Ölkə başçısı İlham Əliyev nəhayət, Gəncə şəhərinə yeni icra başçısı təyin etdi. İyulun əvvəlində şəhər icra hakimiyyətinin qarşısında güllələnən və o vaxtdan bəri xaricdə müalicədə olan Elmar Vəliyev avqustun 28-də tutduğu vəzifədən azad edilib. Onun yerinə isə bugünədək Mingəçevirin icra başçısı olmuş Niyazi Bayramov təyin olunub.
Niyazi Bayramov haqda internetdə olan bioqrafik məlumatda göstərilir ki, o, 1956-cı ildə Bakıda anadan olub, 1980-ci ildə Bakı Dövlət Universitetini bitirib, ixtisasca hüquqşünasdır.
1980-1986-cı illərdə Vəkillər Kollegiyasının üzvü olub, 4 saylı hüquq məsləhətxanasında vəkil işləyib.
1986-1992-ci illərdə Səbail Rayon İcra Hakimiyyətində şöbə müdiri, 1992-1995-ci illərdə Səbail Rayon İcra Hakimiyyəti Başçısının müavini, 1995-1997-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri yanında İnspeksiyanın rəisi, 1997-2001-ci illərdə Gəncə Şəhər Gömrük İdarəsinin rəisi, Dövlət Gömrük Komitəsində Baş İdarə Rəisinin müavini, 2009-2012-ci illərdə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin, 2012-ci ildə Sumqayıt Regional Mərkəzinin rəisi işləyib. 2012-ci ildə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunub.
YAP-ın üzvü olan Niyazi Bayramov haqqında ən maraqlı məlumat isə rəsmi qeydlər içərisində olmayandır. Belə ki, o, həm də Gənclər və İdman naziri Azad Rəhimovun qudasıdır. Onun indiki vəzifəyə təyinatında bu amilin mühüm rol oynadığı güman edilir. Təsadüfi deyil ki, İlham Əliyevin bu təyinatında ictimai-siyasi çevrələrin diqqətini çəkən də məhz N.Bayramovun A.Rəhimovla quda olmasıdır.
AXCP sədri Əli Kərimli də Gəncəyə yeni başçı təyinatına bu kontekstdən qiymət verib. O, feysbuk səhifəsində bunları yazıb:
Dövlət başçısına olar, nazirə olmaz? Ailə hakimiyyəti hər yerdə!
İlham Əliyev bu boyda ölkədə kadr tapmadığından Gənclər və İdman naziri Azad Rəhimovun qudasını Gəncəyə icra başçısı təyin edib. Qarşı duran klanlardan biri ölkənin ikinci şəhərinə rəhbərliyi ələ keçirməklə mövqeyini daha da gücləndirdi.Tezliklə Gəncədə yeni təmir-tikinti “mövsümü” də başlayar yəqin. İdarə müdirləri də gərək yeni başçı ilə görüşməyə hazırlaşsınlar. Dəyişən çox şey yoxdur. Ölkənin başçısı hələ də İlham Əliyevdir. Rayon, şəhər başçılarını da o təyin edir. Hansı prinsiplə təyin etdiyini də bilirsiniz. Xoş o rayonların halına ki, başçı vəzifəsi müvəqqəti də olsa boşdur. Başçısız günlərin qədrini bilsinlər )
azadliq.info