Altıncı dönəm senator, Vyetnam müharibəsinin veteranı, iki dəfə prezidentliyə namizəd və Konqresdəki nüfuzuna görə tanınan Con Makkeyn vəfat edib. Onun 81 yaşı vardı.
Rəngarəng həyata malik Makkeyn donanma zabiti, təyyarə pilotu, əsir düşən müharibə qəhrəmanı və nəhayət senator olub.
On illər boyu Konqresdəki fəaliyyəti ilə diqqət cəlb edən Makkeyn Respublikaçılar partiyasının daxilində “maverik” kimi tanınırdı. Belə ki, o, bir çox həmkarlarından fərqli olaraq partiya xəttinin əleyhinə çıxmaqdan çəkinmirdi.
2000-ci ildə Corc W. Buşa praymerizdə məğlub olan Makkeyn səkkiz il sonra Respublikaçı prezidentliyə namizədliyi qazanmağa nail olmuşdu. Lakin 2008-ci il prezident seçkilərində Demokrat namizəd Barak Obamanın qələbəsi ona azad dünyanın lideri olmağa imkan vermədi.
Hələ bir il öncə xərçəng diaqnozuna münasibətini şərh edərkən Makkeyn taleyi ilə barışdığını aydın etmişdi. “Hər bir həyat bu və ya digər formada sona yetməlidir.”
CNN telekanalının aparıcısı ona necə xatırlanmasını istədiyi haqda sual verərəkən Makkeyn bunları demişdi:
“Vətəninə xidmət etdi, heç də həmişə haqlı olmasa da. Çoxlu səhvlərə yol verdi, ancaq ökəsinə xidmət etdi. Ümid edərdim ki, bu cümlələrə “şərəflə” sözü də əlavə olunacaq.”
Makkeyn ABŞ-ın beynəlxalq arenada ağır çəkili siyasi fiqurlarından biri idi. O, ABŞ-ın İraq və Əfqanıstana hərbi müdaxiləsinin qatı tərəfdarı idi, və dünya boyu Amerikanın beynəlxalq böhranlara aktiv reaksiya verməsini təşviq edirdi. O, Suriyada vətəndaş müharibəsini dayandırmaq üçün ciddi ölçülər götürülməsinə, o cümlədən Rusiyanın Krımı ilhaq etməsinin qarşısını almağa çağıran siyasi liderlər sırasında idi.
Makkeyn habelə insan haqlarının mətin müdafiəçisi kimi tanınırdı. Öz xarici səfərlərində o, dövlət xadimləri ilə yanaşı dissidentlərlə, vətəndaş cəmiyyəti fəalları ilə görüşməyi sevərdi.
Cümə günü Respublikaçı Senator Con Makkeyn beyin xərçənginin aqressiv formasına qarşı müalicəni dayandırmaq qərarına gəlmişdi.
“Con onun üçün olan ömür gözləntilərini adlayıb,” deyə ailə üzvləri “aqressiv qlioblastoma”-nın 81 yaşlı Makkeynin müalicəni dayandırmasında başlıca faktor olduğunu bildirmişdi.
Con Makkeyn Senatda Silahlı Qüvvələr Komitəsinin rəhbəri idi.
Vyetnam Müharibəsində hərbi pilot qismində döyüşən Makkeyn 1967-ci ildə əsir düşdükdən sonra ABŞ Silahlı Qüvvələrində yüksək rütbəli general olan atasına iltifat əlaməti olaraq Şimali Vyetnamın erkən azadlığa çıxmaq təklifini rədd etmişdi.
Əsirlikdə qaldığı beş il yarımlıq müddətdə kommunistlərin rüsvayçı təkliflərini qəbul etməkdən imtina edən Makkeyn sistematik işgəncələrə məruz qalmışdı.