“Bandotdel”də Tale Bağırzadə, Abbas Hüseyn və digər Nardaran məhbuslarına, Rusiya vətəndaşı Saleh Rüstəmliyə, AXCP-nin rəhbərliyinə daxil olan Aqil Əli Məhərrəmə, Babək Həsənliyə, Ruslan Nəsirliyə, Orxan Baxışa verilən işgəncələr və onların gizlin məhkəmə qarşısına çıxarılmasın görəndə, vaxtı ilə 30-40-cı illərdə dustaqlara işgəncə verilməsi üstündə mühakimə edilmiş NKVD müstəntiqlərinin ifadəsi yadıma düşdü. Onlardan biri 1932-1954-cü illərdə Azərbaycan təhlükəsizlik və daxili işlər orqanlarında işləmiş Vasili Çuraşovun şahid ifadəsini xatırladım. Lakin həmin ifadədə göstərilənlər bu gün “Bandotdel”in müasir “texnoloji” üsullarla törətdiyi dəhşətli işgəncələrin fonunda çox “sönük” görsənir. Orada bir məqam var. Çuraşov deyir ki, “dustaqlara çox vaxt “stoyka” üsulu, yəni onları bir neçə sutka boyu dindirmək və həmin müddətdə oturmağa qoymamaq tətbiq edilirdi. Bu üsulla dindirilən dustaqların qan dövranı pozulur, ayaqları şişib kündəyə dönürdü.” İndi “Bandotdel”in müstəntiqləri “NKVD” müstəntiqləri ilə müqayisədə çox səbrsiz olublar. Onlar dustağın ayağını şişirdib kündəyə döndərmək üçün sutkalarla gözləmirlər. Elə ilk gündən dubinka ilə əlləri bağlanıb yerə uzadılmış dustağın ayaqlarının altın döyüb qançır edir və qançır edilmiş nahiyədən də məhbus bədəninə elektrik cərəyanı buraxırlar. Yalan ssenarini təsdiqləyən “gərəkli” ifadəni almaq üçün dustaqların şalvarını belə soyundurmaqdan çəkinmirlər. Halbuki, bu ləyaqətsiz hərəkətləri 1937-ci ildə “NKVD” orqanlarında işləyən rus, erməni müstəntiqləri belə Azərbaycan ətəndaşlarına qarşı etmirdilər. Ona görə “Bandotdel” müstəntiqlərinə dustağın huşunu itirməsi üçün bir neçə sutka gözləmək lazım gəlmir. Təqsirləndirilən şəxslərə uzun müddət vəkillə görüşə, ailə üzvləri ilə telefon danışığına icazə verilməməsi, Cəbhəçi gənclərin məhkəməsinin ictimaiyyətdən gizlin keçirilməsi bilavasitə həmin dəhşətli işgəncə əməlləri ilə bağlıdır. XXI əsrin ikinci onilliyində “Bandotdel” möcüzələri fonunda 1937-ci ildə “NKVD” müstəntiqi işləmiş Vasili Çuraşovun şahid ifadəsi çox “humanist” görsənir:
SUAL: Məhkəmə işlərinin saxtalaşdırılması və Azərbaycan DİN orqanlarında qeyri-qanuni istintaq metodları, üsulları barədə nə bilirsiniz?
CAVAB: 1936-1938-ci illərdə mən “NKVD”-də əməliyyat müvəkkili işlədiyim dövrlərdə kütləvi həbslər həyata keçirilirdi. Bu həbslər müvafiq şəkildə yoxlanılmış materiallar əsasında yox, əksinə, dustaqların yoxlanılmamış ifadələri əsasında aparılırdı. Bu kütləvi həbslərlə yanaşı, istintaq zamanı dustaqların amansızcasına döyülməsi və qanunla qadağan edilmiş digər üsullar tətbiq edilirdi. Dustaqlara çox vaxt “stoyka” üsulu, yəni onları bir neçə sutka boyu dindirmək və həmin müddətdə oturmağa qoymamaq tətbiq edilirdi. Bu üsulla dindirilən dustaqların qan dövranı pozulur, ayaqları şişib kündəyə dönürdü.Bu işgəncəyə çox az adam tab gətirirdi, çoxu huşunu itirib yıxılırdı. Müstəntiqlər bu qanunsuz üsulları tətbiq etməklədustaqlardan özlərinə sərfəli olan yalan ifadələri almağa nail olur, sonra da bu yalan ifadələrdən günahsız adamları həbs etmək üçün istifadə edirdilər. İstintaq zamanı dustaqlardan hələ azadlıqda olan şəxslərin antisovet təşkilatların üzvü olması barədə ifadə verməsinə nail ola bilməyən müstəntiqlər pis işçi hesab olunurdu. Dustaqların istintaqı barədə Xalq komissarı Sumbatov deyirdi ki, “NKVD” orqanları tərəfindən həbs edilmiş bütün dustaqlar xalq düşmənləridirlər, onlardan cinayətkar əlaqələri barədə ifadələri hər hansı üsullarla, istər qanuni, istərsə də qanunsuz üsullarla almaq zəruridir. 1938-ci ilin əvvəllərində mən işdən gecə saat 2-də çıxdım. Adətən əməliyyat işçiləri işdən səhərə yaxın çıxır və gündüz istirahət edirdilər. Mənim işdən “vaxtsız” getməyimdən xəbər tutan xalq komissarının müavini Borşev məni yanına çağırdı, layiqsiz sözlərlə təhqir edib bildirdi ki, mən şübhəli adama oxşayıram, çünki dustaqları gecə vaxtı dindirmirəm. Sonra Borşev dedi: “Gərək dustağı gecə filan-flan edəsən”.