Dünən Vəkillər Kollegiyasının yaydığı bəyanatda bu ifadələr diqqət çəkirdi: “ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə 4 vəkilin fəaliyyətinin dayandırılması barədə qərər qəbul olunmuşdur.”
Bu çox ciddi suçlama olduğu üçün açıq mənbələri araşdırdım ki, görüm Kollegiya tərəfindən “yarıtmaz vəkillər” kateqoriyasında təqdim olunan Zatlar kimdir?
Axı cəmiyyət bilməlidir ki, kimlərə etibar etmək olar, kimlərə olmaz.
Onlar məhkəmələrə və prokurorlara ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətməkdə davam edə bilər, vətəndaşların haqqını qoruyan hakim və prokurorlara mane ola bilərlər. Belələrinin adı gərək Kollegiyanın qarşısında qara lövhəyə vurulsun və saytda qara fonda qara şiriflərlə siyahıya salınsın ki, vətəndaş da yüksək hüquqi yardım üçün onlara yox, məsələn intizam komissiyasında olan peşəkarlara müraciət etsin.
Ümumiyyətlə bu google`u da ölkədə bağlamaq lazımdır. Vəkillər Kollegiyası cəzalandırdı sözünü axtarışa verib, cəzalandırılan şəxslərin adlarını axtarsan , qarşına 31 700 nəticə çıxarır. Elə bil ki, Vəkillər Kollegiyası müdafiə qurumu yox, cəzalandırma qurumudur. Vəkillər Kollegiyası gərək Google məhkəməyə verib, reputatsiyasını qorusun, belə olmaz.