Sentyabrın 5-də 10 saylı cəzaçəkmə müəssisəsində AXCP üzvü, dörd ildən çoxdur həbsdə olan Murad Ədilovun məhkəməsi keçirilib. Nərimanov Rayon Məhkəməsinin hakimi Vüsal Qurbanovun sədrliyilə M.Ədilovun vaxtından əvvəl azadlığa buraxılması barədə müraciətinə baxılıb. Bu barədə “Azadliq.info”ya M.Ədilovun qardaşı Natiq Ədilov məlumat verib.
Onun sözlərinə görə, məhkəmədə cəzaçəkmə müəssisəsinin nümayəndəsi də iştirak edib. Onların rəyi belə olub ki, M.Ədilovun töhməti var.
Töhmətin nəyə görə verilməsinə isə Murad özü aydınlıq gətirib və bildirib ki, onu siqaret çəkməyə görə cəzalandırıblar. M.Ədilov bu cəzanın əsassız olduğunu bildirib.
“Muradın himayəsində üç azyaşlı uşağın olması, əvvəllər məhkum olunmaması, ona verilmiş 6 illik cəzanın üçdə iki hissəsinin çəkilməsi… Bütün bunlar qalıb bir kənarda, yapışıblar siqaretə görə verilmiş töhmətdən. Şübhəsiz ki, həmin töhmət bu gün bəhanə kimi istifadə olunmaq üçün verilmişdi”, – deyə N.Ədilov bildirib.
Prokuror da, hakim də töhməti əsas götürüb, M.Ədilovun hələ islah olunmadığı nəticəsinə gəliblər. Məhkəmə müraciəti təmin etməyib.
Nərimanov rayon Məhkəməsinin bu qərarından apellyasiya şikayəti veriləcək.
N.Ədilov deyir ki, əslində, məhz onun jurnalist fəaliyyətinə – “Azadlıq” qəzetindəki yazılarına, “Azərbaycan saatı” televiziya proqramındakı çıxışlarına görə cəzalandırılan qardaşını hökumətin buraxacağıyla bağlı gözləntisi yox idi. Çünki nə özü əvvəlki mövqeyindən geri çəkilib, nə qərar verənlərdə humanizm deyilən hiss var, nə də beynəlxalq təşkilatlar bu məsələlərə həssas yanaşır:
“Ölkəni kriminal, qəsbkar dəstə idarə edir, qanun onlar üçün heç nədir. Bu adamlar üçün nə qanun var, nə insaf. Murada görə ciddi bir təzyiq də yoxdur. “Amnesty İnternational” beynəlxalq insan haqları təşkilatı Muradı “vicdan məhbusu” elan edib. Ancaq bir dəfə bu adama görə nə Azərbaycan hakimiyyətinə çağırış olub, nə adi açıqca göndəriblər. Halbuki, dünyanın müxtəlif ölkələrindən siyasi motivlərlə həbsdə saxlanılan günahsız insanlara məktublar, açıqcalar göndərilməsi təcrübəsi geniş yayılıb. Bu, həmin adamlara da ruh yüksəkliyi verir. Belə olan halda, hakimiyyət onu niyə azad etsin ki? Hamıya məlumdur ki, onun həbsinin əsl motivi mənim fəaliyyətim olub”.
N.Ədilov dörd ildən çoxdur qardaşının heç bir günahı olmadan həbsdə saxlanmasını həm öz ailələrinə, həm mətbuat xidmətinə rəhbərlik etdiyi AXCP-yə, həm də jurnalist olduğuna görə azad mediaya qarşı düşmənçilik siyasəti kimi qiymətləndirir.
“Biz bizə qarşı elan olunmuş müharibəni mütləq qələbə ilə başa çatdıracağıq”, – deyə N.Ədilov vurğulayıb.
M.Ədilov 2014-cü il avqustun 11-də həbs olunub. Narkotiklə şərlənən M.Ədilov 6 il azadlıqdan məhrum edilib.
“Amnesty İnternational” təşkilatı onu “vicdan məhbusu” elan edib.
azadliq.info