Nitsşe sanki bu günün Azərbaycanına baxıb “Bütün soyuq yırtıcıların ən soyuğu dövlət adlanır” demişdi.
1989-91-ci illərdə meydanlarda “öz dövlətimiz olsun” eşqi ilə qovrulurduq. Bilirdik ki, dövlət zor maşınıdır. Amma qayda-qanunların təmin olunmasının, toplumdaxili münasibətlərin nizamlanmasının, xarici, xüsusən də o dövrdə arxasında rus dayanan erməni təhdidindən qorunmağın dövlət olmadan mümkünsüzlüyünü də dərk edirdik və bu dövlətin özümüzünkü olmasını istəyirdik. Bu istək o qədər güclü idi ki, hətta “öz millətimin diktatoru başqa millətin demokratından yaxşıdır” çağırışından da ekstaza gəlir, çəpik çalırdıq.
Böyük arzularla qurduq o dövləti. Bizdən fərqli düşünür deyə özümüzünkü saymadıq seçdiyimiz demokratı. Böyük ümidlərlə verdik hakimiyyəti öz diktatorumuza.
Ona görə verdik ki, iqtisadiyyatımızı qursun, bizim yaşayışımızı, normal həyat səviyyəmizi təmin etsin. Qəndi 1 manat, əti, yağı 3 manata endirsin. O gəlib yalnız dövləti çapıb-talamaqla, insanları dilənçi vəziyyətinə salmaqla məşğul oldusa, kimə lazım idi bu dövlət?
Ona görə bu dövləti qurub o diktatora verdik ki, o cinayətkarlıqla mübarizə aparsın. Amma o öz yandaşını cinayətdən yayındırıb bizim cibimizə nəşə, evimizə silah-sursat, çantamıza dollar basıb bizdən cinayətkar düzəldirsə, kimə lazım idi bu dövlət?
Ona görə qurduq bu dövləti ki, o bütün vətəndaşlarının bərabərliyini təmin etsin. Belə bərabərlik unsanın təbii halından irəli gəlmir. İnsanlar bioloji, fiziki, əqli cəhətdən bir-birindən çox fərqlənirlər. Belə bərabərlik yalnız qanun qarşısında bərabərliyin nəticəsində mümkündür və dövlət bunu təmin etməlidir. Əgər dövlət özü qanunları pozursa, özü insanları qeyri-bərabər duruma salırsa, kimə lazımdır belə dövlət?
İnsanlar təkcə ona görə müqavimət göstərmirlər ki, qorxurlar, inanmırlar, ya ümidsizləşiblər. Həm də ona görə ki, onlar bu dövlərə də, belə dövlətçiliyə də nifrət edirlər. Və bu nifrətin bir müəllifi var – Əliyevlər klanı və onların əlaltıları.
İndi yenə ürəyim “öz dövlətimiz olsun” eşqi ilə qovrulur. Bir daha onu heç bir diktatora, heç bir zirə-zibilə verməyəcəyəm.