Şahmat üzrə dünya çempionu Şəhriyar Məmmədyarovun uğurları barədə çoxumuzun geniş bilgisi var. O, Azərbaycanın üstün zəkalarından biridir. Özünün və ölkəmizin adına dünyada müsbət nümunə yaratmaqdadır. Heç vaxt ölkəmizə mənəvi və maddi zərər vurmayıb. Ona fəaliyyətinə görə yalnız “əhsən” deyə bilərik.
Onun statusunu təəssüflə oxusam da, qətiyyən təəcüblənmədim. Çünki, çağdaş Azərbaycanda başqa nə münasibət ola bilər ki? Məgər idarəçilər, “sahibkarlar” arasında ölkənin müsbət imici üçün düşünən hansısa şəxs ola bilər? Belə bir nəfəri tapıb göstərə bilərsiniz? Bu durumda, əlbətdə ola bilməz!
İndi dünyada Azərbaycan əsasən eyibləri ilə gündəmdədir. Sanki içimizdə maskalanan hansısa qüdrətli əllər xalqımızı dünyaya savadsız, nadan, acgöz, yaltaq, vəhşi kimi göstərmək üçün bütün resurslarını işə salıb. Öz gücü ilə az-çox üzə çıxan müsbət istisnaları da yox etmək üçün sanki sistemli iş aparılır. Bu hallar hər sahədə var.
ABŞ-da yaşayan bir erməni milyarder 10 ildən artıqdır ki dünyanın müxtəlif yerlərindən seçilən 1700-dən çox erməni tələbəyə yüksək təqaüd verir. Onları dünya standartlarında hazırlamağa sərmayə qoyur. Ermənistanın gələcəyi üçün elə bir nəhəng təməl atılır ki, bu gedişlə biz onun heç həndəvərinə də yaxınlaşa bilməyəcəyik.
Şəhriyar istedadlı və bacarıqlı insandır. Həm də öz başına çarə tapacaq resurslara malikdir. Əslində çox bərbad, acınacaqlı durumda olan bütövlükdə xalqımızdır. Əksəriyyətimiz öz gələcək faciələrimizə zəmin hazırlanmasını laqeydliklə, tənbəlliklə, qorxaqlıqla, güvənsizliklə seyr edirik.
Ölkənin bir qrup çox dəyərli, cəsarətli və prinsipial aydınları ilə bu mövzunu tez-tez dərindən müzakirə edirik. Çıxış yolları axtarırıq. İctimaiyyətə açıqlama verməsək də, müəyyən çalışmalırımız, cəhdlərimiz də var. Siyasi iddiası real olan dəyərli insanlara da imkan daxilində dəstək verməyə çalışırıq. Ölkədəki idarəetmədən qaynaqlanan münasibətlər sisteminin ağır fəsadları hamımıza az-çox mənfi təsir edib. Bu gerçəkləri dərk edənlər, onları ortadan qaldırmaq üçün açıq iradə sərgiləməlidir.