Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət acınacaqlıdır və getdikcə pisləşir. Hakimiyyətin islahatlara dair vədlərinə baxmayaraq, vətəndaşların hüquqları pozulmaqda davam edir. Bu barədə Siyasi Məhbusların Monitorinq Mərkəzinin (SMMM) hesabatında deyilir.
Ən çox haqsızlığı hüquq- mühafizə orqanları törədirlər və təəsüflər olsun ki, rəhbərlik tərəfindən heç bir ölçü götürülmür və bununla qanunsuzluq dəstəklənir.
Hesabatda müvəqqəti saxlama məntəqələri, təcridxanalar və koloniyalarda saxlanılanlara və mühakimə edilənlərə verilən konkret işgəncə faktları göstərilir.
SMMM Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmlinin başına gələnləri qeyd edir. S.Rüstəmli mayın 8-də saxlanılıb. Narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinib. Onun barəsində yaxınları 14 gün məlumat ala bilməyib. Barəsində seçilən həbs qətimkan tədbirindən verilən apellyasiya şikayətinə baxılan zaman məhkəməyə gətirilməyib. Bütün bunlar S.Rüstəmovun işgəncə alması ilə bağlı şübhələrə yol açıb. Onun qardaşı oğlu Vidadi Rüstəmov da eyni aqibətlə üzləşib. Onların hər ikisi iki həftədən çox “işgəncə yeri” adlandırılan Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılıb. Halbuki, qanuna görə, onları təcridxanaya köçürməliydilər.
Yalnız mayın 25-də rəsmi orqanlar bildiriblər ki, S.Rüstəmli və V.Rüstəmovun adları “pulların yuyulması” işi üzrə keçir. Həmin iş üzrə Xalq Cəbhəsi Partiyasının üç fəalı – Babək Həsənov, Aqil Məhərrəmov və Ruslan Nəsirli də həbs edilib.
Yaxınlarının verdiyi məlumata görə, onlar fiziki təzyiqlərə məruz qalıb. Həbsdən üç ay keçməsinə baxmayaraq, onlara yaxınları ilə əlaqə saxlamağa imkan verilməyib.
Gəncə hadisələri ilə bağlı ittiham olunanlar da işgəncələrə məruz qalır, hesabatda deyilir.
Gəncə icra hakimiyyətinin keçmiş başçısı Elmar Vəliyevə sui-qəsddə ittiham olunan Yunis Səfərovun həbs olunduqdan sonra ağır işgəncələrə məruz qalmaşını təsdiqləyən fotolar sosial şəbəkələrdə yer alıb.
Y.Səfərovun E.Vəliyevə şəxsi münaqişə zəminində hücum etməsilə bağlı həyat yoldaşının və bacısının bəyanatlarına baxmayaraq, hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirib və ölkə boyunca dindarlara qarşı repressiyaya başlanılıb.
Gəncə olayları ilə əlaqədar güc qurumları məhkəmə və istintaq olmadan beş nəfəri öldürüb.
SMMM qeyd edir ki, günahı sübuta yetirilməmış adamları öldürmək ədalətli istintaqın aparılmamasına xidmət edir.
Təqsirsizlik prezumpsiyası pozulub: istintaq əməlləri aparılmadan şübhəli şəxslər öncədən “terrorçu” adlandırılıb.
Demək olar ki, saxlanılan şəxslərin heç birinin vəkili olmayıb və onlar işgəncələrə məruz qalıblar. Bundan əlavə, məhv edilən 5 nəfərin güc orqanlarına müqavimət göstərməsinə dair sübut yoxdur.
SMMM öz araşdırmasında məhkumların hüquqlarının pozulması ilə bağlı tədbirlərin görülmədiyini bildirir. Məhbusların saxlanmasına ayrılan vəsaitin yalnız 5%-i təyinatı üzrə çatır.
Ərzaq, qeyim, dərman ləvazimatı, yataq dəsti və s. onlara çatmır. Ağır xəstələr üçün ayrılan əlavə ərzaq payı pulla verilir.
Vərəmli xəstələrin saxlandığı 5 saylı koloniyada pulu olmayana dərmanlar borca verilir. Lakin vaxtında borcunu qaytarmayan şəxs cəza kamerasına salınır.
SMMM bloger Mehman Hüseynovun ölüm ayağında olan anası ilə görüşünə icazə verilməməsini qəti şəkildə pisləyib.
“Vicdan məhbusları” Qiyas İbrahimov və Bayram Məmmədov, ilahiyyatçı Abgül Süleymanov təzyiqlərə məruz qalıb.
SMMM hüquq-mühafizə orqanlarının fəaliyyətində Avropa İnsan Hüquqları Konvensiyasının 2 (yaşamaq hüququ), 3 (işgəncələrin qadağan olunması), 6 (ədalətli məhkəmə çəkişməsi hüququ), 13-cü (effektiv hüquqi müdafiə vasitəsi hüququ) və s. maddələrin pozulduğunu qeyd edib.
SMMM hakimiyyəti qanunlara əməl etməyə, vətəndaşların Konstitusiya və Avropa İnsan Hüquqları Konvensiyası ilə təsbit edilmiş hüquqlarına hörmətlə yanaşmağa çağırır.
Öz növbəsində, Azərbaycan hakimiyyəti ölkədə hüquq və azadlıqların tam təmin edildiyini, insanların qanun qarşısında bərabər olduğunu, heç kimin işgəncəyə və qeyri-insani rəftara məruz qalmadığını bildirir.
Penitensiar Xidmət də bir qayda olaraq məhbsuların qanunvericliyə və daxili intizam qaydalara uyğun saxlanıldığını, onlaırn işgəncə və qeyri-insani rəftara məruz qalmaları barədə faktların qeydə alınmadığını bəyan edir.
SMMM 2014-cü ilin oktyabrında bir qrup keçmiş “vicdan məhbusu” tərəfindən yaradılıb. Qurumun sədri hüquq müdafiəçisi Elşən Həsənovdur.