bu hiyləgər bəyanatda inqilabçı Paşinyan topu birbaşa əsas oyunçuya-Rusiyaya atdığını elan etmiş oldu. Paşinyan Rusiyaya mesaj verdi ki, Cənubi Qafqazda onun təzyiq vasitəsi olan Qarabağla əlaqədar heç bir müstəqil addım atmayacaq və Rusiya Qarabağla bağlı indiyədək necə siyasət aparıbsa davam edə bilər.
Paşinyan Qarabağa gəldi, getdi, oğlunu əsgərliyə məhz Xankəndinə göndərdi ki, status-kvonu dəyişməyə nə həvəsi, nə də marağı var. Hakimiyyətdən yıxılmış Qarabağ klanına da açıq sözü bu oldu ki, onu Qarabağa biganəlikdə şantaj edə bilməzsiniz, burda indiyədək söz sahibi ruslar olub, bundan sonra da olacaq.
Bəs, biz nə etdik bu 100 gündə? Faktiki olaraq dəyişən Ermənistanda baş verən prosesləri analiz edib hansı nəticələrə gəldik və adekvat addımlarımız nə oldu? Biz Ermənistan-Rusiya münasibətlərindəki bəzi yeni çalarların (dəyişikliyin yox) eyforiyasındayıq. Kütlə ilə bərabər onu hər gün təbliğatının hədəfində saxlayan bəzi analitiklər Putinin bu işdən qəzəblənəcəyini, Ermənistanı cəzalandırıb Qarabağı Azərbaycana qaytaracaq kimi sadəlövh ümidlərə qapıldılar. Bu gün də bəzi səlahiyyətlilər, millət vəkilləri, politoloqlar hələ də yanlış fikirlərlə cəmiyyəti inandırmağa çalışırlar ki, Rusiya Ermənistanı cəzalandıracaq. Axı, Ermənistan Rusiyaya qarşı nə edir ki?
Paşinyanın xarici siyasət kursu Sarkisyanınkından heç nə ilə fərqlənmir. Paşinyan baş nazir seçiləndən həmən sonra bildirdi ki, ölkə xarici siyasət kursunda kəskin reveranslar etməyəcək. Rusiya Federasiyası ilə münasibətlər prioritetdir, Ermənistan Avrasiya ittifaqında da, KTMT-də qalacaq. Paşinyanın ən çox vurğuladığı fikir isə bu oldu ki, “xalq daxili həyatda dəyişiklik istəyir, tələb edir, amma xarici siyasətdə dəyişikliyi tələb etmir”. Ermənistan İranla da, Avropa İttifaqı ilə də, ABŞ- la da əməkdaşlıq edəcək. Tezliklə İrana səfəri gözlənilən Paşinyan hazırlaşır ki, Çinə, Hindistana da səfərlər etsin.
Paşinyandan kəskin anti Rusiya bəyanatları gözləyən Ermənistanın keçmiş hakimiyyət nümayəndələri də yanıldıqlarını tez anladılar. Paşinyan bildirdi ki, Ermənistan-Rusiya münasibətlərinin inkişafına “heç bir siyasi maneə görmür və bircə o qalır ki, yalnız mövcud potensialı inkişaf etdirsinlər”. Qısa müddətdə onun iki dəfə Putinlə görüşünü və dünən də telefon danışığını tərəflər çox pozitiv adandırıb.
Düzdür, Rusiya mətbuatında ultra-şovinistlər, millətçilər, imperiya ambisiyası ilə yaşayan bəzi ekspertlər Paşinyanı qeyri – müəyyənlikdə, populizmdə, qısasçılıqda, komandasındakı qərbpərəstlərlə ittiham etdilər, Koçaryan və Xaçaturova görə hətta Sergey Lavrov etiraz bildirdi, amma Ermənistanda rəsmilər tərəfindən Rusiya heç vaxt tənqid olunmur, ayrı-ayrı KİV – lərin anti Rusiya mövqeyi isə rəsmi siyasəti əks etdirmir.
Qəribəsi ondadır ki, Azərbaycanda da Paşinyanı eynilə rus politoloqlar kimi tənqid edirlər, onun Qərbə üz tutduğunu, komandasının Sorosun şinelindən çıxdıqlarını yazırlar. Belə çıxır ki, Paşinyanı Qarabağa dair verdiyi bəyanatlara, tutduğu qeyri-konstruktiv mövqeyə görə yox, demokrat olduğuna, birbaşa xalq tərəfindən hakimiyyətə gətirildiyinə, ölkəsində korrupsioner rejimi çökdürdüyünə, monopoliyanı ləğv etdiyinə və sairə bu tip əməllərinə görə söyür, tənqid edirik. Hətta, əgər Paşinyan anti Rusiya mövqeyindədirsə (üzdə belə bir siyasət yoxdur) Azərbaycan onu nəyə görə söyməlidir?
Ermənistan üzünü tam olaraq qərbə yox, Qərb dəyərlərinə tutub. Ermənistanın Avropa İttifaqı ilə saziş imzalaması hələ Sarkisyanın zamanından başlamışdı və Rusiya buna xüsusi qısqanclıq nümayiş etdirmədi və etdirməyəcək də. Avropadan, ABŞ-dan demokratik islahatlar üçün ayrılan vəsaitlər, Ermənistana verilən yardımlar Rusiyanın da işinə yarayır. Zəif iqtisadiyyatı olan Ermənistanın yükünü çəkmək Rusiya üçün asanlaşaır. Rusiyaya lazım olan çoxdan onun əlindədir və bu vəziyyət hər iki tərəfi qane edir. Rusiyanın hərbi kontingenti -102 nömrəli briqada Ermənistanın təhlükəsizliyini qoruyur? Qoruyur. Dağlıq Qarabağ və ətrafını işğal edib Ermənistana verib? Verib. Ermənilərin Qarabağda sərbəst şəkildə qurub-yaratmaq prossesi davam edir? Edir. Ermənistan xarici siyasətində ən azı bu yüz gündə Rusiyanın mövqeyinə əks olan bir addım da atmayıb. Necə deyərlər “alan məmnun, verən məmnun”, bəs biz hansı günümüzə məmnun görkəm almışıq? Bu yüz gündə diplomatik və hərbi sahədə ciddi bir addım atmayıb seyrçi mövqedə qalmağımız bir tərəfə, indi də KTMT təbliğatı başlanıb.
Rusiya ilə münasibətlərdə Ermənistan xüsusi bir dəyişiklik etmədiyi halda, guya yeni situasiyanı nəzərə alıb bizim bəzi səlahiyyətlilər Azərbaycanın KTMT üzvü olmağının zəruriliyindən danışır, daha doğrusu təbliğatını aparır. Və arqumentləri də budur ki, Azərbaycan KTMT üzvü olarsa “Rusiya Qarabağ məsələsi ilə daha yaxından məşğul olacaq”. Rusiyanın Cənubi Qafqaz siyasətini, yaranmış və formalaşmağa doğru gedən yeni geopolitik situasiyanı və bu istiqamətdə qarşıda gözlənilən təsir və təzyiq vasitələrini, daxili və xarici amilləri nəzərə almadan bu tip mövqe sərgiləmək və təbiğ etmək çox zərərlidir. Elementar olaraq Qarabağ probleminin həllinin KTMT üzvülüyündən asılı olmadığı hər kəsə məlm olduğu halda, bizi hansı təslimçiliyə hazırlayırlar? Bu üzvülüklə Azərbaycan malik olduğu yüngül təzyiq vasitələrindən də məhrum edilmirmi? Ümumiyyətlə, indiyədək aparılan siyasətin üstündən xətt çəkmək deyilmi?
Bu gün Paşinyan xalq qarşısında 100 günün hesabatını və gələcək vədlərini verəcək. Dünən də Putinlə telefon danışığı aparıb, hər iki tərəf də bu danışıqdan razı qalıb.
Dövlət və millət olaraq 25 ildir Qarabağla əlaqədar heç kim, heç kəs qarşısında hesabat verməyib, heç ona cəhd də olmayıb. “Seyid cəddinə arxayın olan kimi” oturub erməni-rus qarşıdurmasını gözləyənlər bu gedişlə daha bir 25 il də gözləyəcək. O vaxta kimi Rusiyanın özünün hansı vəziyyətə düşəcəyi sual altındadır və daha çox pis günlərə qalacağı proqnozlaşdırılır.Ona görə də erməninin bir əli Qərbin ətəyindədir.
Amma, tarix sübut edib ki, dövlətin tutacağı ən yaxşı ətək xalqın ətəyidir, xalqın da tutacağı dövlətin. Hər ikisi bir-birindən bərk yapışsa çox müşkülləri həll etmək olar, o cümlədən Qarabağ müşkülünü də…
(moderator.az)