«Polislər Çingizi o qədər döydülər ki, üst-başı qanın içində idi…», – inzibati qaydada tutulanların saxlandığı yerdə başqa birini döyüb öldürməkdə suçlanan Elman İbrahimovun sözləridir.
İddia olunur ki, 30 yaşlı Elman da, dünyasını dəyişən Çingiz Xəlilov da tüfeyli həyat tərzinə (bomj) görə küçədən tutulub aparılıb. Onlar saxlanma yerində eyni kamerada qalırmış.
Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində mühakimə olunan E.İbrahimov CM-in 126.3 (qəsdən bədənə ağır xəsarət yetirmə – ölümə səbəb olduqda) maddəsiylə suçlanır. İttihamda yazılıb ki, Elman kamerada Çingizi döyüb, o da aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.
Ancaq Elman ittihamı qəbul eləmir. Deyir, yalandır, Çingizi o yox, saxlanma yerindəki təcridxanadakı polislər döyüb öldürüb.
«O qədər döydülər ki, üst-başı qan idi»
E.İbrahimov məhkəmədə ifadəsində bildirib ki, yatdığı yerdə kimsə onun sinəsinin üstünə çıxıb. Oyananda görüb ki, Çingizdir: «Kimsə barmaqlarını gözümə soxurdu. Tam oyanandan sonra gördüm ki, budur. Dizini sinəmə qoymuşdu. Özümə gəlib itələdim onu. Səsə kameraya polislər gəlib onu apardılar. Çingizi o qədər döydülər ki, üst-başı qan içində idi. Gəlib mənə dedilər ki, «Elman, sən sakitsən, amma bax, bir də belə bir şey olsa, səni də döyəcəyik».
Təqsirləndirilən şəxsin sözlərinə görə, Çingiz kameraya qaytarılandan sonra halı özündə olsa da, bir az keçib və o, yerə yıxılıb. Polislər gəlib onu çıxarıb aparıblar. Sonradan bilib ki, Çingiz xəstəxanaya aparılıb.
«Onu xəstəxanaya aparandan sonra polislər gəlib məni döyməyə başladı. Heç bilmirdim ki, niyə döyürlər. Heç nə də demirdilər. Sonradan bildim ki, Çingiz ölüb», – təqsirləndirilən E.İbrahimov bildirib. (azadliq.org)