Deməli Mirzə Cəlilin bir “Pirverdinin xoruzu” heakayəsi var. Piverdiyevi işdən çıxaranda bu hekayə yadıma düşüdü. Hekayədə Pirverdi ulağın quyruğundan yapışıb 10 pud unun çörəyini bişirən anası Həliməyə xalası Zibeydəni mədətçi (bunun Mədət Quliyevə heç bir aidiyyəti yoxdur) gətirməyə yollanan atası Qasım kişini yerindən tərpənməyə qoymur və tələb edir ki, xalası gərək ona çarxı bir xoruz göndərsin. Amma axşam kəndin girəcəyində xoruz gözləyən Pirverdi görürki, nə xoruz var, nə də xalası Zübeydə. Atası hər ikisinin əvəzinə özünə Pərinisə adında təzə bir övrət gətirib. Pirverdiyev də Azərenerjini Pirverdinin xoruzu kimi yoxa çıxarıb. Onun xoruzunu qoltuğuna verdikdən sonra bəlli oldu ki, ölkənin enerji sektoruna buraxılmış milyardların yanıb külə dönmüş dam daşı qalıb və hələ bu gün də məmləkət çırağını yandırmaq üçün işığı .Rusiyadan alır. Bunu Mingəçevirdə baş vermiş qəzanı araşdıran komissiya müəyyən edib. Az əvvəl məlum oldu ki, həmin komissiyanın başçısı elə də Pirverdiyevdən yaxşı vəziyyətdə deyil. Azərbaycan Laundromatı üzə çıxanda onun “Rossoboronexsport”la silah və hərbi sursat müamiləsindən milyonlarla dollar “otkat” qatdadığı üzə çıxmışdı. Hamı kimi onu məlum komissiyanın başçısı təyin edən İlham Əliyev də bunu yaxşı bilirdi. Çünki bu korrupsiya piramidasının başında o, özü dayanır və hakim ailə çirkaba bulaşmış hökumət üzvlərinin çoxu ilə korrupsiya ortağıdır. Azərbaycanın ən korrupsiyalaşmış bir sektorunun başçısı Pirverdiyev işdən çıxarıld. Ziya və Fazil Məmmədovlar kimi yəqin gələn həftə hökumət mediyasında ona qarşı kəsilmiş korrupsiya fakturasının səsi çıxacaq. Hamı keçmiş rabitə naziri Əli Abbasov kimi on ildən artıq ayda 300 – 400 min dollar paket alıb “təmizə” çıxa bilməz ki. Bunun üçün korrupsioner olmaq azdır, həm də akademik olmaq lazımdır. Yəni ya korrupsioner akademizm, ya da akademik korrupsioner. Zatən İlham Əliyevin şaxələnmiş korrupsiyası davamlı “riyazi məntiqə” söykəndiyi üçün siyasi çalarları olan “akademik” məzmun kəsb edir. Yüksək vəzifəli oliqarxlar tək işlədikləri dövrdə deyil, işdən çıxarılandan sonra da xərac xarakterli korrupsiya mənbəyi olaraq qalırlar. Məsələn YAP mətbuatı Fazil Məmmədova 4 milyard korrupsiya fakturası kəsmişdi. Belə deyirlər ki, o, bu məbləğin artıq yarıya qədərini ödəyib. Amma kimə? Azərbaycan korrupsiyasının bir özəlliyi də dövlətdən oğurlanmış pulların dövlətə deyil, başqa bir korrupsionerə transfer edilməsi, mülkiyyətdən başqa bir oğrunun xeyrinə “könüllü” imtina edilməsi, birgə biznes ortaqlığından üzüsulu çəkilməsindən ibarətdir. Bax, buna deyərlər permanent və şaxələnmiş korrupsiyanın akademik mərhələsi. Xoruzun quyruğuğu da elə bu akademizmidədir. Xoruz demişkən, görən Pirverdiyevin də üzərinə bu xərac qoyulacaq?