Rejim qullları bizim demokratiya bayrağı altındakı mübarizəmizi ali hakimiyyətə qarşı qiyam adlandırır. Qeyd etməliyəm ki, bizim üçün ana vətənimizin vücudunu saran zəncir yalnız mütləqiyyətdən ibarət deyildir. O yalnız birinci və ən möhkəm zəncirdir ki, onu qırıb, xalqı əsarətdən qurtarmalıyıq. Biz cəmiyyətin ikiüzlü və yalançılığa sürüklənməsiylə barışa bilmərik. Uzun illərdi həqiqət xalqın arasında gəzir, özünə yuva axtarır. Hökumət üçün bu həqiqət qılınc kimi kəskindi, od kimi yandırıcıdır. Çünki doğru söz onun boğazını üzər, vücudunu yandırar.
Biz isə hələki xalq olaraq həqiqəti dost hesab edə bilmirik və buna görə də o bizdən gizlənir.
Bizim şüarımız sadədir- “Rədd olsun Monarxiya”, “Rədd olsun zülm”, “Yalana və talana yox”. “Xalqın seçmək və seçilmək hüququ təmin edilsin”, “Xalqa hakimiyətin mənbəyi olmaq imkanı tanınsın” və.s
Göründüyü kimi, biz qiyamçı deyilik. Biz azadlıq, ədalət, demokratiya aşiqləriyik. Nə qədər ki, xalqı qula çevirmək siyasəti davam edir, biz mübarizəmizdən geri çəkilməyəcəyik. Biz həqiqəti gizlədib, ədalətə zərər verməkdənsə, ədalət naminə özümüzü qurban verməyi üstün tutmuşuq.
Hökumət bizə düşmən kimi baxır. Onsuz da bu ölkədə haq-ədalət bərpa olunmayana qədər hər hansı barışıqdan da söhbət gedə bilməz. Biz xalqa xidmət etmək, insanlara sevgiylə yanaşmaq yolunu seçmişik və bunun uğrunda meydana girmişik. Ona görə də ölümün, zindanın üstünə gülə-gülə gedirik.
Əslində bizi qul etmək istəyənlərin özləri ən böyük qula çevriliblər. Çünki onlar mənəvi baxımdan quldular və bu boyunduruqdan xilas ola bilməyəcəklər. Biz isə mənəvi baxımdan çox rahatıq.
Təsadüfi deyil ki, mövcud hakimiyyətin uğrunda ideya mübarizəsi apara biləcək kimsə yoxdur. Hökuməti tarixi ədalətin qamçısından qoruya biləcək heç nə qalmayıb. Hökumət barsız bir ağacı xatırladır. Yalnız şaxələnmiş, boş qol-budaqdan ibarətdi.
Bizim mübarizəmiz isə get-gedə çiçəklənir, inkişaf edir, təravətlənir, parlayır və bu parıltı xalqı bir mərkəzdə birləşdirəcək. Unutmayaq ki, bu məmləkəti xials etmək üçün yalnız özümüzə güvənməliyik. Bizim yolumuz məşəqqətli olduğu qədər də, şərəflidir. Mən bu yolun yolçusu olduğuma görə xoşbəxtəm.
Bütün bəhanələrə arxa çevirərək, düşmənin böhtanlarından qorxmayaraq, Milli Şuraya dəstək olmalıyıq. Başqa çıxış yolu yoxdur.
Rejimin bütün fəaliyyəti cinayətdir, vətəndaşı qul etməyə hesablanıb. Bizim fəaliyyətimiz isə xalqı bu anti-milli kabusdan xilas etməkdir. Biz parçalanmış vətənimizi vahid orqanizm kimi birləşdirəcəyik. Heç bir güc azadlıq eşqiylə yanan bir ürəyi söndürə bilməz.
Bir gün gəlcəək, Qarabağ şəhidlərinin, demokratiya şəhidlərinin, rejimin yarıtmaz siyasətinin qurbanına çevrilənlərin ruhu şad olacaq.
Mən bütün susmuşlara səslənirəm: Zəncirləri qırın, mübarizəyə qoşulun. Öz adınızı tarixin ağ səhifələrinə yazdırın. Unutmayın ki, xəyanətkarları heç kim bağışlamır, tarix lənətləyir.
Orxan Baxışlı
04.09.2018.