Bəhruz Bayramov, vəkil
Bilmirəm haradan başlayıb harada qurtarım. Rüfətlə bağlı şirin və kövrək duyğular o qədərdi ki! Danışmağa ürəyim dözmür. Ağrıyır. Doğrudan çətindir mənə. Çevrəmiz gözəl bilir bunu. Onunla vəkillikdən öncə sanki bir ananın bətnindən işıqlı dünyaya göz açan doğma qardaşlar kimi bir-birimizə yaxınıq. Qardaşların dostluğu isə başqa bir aləmdir. İndi o zindandadır. Nələr çəkdiyimi göydəki Allah bilir. Hər dəfə Binədəki həbsxanaya Rüfətlə görüşə gedəndə elə bil çiyinlərimə göydən qaya parçası düşür. Ayaqlarım getmir. Onu həbsxana divarları arasında görəndə daxilən üzülürəm. Nə qədər varam, dost olaraq əziyyətini çəkəcəm. Hərdən zarafata salıb deyirəm ki, buradan tez qurtarsaydın mənim də üzüm bu 9- un həndəvərinə bir daha dönməzdi. İnanın, görüşdən sonranın da ayrı əzabı olur. Ora onun yeri deyildi. Rüfətin Sabir adında bir oğul balası var. Ulu babasının adını daşıyır. Yenə ailə üçün bir təskinlikdir. Bəzən Eldar müəllimgilə gedəndə Sabir məni görür və gülməyə başlayır. Qucağıma alan kimi başını köksümə qoyub dinməzcə durur. Ürək gərək daşdan olsun ki, buna dözə biləsən.
Rüfət peşəsini mükəmməl bilən müstəntiq idi. Bununla yanaşı sadəliyinə, dostcanlı olmasına, dürüstlüyünə və səmimiyyətinə görə də örnək sayılası qardaşdır. Yalana, yaltaqlığa, riyakarlığa düşmən kimi baxır. Ədalətlilik, qanunçuluq prinsipləri qapalı yerdə olmasına baxmayaraq bu gün onun üçün dəyişməz olaraq qalır. Bu xarekterinə görə 6-7 ay ərzində “karsın” qonağı da olub. Bir dəfə yox, bir neçə dəfə belə hadisə baş verib. Sonuncusu-22 sentyabr 2017- il tarixində 10 günlük karsa salınmış və işgəncələrə məruz qalmışdır. Şükür ki, hələlik sakitlikdir. Kefinin yaxşı vaxtlarında-sağlıq üstündə dediyi bu sözdən xüsusi ləzzət alırdı:”Qanun sağ qolumdur, ədalət sol qolum.” Hərdən sağın-solun əhvalını soruşuram. Həmən bilir ki, nəyi öyrənmək istəyirəm…
Əziz dostum və qardaşımı qoruya bilmədiyimə görə özümü günahkar sayıram. Ağlıma yalan olmasın yüz fikir gəlir, bax bunu etsəydim, bəlkə Rüfəti xilas edə bilərdim. Elə olurdu ki, gecəyarısınadək telefondan asılı qalır, seçdiyi yoldan geri durmasına cəhd etsəm də razılaşmırdı.
Qarşıda onu hansı ağır və keşməkeşli həyatın gözlədiyini görürdüm. Özü də bunu dərk edirdi. Lakin haqsızlıqla, qanunsuzluq və ədalətsizliklə barışmırdı. İstefasının səbəbi də bununla bağlıdır. Yeri gəlmişkən deyim ki, müstəntiqlik Rüfətlik deyildi. Son dərəcə ürəyi yumşaq, kövrək hislərlə yaşayan, rəhmidil insan kimi kiminsə barəsində qərar vermədən öncə onun ailəsinə gedər, vəziyyəti öyrənərdi. Görəndə ki, ehtiyaclı ailədir, ərzaq, yeyəcək, içəcək alıb aparardı. Deməli, rayonda ölüm hadisəsi baş verir, Rüfət ifadə almaq üçün kəndə gedir. Görür ki, ailə ağır vəziyyətdədir. Yeddi baş külfətdi, heç yandan da obir quruşluq gəlir yeri yoxdur. Səhərisi maşının baqajını ərzaqla doldurub həmin ailəyə aparıb verir. Günlərin birində də evə nəsə almaq üçün mağazaya gedir. Baxır ki, bir nəfər üç- dörd yaşında körpəsi ilə çörək alır. Uşaq atasından şirniyyat almasını istəyir. Pıçıltı ilə uşağa deyir ki, pulum yoxdur, Rüfət eşidir və ehmalca atadan icazə istəyərək bir torpa şirniyyat alıb körpəyə verir. Rüfət bundan o qədər təsirlənir ki, düz evəcən atanın halına ağlayır. Mənim dostum belə müstəntiq idi. Ancaq şərin hədəfinə keçən müstəntiqin tənqidi yazıları, açıqlamaları ona çox baha başa gəldi. Yazma dedik, yazdı. Sus dedik, susmadı. Sonu da bu. Günahsız idi Rüfət. Qanun onun tərəfində olsa da, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edildi.
Gecə saat 3-4 olardı. Eldar müəllim yatmamışdı. Mənə dedi ki, sabah maşını sən sürəsi olacaqsan.Neçə gün əvvəl də telefonda bu narahatlığını mənimlə bölüşmüdü.
Lənkərana gedərkən “Elantranı” Rüfət idarə efirdi. Müəllimin nəyə işarə vurduğunu anlasam da, özümü o yerə qoymurdum. Dedim ki, hər şey yaxşı olacaq, fikir etməyin, Eldar əmi. Bu sadəcə bir təskinlik idi. Vəziyyətin mürəkkəbliyi mənə də məlum idi. Ancaq nə mən, nə də Rüfət bu barədə Eldar əmi ilə müzakirə aparmaq istəmirdik. Onu sakit buraxmağa çalışırdıq. Etiraf edim ki, hökmün bu dərəcədə amansızlığına inana bilmirdim.
Nəhayət, səhəri dirigözlü açdıq. Saat 10-00 -da məhkəmə öz işinə başladı. Üzə dirənənlər bir-bir ifadə verərək aldıqları tapşırığı yüksək səviyyədə icra etdilər. Şahidlərdən Babək Hacıyev isə ifadəsində bildirdi ki, nə müstəntiq məndən rüşvət istəyib, nə də mən ona pul vermişəm. Bu zaman hakim şahidə istintaqa ifadəsini xatırlatdı. Bunu korrupsiyanın müstəntiqindən soruşun. Hakim saat 16-dək fasilə elan etdi. Bizi tökdülər bayıra. Dəhşətli yağış yağırdı, elə bil göydən suyu vedrə ilə axıdırdılar. Vaxt-vədə gəlib çatdı. Məhkəmə zalına daxil olanda Babək Hacıyevi burada gördük. Təəccübləndim. Təkrar tribunaya qalxaraq ifadəsində yanlışlığa yol verdiyini qeyd edən şahid
müstəntiqin ondan rüşvət aldığını söylədi. Bu anda mənim ona nifrətim yox, yazığım gəldi. Başını aşağı dikib tez zalı tərk elədi. Sonra bizə dedilər ki, ağlaya-ağlaya maşına oturub çıxıb getdi.
Beləliklə, hökm oxundu və Rüfət Səfərov 9 il müddətinə azadlıqdan məhrum edildi. Kor-peşiman evə yola düşdük. Maşını mən sürürdüm. Bir azdan Tahirə xalanın ziyarətdən zəngi gəldi. Ağlayırdı. Dedi ki, səhərdən Kəbənin daşlarını, torpağını öpüb yalvarırdım. Allahdan imdad diləyirdim. Tahirə xalanın bu fəryadı ürəyimi param-parça elədi. Qeyri-ixtiyarı hönkürtü ilə göz suyu axıtdım.
Maşını necə idarə etdiyimi bilmirdim. Yol hərəkəti qaydasını pozarkən polis saxladı. Heç bir sənədim yox idi. Yol polisinə vəziyyəti söylədim. Yaxşı yol deyib bizi buraxdı. Maşına oturdum və ikinci dəfə məni yenə ağlamaq tutdu. Bu qədər. Daha yaza bilmirəm…
Əziz dostum və qardaşım, azadlıqda görüşənədək!