“Ədəbiyyat qəzeti” etik mülahizələrdən adını yazmaq istəmədiyim bir filologiya üzrə fəlsəfə doktoru, şair, tənqidçinin hiddət, şiddət, narahatlıq, xitab, itab, təəssüf, təəssüb, təəccüb dolu məqaləsini verib.
Hörmətli “dil həkimi” diaqnoz qoyandan sonra dilimzə müalicə də yazıb:
Dilin işğaldan azad edilməsi: tabeli mürəkkəb cümlələrlə müharibə anonsu
Bundan sonra filologiya üzrə fəlsəfə doktoru, şair, tənqidçi ağrı-acısını tabeli mürəkkəb cümlələrin üzərinə tökür. Deməzsənmi, rus dilinin təsirinin ən qabarıq təzahürü tabeli mürəkkəb cümlələr imiş:
Sonra müəllif rus dilini də bildiyini göstərmək istəyir. Etirazı tabeli mürəkkəb cümlələrə olsa da, ruscasını nümayiş etdirəndə onların bir hissəsinin – budaq cümlələrin adlarını yazır. “pridatoçnoye podlejaşeye – mübtəda budaq cümləsi; – pridatoçnoye skazuyemoe – xəbər budaq cümləsi və s”. Məlum olur ki, müəllif, məsələn, xəbər budaq cümləli tabeli mürəkkəb cümlələrlə xəbər budaq cümləsinin fərqini də bilmir.
Bu nəzəriyyədən istifadə edib türk dillərinin “fabrika əyarlarının” hələ eramızın I minilliyində pozulduğunu demək olar. Çünki Orxon-Yenisey abidələri, xüsusən Kültigin abidəsi tabeli mürəkkəb cümlələrlə liməlim doludur. Əgər müəllifin iddia etdiyi kimi, tabeli mürəkkəb cümlələrin dilimizi işğal etməsində “rus barmağı” varsa, onda Kültigin xaqan və Dədə Qorqud, şəksiz, rusların adamı olub:
“Türk kağan Ötüken yış olursar, ilte bung yok” (müasir dilimizdə: “Türk xaqanı Ötüken meşəsində otursa, eldə sıxıntı olmayacaq”, “Kültigin” abidəsi, cənub tərəf, 3-cü sətir).
“Bir kişi yarigılsar, oğuşı budunı bişükinge tegi kıdmaz ermiş” (“Bir insan yanılsa, qəbiləsi, milləti, əqrəbasına qədər barındırmazmış”, yenə orada, 6-cı sətir)..
“Kitabi-Dədə Qorqud”, müqəddimədən: “O, nə buyursa, qəbul edirdilər, sözün tutub gedirdilər”; “Ozan, evin dayağı odur ki, çöldən-bayırdan evə bir qonaq gəlsə, əri evdə olmasa, o gələn adamı yedirir-içirir, əzizləyib-oxşayır, yola salır”; “Gördü ki, oğru köpəklə yekə dana evini qatıb-qatışdırmışdır; evi toyuq komasına, inək damına dönmüşdür”;
Dirsə xanın boyu: “Kimin oğlu-qızı yoxdursa, qara otaqda oturdun”; “Xanım, bu gün Bayındır xandan buyruq belәdir ki, oğlu-qızı olmayanı allaһ ğarğayıbdır; biz də qarğayırıq»; “Atan dedi, geyiklәri qovub gәtirsin, mәnim qarşımda toplasın”; “Baxdı-gördü ki, bir dәrәnin içindә qarğa-quzğun enir-çıxır, qonur-qalxır” və s..
Daha sonra filologiya üzrə fəlsəfə doktoru, şair, tənqidçi hiddətini soyutmaq üçün, eləcə də cəmiyyətin heç bir kəsimi moizədən bibəhrə qalmasın deyə fağır bir cümlə tapıb acığını ondan çıxır. “Bir nümunə ilə fikrimizi əsaslandıraq: “Mən bilirəm ki, belədir”. İfadə olunan sadə bir fikir tabeli mürəkkəb cümlə şəklində verilib. Sadə variantına baxaq: “Belə olduğunu bilirəm”. Birinci cümlənin havası istər-istəməz özüylə qəribə bir eqo, amiranəlik, təkəbbürlülük və hikkə gətirir”.
Di yeri, əziz oxucu. Yazının əvvəlini oxuyanda ağzını büzürdün. Gördün, hörmətli alimimiz dilmizin nöqsanlarını necə bittə-bittə xırdalayır, ilmə-ilmə sökür?
Yəqin ki, filologiya üzrə fəlsəfə doktoru, şair, tənqidçi “El bilir ki, sən mənimsən”in əvəzinə də “El sənin mənim olduğunu bilir” təklif edəcək. Və ya ”Ağlasan, ağlaram” tabeli mürəkkəb cümləsi, güman ki, “Sən ağladığın halda (təqdirdə) mən də ağlaram” şəklində sadələşəcək.. Çünki bütün bunlar rusun fitnəsidir. Qımışmayın, əziz oxucu, “dilimizi işğal edən, onun belini qıran tabeli mürəkkəb cümlələrdən qurtulmaq”sizə asan gəlir?
Çinlilər, yaponlar və koreyalıların “müdhiş sirləri”
Daha sonra müəllif yazır: “Və bildinzmi amorf (kök) dillərinin daşıyıcıları – çinlilər, yaponlar, koreyalılar niyə bu qədər sadə, ruhən aristokrat, təvazökar, səliqəli və korrektdirlər?! Hətta intiharın da “sadə” formasını kəşf ediblər: Xarakirini! Onlar dildəki artıqlıqları da bu cür xarakiri edib dışa atıblar! Yapon hokkuları həmin xarakirinin məhsulu deyil, bəs nədir?!”
Məncə, füfd burda baltanı daşa vurub. Çünki:
1. Amorf dillər müəllifin qeyd etdiyi kimi kök yox, köksözlü dillərdir.
2. Yapon dili və Koreya dili amorf yox, iltisaqi (aqqlütinativ) dillərdir.
3. Əgər, gerçəkdən, çinlilər, yaponlar və koreyalıların “bu qədər sadə, ruhən aristokrat, təvazökar, səliqəli və korrekt” olmasının səbəbi danışdıqları dildirsə, demək, bunun tipoloji mənsubiyyətlə heç bir əlaqəsi yoxdur, çünki deyildiyi kimi, o dillərin ikisi iltisaqi, biri amorfdur.
4. Xarakiri yaponlara aiddir.
5. “Dildəki artıqları bu cür xarakiri edib dışa atmaq” mümkün deyil. Çünki xarakiri zamanı icraçı işi öz üzərində edir. İndiki halda orfoqrafiya layihəsinin müəllifləri xəncəri öz qarnına soxsa və ya “dildəki artıqlar” eyni üsulla intihar etsə, bu, xarakiri sayılır. Qurbanəli bəy xəncəri nökərin qarnına soxanda bu, artıq xarakiri yox, qətldir.
6. Müəllif yazır ki, bu xalqlar məhz dilləri amorf olduğu üçün hokku yaza bilirlər. Qeyd edildiyi kimi, hokku yaponlara məxsus şeir şəklidir, yapon dili isə amorf dil deyil.
Nəhayət, müəllif islahat adı ilə iltisaqi dili köksözlü dilə çevirmək istəyini ifadə edir. Burdan da məlum olur ki, bu dillər barədə elementar məlumatı yoxdur. Çünki bir çox alimlərin fikrincə, dillərin təkamül prosesinin əvvəlində qədim insanların istifadə etdiyi dil birhecalı, dəyişməyən və bir-biri ilə bağlanmayan sözlərdən ibarət olub. Dillərin növbəti mərhələsində bu sözlərin bəzisi şəkilçiləşib və iltisaqi, təkümülün növbəti mərhələsində daxili fleksiya nəticəsində flektiv, sonda inkorparlaşan dillər yaranıb. İstənilən halda, tərsinə, yəni iltisaqidən köksözlüyə doğru təkamül hələ heç bir fantastın belə ağlına gəlməyib.
Nəhayət, müəllif yazır:
“… qoşa “yy” və sonunun “ət”lə qurtarışı əsl müşküllər quyusudur”. Məncə, məqalənin yazılmasında əsas məqsəd elə qoşa “y”nin qətlinə fərman verənləri dəstəkləmək olub. Edam üçün arqument də yetərlidir: belə sözləri tələffüz edəndə “Ağız-burun pis hala düşür”. Bundan tutarlı arqument olar? Vəssalam, namə tamam.
Xeyirli şənbələr…