Azərbaycan hakimiyyətinin ABŞ-da əsas lobbiçilərindən biri, “Azərbaycanın Dostları Assambleyası” adlı təşkilatın prezidenti Kamal Öksüz Ermənistanda həbs edilib.
K.Öksüz ABŞ vətəndaşıdır və orada Kevin adını qəbul edib. O, ABŞ-ın müvafiq orqanlarını saxta sənədlərlə aldatmaqda ittiham edilir.
Öksüz Ermənistanda ABŞ-ın sorğusu əsasında yerli polis və İnterpolun birgə əməliyyatı ilə tutulub.
Onun ABŞ orqanlarına təqdim etdiyi saxta sənədlər 20013-cü ildə Bakıya bir qrup amerikalı konqresmenin səfərini hansı maliyyə ilə təşkil etdiyinə dairdir.
Belə ki, o zamanlar həm də Fətullah Gülənin ən yaxın adamlarından biri kimi tanınan Kamal Öksüz 2013-cü ildə Azərbaycana ABŞ-dan bir qrup konqresmenin səfərini təşkil edib. Səfər xərclərini də Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR çəkib. ABŞ Konqresinin Etika Komitəsi bu səfərin maliyyələşmə mənbəyi haqqında araşdırmaya başlayanda isə Öksüz saxta sənədlər təqdim edib ki, maliyyələşmə şəxsən ona məxsusdur.
AXCP sədri Əli Kərimli bu hadisəni İlham Əliyev və hakimiyyətinin növbəti cinayət qalmaqalına bulaşması kimi qiymətləndirib.
“İlham Əliyevin və hökumətinin dostu qaçıb Ermənistana sığınıbmış. ABŞ-da Azərbaycanın Dostları Assambleyasının prezidenti Kamal Öksüz sığındığı Ermənistanda həbs olunub və ABŞ-a təhvil veriləcək. Yadınızdadır, 2013-cü ildə ABŞ-dan bir qrup konqresmen gətirmişdilər Bakıya? Həmin təbliğ olunan səfərin xərcini SOCAR çəkmişdi, təşkilatçılığı da Fətullah Gülənin ən yaxın adamlarından biri olan həmin bu Kamal Öksüz etmişdi. ABŞ soruşanda ki, bu səfəri kim maliyyələşdirib, Kamal Öksüz saxta sənədlər təqdim edərək, səfəri şəxsən özünün maliyyələşdirdiyini deyib. Sonradan məlum olub ki, təqdim olunan sənədlər saxtadır. Beləliklə, İlham Əliyev və hökuməti növbəti cinayət skandalına qatıldı. Hökumət cavab verməlidir, necə olur ki, İlham Əliyevin və guya Azərbaycanın dostu Ermənistanda gizlənir? Necə olur ki, Fətullah Gülənin ən yaxın adamlarından biri həm də İlham Əliyevin dostu olur, SOCAR-la o boyda işlər görür, ancaq “Fetoçu” kimi mənim köməkçim Faiq Əmirov və heç bir günahı olmayan gənc cəbhəçi Fuad Əhmədli həbs olunur? Necə olur ki, SOCAR və Azərbaycan hakimiyyətinin adı az qala həftədə bir cinayət işilə bağlı gündəmə gəlir? Bu necə hökumətdir? Hökumətdir, yoxsa cinayətkar sindikat?”, – deyə o, feysbuk səhifəsində yazıb.
Son 10 ildə Azərbaycan hakimiyyətinin ABŞ-da lobbi siyasətini yaxından araşdıran və hazırda Vaşinqtonda yaşayan jurnalist Ələkbər Raufoğlu isə “Azadlıq” qəzetinə açıqlamasında baş verənləri belə dəyərləndirib:
“Nə qədər ironik görünsə də, Öksüzün ABŞ ədliyyə sistemindən gizlənərək, şələ-küləsini yığışdırıb Ermənistana pənah aparması faktının özü illərdir Azərbaycan xalqından oğurlanmış milyonlar hesabına Qərbdə “nüfuz satın almaq” sevdasına düşmüş Azərbaycan rejiminin və onun əlaltılarının əslində hansı dəyərlərə xidmət etdiyinin bariz nümunəsidir. Öz xalqını əz, incit, günahsızları zindana sal, haqqlarını oğurla, çikli pullarını isə gətir bu kimi oyunbazların əl ilə Qərbdə yu, hələ bu azmış kimi, arada sənə irad bildirənlərə qarşı da troll hücumları təşkil edib utanmaz-utanmaz “Xocalı”, “Qarabağ” dərsi keç, sonradan ifşa olunduğunu görəndə, qaç ermənilərə sığın, orada “biznesini” davam et – budur onların mahiyyəti”.
Raufoğlunun sözlərinə görə, Öksüz son 8 il ərzində Azərbaycan hakimiyyətinin dövlət səviyyəsində ABŞ-da həyata keçirdiyi mütəşəkkil lobbi cinayətinin mərkəzində dayanmış simalardan biridir.
“Bu cinayəti o qədər dolaşıq, öz aləmlərində guya peşəkarcasına həyata keçirirdilər ki, hətta istintaq araşdırmaları ipin ucunu tapmaq üçün illərlə vaxt itirəsi oldu. Məlum oldu ki, bunlar təkcə Azərbaycan xalqını deyil, elə rəğbətini pulla almaq istədikləri amerikalıları da aldadıbmışlar. Dövlət Neft Şirkətinin vəsaitlərini “öz halal pulları” adı altında sağa-sola paylayıb, ABŞ rəsmilərini əyləndirməklə məşğul idilər. ABŞ-dakı cinayətlərinə görə mühakimədən yayına bilmədilər – erməni dostları onları ABŞ ədliyyə sistemindən qoruya bilmədi; haqlarında axtarış elan olunan kimi Yerevanda saxlanılıb ələ verildilər. Bəs Azərbaycan xalqının mühakiməsindən nə vaxta qədər yayınacaqlar?”.