Məktəb direktoru bu “borc” məsələsinə görə hədələndiyini deyir
Rüşvət almaqda təqsirləndirilən “Amerikapress.com” saytının rəhbəri Rauf Sultanovun cinayət işi üzrə proses bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilib. Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində Zəminə Əsədova ifadə verib.
Hakim deyib ki, Z.Əsədova müdafiə tərəfinin vəsatəti əsasında məhkəməyə dəvət edilib.
O bildirib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İnformasiya təminatı sektorunda baş məsləhətçi vəzifəsində çalışır. Z.Əsədova dindirilən zaman təqsirləndirilən şəxsi tanımadığını deyib: “Mən Rauf Sultanovun 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almasından xəbərsizəm. İlk dəfə bu barədə mart ayında mətbuatda oxudum. Həmin zaman mənim adımın orada qeyd edildiyini gördüm. Buna görə çox təəssüfləndim”.
R.Sultanov söyləyib ki, N.Məmmədova haqqında mətbuatda məlumatları Z.Əsədova sifariş verib: “Bu iki şəxs arasında prinsip var. Mənə bir xanım zəng edib özünü Zəminə xanım kimi təqdim etdi. O, 187 saylı orta məktəbdə korrupsiya hallarının baş verdiyini bildirdi. Zəminə xanımın üzünü görməmişəm, amma səsini hazırda oxşadıram. Əminəm ki, mənə zəng edən qadın bu xanım – Zəminə Əsədova idi”.
Z.Əsədova təqsirləndirilən şəxsin dediklərini təkzib edib.
N.Məmmədova arayış verən zaman vurğulayıb ki, Z.Əsədova ona zəng edib 500 manat borc pul istəyib: “Mən də məktəbdə olmadığımı dedim. Zəminə xanım isə mənə “utanmırsan, məktəbdə ola-ola yalan danışırsan” söylədi. Buna görə çox utandım. Səhəri günü isə jurnalistlər mənə zəng edib hədələməyə başladı”.
Z.Əsədova isə N.Məmmədovanın sözlərini təsdiqləməyib.
İttiham aktına əsasən(“Report”), Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində R.Sultanov yaşadığı evdə rüşvət alarkən yaxalanıb.
O, 187 saylı orta məktəbin direktoru Nailə Məmmədovadan rüşvət almaqda təqsirli bilinir.
R.Sultanov dələduzluqda təqsirləndirilərək əvvəllər məhkumluq həyatı yaşayıb. Bundan əvvəl o, Cinayət Məcəlləsinin 178.2.4-cü (dələduzluq) maddəsi ilə ittiham edilib.