Həbsdə olan cəbhəçilərin telefon danışığı və görüş hüququnun məhdudlaşdırıldığı rəsmən təsdiqlənib. Söhbət AXCP-nin Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Nərimanov rayon şöbəsinin sədri, Qarabağ müharibəsi iştirakçısı Babək Həsənov və Gənclər Komitəsinin Məclis sədri Ruslan Nəsirlidən gedir. Mayın 25-dən həbsdə olan cəbhəçilərin yaxınları aylardır onların bu hüquqlarının pozulduğunu desələr də, prokurorluq məhdudlaşdırma qərarını avqustda verib. Bu, məhkəmədə B.Həsənovun prokurorluğa qarşı şikayətinə baxılanda üzə çıxıb.
B.Həsənovun vəkili onun telefon danışığı və görüş hüququnun pozulmasına görə məhkəməyə avqustun 3-də şikayət verib. Həbsdə olan cəbhəçi fəalın yaxınları AzadlıqRadiosuna bildirib ki, şikayətə avqustun 16-da baxılanda Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə İstintaq İdarəsinin müstəntiqi B.Həsənovun bəzi hüquqlarının məhdudlaşdırılması haqda rəsmi qərarın olduğunu deyib.
«Hüquq pozulmurdusa, məhkəməyə niyə şikayət verilmişdi?»
«Məhkəməyə təqdim olunmuş həmin qərar 16 avqust tarixlidir, yəni məhkəmədə şikayətə baxılan gün verilib. Müstəntiq deyib ki, vəkil məhkəməyə şikayət verəndə Babək Həsənovun hüquqları məhdudlaşdırılmamışdı. Ona görə şikayət əsassızdır. Adamdan soruşmazlarmı ki, əgər o zaman hüquqları pozulmasaydı, vəkil niyə məhkəməyə şikayət verirdi? Ondan öncə də biz məsələ ilə əlaqədar istintaq idarəsinə müraciət etmişdik ki, əgər məhdudlaşdırma ilə əlaqədar rəsmi qərar varsa, surəti bizə də təqdim olunsun. İyulun 19-da idarənin rəisi Eldar Əhmədov bizə cavab yazmışdı ki, «vəsatətimizə baxılıb, əlavə məlumat veriləcək». Əgər onda məhdudlaşdırma yox idisə, elə yazardı ki, heç bir məhdudiyyət yoxdur. Bunun özü də təsdiqləyir ki, məhdudlaşdırma lap əvvəldən olub», – B.Həsənovun ailə üzvləri bildirib.
Nəsimi Rayon Məhkəməsinin hakimi Şəlalə Həsənova müstəntiqin mülahizəsini (şikayət verilən vaxt hüquqlar məhdudlaşdırılmamışdı) əsas tutaraq, şikayətin təmin olunmaması barədə qərar çıxarıb.
Bu qərardan sonra B.Həsənov yenidən prokurorluğu məhkəməyə verib. Bu dəfə prokurorluqla yanaşı, Bakı istintaq təcridxanasından da şikayət edib.
«Prokurorluğun qərarı 16 avqustda verilibsə, belə çıxır ki, o vaxta qədər tətbiq edilən məhdudiyyət qanunsuz olub. Ona görə həm təcridxana məhkəməyə verilib, həm də prokurorluq. Prokurorluğun da qərarının qanunsuz hesab edilib ləğv olunmasını istəmişik», – cəbhəçinin ailə üzvləri deyir.
Keçmiş icra başçısına da qadağa var
Penitensiar Xidmət həm B.Həsənov, həm də onunla birlikdə həbs olunmuş R.Nəsirlinin məktublarına cavabda yazıb ki, «görüş və telefon danışığına istintaq təcridxanasının rəhbərliyi tərəfindən məhdudiyyət qoyulmayıb».
R.Nəsirlinin vəkili də məsələ ilə əlaqədar prokurorluğu məhkəməyə verir.
«Ruslan dördüncü aydır ki, blokada şəraitində saxlanılır. Aylardır heç bir qərar olmadan onun hüquqlarını pozublar. Təcridxananın da cavabından belə aydın olur ki, «bizlik deyil». Yəni məsələ prokurorluqdur», – R.Nəsirlinin ailə üzvləri AzadlıqRadiosuna bildirib.
Prokurorluğun 16 avqust tarixli qərarıyla təkcə cəbhəçilərin yox, onlarla eyni cinayət işi üzrə təqsirləndirilən Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmli və onun qardaşı oğlu Vidadi Rüstəmlinin də görüş və telefon danışığı hüquqları məhdudlaşdırılıb.