Sorağı Qubadan gələn bir ipucu var
2012-ci ildə, icra başçısının evinin yandırılması ilə yadda qalan “Quba hadisələri”-nin mənbəyi, hökümət nə qədər ətraflı məlumat verməsə də ilkin olaraq o vaxtki şəhər bələdiyyəsi Elxan Əliyevə məxsus “Quba Bazarı”-ndan başlamışdı. İlkin olaraq bazarın eks-nazir Ziya Məmmədovun oğlu Anar tərəfindən məcburi olaraq satın alınması barədə şayiələr yayılmışdı. Beləki, camaatın arasında belə bir söz yayılmışdı ki, bazarı Ziya Məmmədovun oğlu almaq istəyir və bundan sönra bu bazar başqa cür fəaliyyət göstərəcək. Əvvəldən depozit qoymaqla yerlər satılacaq, bundan başqa isə, orda işləyən ticarətçilərdən həm də “yer pulu” alacaqlar. Bu şaiyələrin nəticəsi isə hamımıza məlumdur.
Bazar «birjalaşdı»
Qubada yenə belə bir problem ortaya çıxıb. Bu dəfə isə ünvan “Quba Bazarı” deyil, “Quba Birjası”-dır. Yerli əhalinin “Birja” kimi adlandırdıqları və tanıdıqları, “Fərid kiçik müəssisəsi”-nə (VÖEN 4500086921) məxsus məkanda ticarətçilər bazar rəhbərliyindən şikayətçidirlər. Daha dəqiq desək, bu müəssisənin rəhbəri Fərrux Ağayev tərəfindən aldadıqlarını iddia edirlər. Beləki, adıçəkilən müəssisədə müqavilə ilə icarəyə götürmüş ticarətçilərin dediyinə görə, “Birja” rəhbərliyi icarədarları müxtəlif bəhanələrlə artıq xərclərə salıb, külli miqdarda ziyan vurub. Onların sözlərinə görə, heç kəsə sirr deyil ki, buradan icarəyə dükan götürmək üçün gərək əvvəlcədən, dükanın sahəsinə görə müxtəlif məbləğlərdə “depozit” qoymaq tələb olunur. Buna görə də neçə illərdir ki, burada ticarətlə məşğul olmaq istəyən vətəndaşlar bütün xərclərdən başqa, bazar rəhbərliyinə “depozit” ödəyiblər. Şərtlərə görə, “depoziti” olan şəxs sonradan yer pulunu az ödəməli, həm də nə vaxtsa, əməkdaşlığa son qoymaq istəyərsə, öz “depozitini” geri almaq hüququna malik olub. Ticarətçilər bildirirlər ki, bazarda baş verən özbaşınalıqlar, onları sonradan buranı tərk etməyə məcbur edib. Çünki, müəssisə rəhbəri Fərrux Ağayev və onun yardımçıları, “birja” əhlindən müxtəlif bəhanələrlə pul “qoparıb”. “Birja” əhli rayon tədbirlərinə, müəssisənin həyətinin asvaltla döşənməsinə, İcra hakimiyyətinin təyinatına, hətta prezidentin səfərinə belə pul ödəməkdən bezdikləri üçün əməkdaşlığa son qoymaq istəyiblər. Bu zaman isə başqa problemlə üzləşiblər. Məlum devalvasiyadan çox xeyli qabaq, dolların kursu xeyli aşağı olanda “depozit” ödəmiş icarədarlar, indi öz “depozitlərinin” manatla ödənməsindən, həm də o vaxtkı kursla ödənilməsindən narazıdır. Beləki, 2002-2003-cü illərdə 3000-5000-10 000 dollar “depozit” ödəmiş olan ticarətçilər indi bu pulu Fərrux müəllimdən geri ala bilmir. Ən yaxşı halda isə, Fərrux Ağayev köhnə kursla və milli valyuta ilə, hissə-hissə ödəməyə söz verir. Bu isə vətəndaşlarda ciddi narazıçılıq yaradıb. Hətta bu barədə şikayətçilər yerli orqanlara şikayət etsələr də, Fərrux və onun icra hakimiyyətində işləyən oğlu Fərid Ağayevlər bu məsələləri hansısa variantla, “yoluna qoya biliblər”. Nəticədə isə, bəzi sahibkarlar artıq İqtisad Məhkəməsinə də müraciət edərək, müəssisə rəhbərliyinə qarşı iddia qaldırıblar.
Birja nırxları hesabına bazardan İcra Hakimiyyətinə
Adının çəkilməsinə hələlik razı olmayan şikayətçilərin bildirdiyinə görə, Fərrux Ağayev şikayətçiləri müəyyən edən kimi, onları müxtəlif yollarla ələ almağa çalışır. “Bizim kimliyimiz onsuz da əvvəl-axır üzə çıxacaq, sadəcə indiki vaxtda bazar rəhbərliyi bizim kimliyimizi bilsə, yenə də qapımıza adam göndərəcək, bizi ələ almağa çalışacaq, dostlarımızı, yaxınlarımızı xahiş-minnətlə üstümüzə gətirəcək. Buna görə də, indiki vaxtda adımızın çəkilməsini istəmirik. Sözsüz ki, orda baş verənlər bütün Quba şəhərində heç kəsə gizli deyil. Bizim pullarımızla o qədər dövlət tədbiri yola verdi ki, axırda bu əməyinin qarşılığında oğlunu Quba icra hakimiyyətinə işə götürdülər. Bezmişik, insan nə qədər pul verər? Qazandığımızı müxtəlif adlarla əlimizdən alırdı. Gah “birjaya” asvalt çəkmək adı ilə hərəmizdən 100 dollar pul tələb etdi, gah vergi orqanlarını bəhanə etdi, xeyli pul yığdı, gah dedi ki, istilik sistemi çəkilməsi üçün pul verməlisiz. Təkcə Quba rayonuna yeni təyin olunmuş icra hakimiyyəti başçısının gəlişi münasibəti ilə, bizdən pul topladı ki, icra başçısı “çox mübarək”ə çağırıb, əliboş getmək olmaz. Rayona prezident gələndə bəhanə elədi ki, onun mühafizəçilərinin yemək-içməyi, qalmaq xərclərini ödəməliyik. Bezmişik, işləmək istəmirik, ancaq indi də bizi aldadır”.
«Yer pulu» və ya Yerin pulu
Şikayətçilərin sözlərindən məlum olur ki, bu müəssisənin rəhbərliyi bütün bu əməliyyatları xarici valyuta ilə aparıb. “Birjada” təkcə “yer pulu” milli valyuta ilə toplanıb ki, burda da, müqavilənin surətinin heç kəsdə olmadığından istifadə edən Fərrux Ağayev, qarşı tərəfdən, artıq pullar tələb edib. Müqavilə şərtlərinə görə əslində “yer pulu” 4 manat ödənməli olduğu halda, şikayətçilərin sözlərinə görə, bu məbləğ həmişə 6-8 manat olub. Qarşı tərəf olaraq Fərrux Ağayevlə məsələyə münasibət bildirməsi üçün əlaqə saxladıq. Fərrux Ağayev deyilənlərin doğru olmadığını, bir qrup şəxs tərəfindən ona böhtan atıldığını iddia etdi. “Mən heç kəsdən depozit almamışam, heç vaxt heç yerə də məndən şikayət edən olmayıb. Bircə Səbuhi adlı şəxs, müqaviləyə əsasən yer pulu ödəməli olduğu halda, müxtəlif bəhanələrlə məni məhkəməyə vermişdi. Mən də qarşılıqlı iddia qaldırmaq istəyirdim ki, sonradan yanıma xahiş-minnətə gələnlərə görə, fikrimdən daşındım. Hazırda onunla münasibətlərimiz normaldır, heç bir şikayətimiz də yoxdur” Müəssisə rəhbəri, bütün maliyyə əməliyyatlarının dollarla keçirilməsinə isə, belə münasibət bildirdi: “Mən heç kəsdən depozit almamışam ki, onu da dollarla alım. Kim istəsə, gəlib, burda sakitcə yer götürüb, müqavilə bağlaya bilir. Ancaq burada yer pulundan söhbət gedə bilər ki, onu da müqavilədəki şərtlərə uyğun olaraq hər kəs ödəməlidir.” Onu da qeyd edək ki, Fərrux Ağayevin fikirlərinə hörmətlə yanaşsaq da, qarşı tərəfin inkar olunmaz dəlilləri və sübutları vətəndaşların haqlı olduğunu göstərir. Bunu isə yəqin ki, qarşıda gələn məhkəmə proseslərinin nəticələrində görəcəyik.